XƏBƏRLƏR - Şirəli MƏMMƏDOV

      Share

      Hindistanda polislər sapandla silahlanıb

      Tac-Mahal ərazisində xidmət edən Hindistan polisi qeyri-adi silahla – sapandla silahlandırılıb.

      Məlumata görə, onlar məhz bu alət vasitəsilə turistləri meymunların hücumundan qoruyacaqlar.

      Yerli qanunvericilik vəhşi heyvanları öldürməyi və yaralamağı qadağan etdiyindən polis insanları sapandlarla müdafiə edəcək. 

      Qeyd edək ki, Aqrada 10 minədək meymun var. Onlardan təxminən 500-700-ə qədəri Tac-Mahal ərazisində yaşayır. Meymunların aqressiv olmasına səbəb isə turistlərin özləridir. Belə ki, onları yemləyən turistlər qida tükəndikdə heyvanların hücumuna məruz qalırlar.

       

      Hollandiyadan fələstinlilərə qarşı tolerant addım

      Hollandiyada, bu ölkədə yaşayan və 1948-ci ildən sonra dünyaya gələn fələstinlilərin doğum yerlərinin rəsmi sənədlərdə Qəzza və ya İordan çayının Qərb sahili kimi yazılmasına imkan verən qanun layihəsi təsdiqləndi. Bu barədə Hollandiyanın dövlət katibi Raymond Hops Nümayəndələr palatasındakı çıxışında açıqlama verib.

      Buna qədər isə Hollandiya Fələstini dövlət kimi tanımadığı üçün fələstinlilərin doğum yeri İsrail və ya ən yaxşı halda “bilinmir” yazılırdı. Yeni qanuna görə fələstinlilər doğum yerlərini Qəzza zolağı, İordan çayının Qərb sahili və Şərqi Qüds olaraq yazdıra və dəyişdirə biləcəklər.   

       

      “Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır”

      Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalı keçirilib. Qahirə Opera Evində təşkil edilən tədbirdə Azərbaycan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər müsəlman ölkələri iştirak edib.

      İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useymin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şərq və Qərb sivilizasiyasını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. Bunun nəticəsidir ki, Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərin mədəni yaxınlığı daha da sürətləndirdiyini deyən baş katib onun bütün müsəlman xanımları üçün bir nümunə olduğunu bildirib. Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İƏT-in qəbul etdiyi qərar və qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyini və bu mövqeyin dəyişilməz olaraq qalacağını vurğulayıb.

      Tədbirdə İslam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi mərasimi keçirilib və mükafata layiq görülən beş görkəmli müsəlmandan biri də QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə olub.

       

       

      • Hits: 24 clicks

      Tecox component by www.teglo.info