Rüfət ŞİRİNOV - “VƏTƏN OĞLU” OLMAQ ÜÇÜN...

      Share

      İnsanları, millətləri, dövlətləri ayaqda tutan amillərin başında, heç şübhəsiz ki, onlara məxsus milli və mənəvi dəyərlər gəlir. Bu iki dəyər bədən və ruh kimi bir-birinə bağlıdır. Birini digərindən ayırmaq və ayrı düşünmək qeyri-mümkündür. 

      Bir milləti və yaxud dövləti aradan qaldırmaq və ya əsarətdə saxlamaq üçün bu dəyərlər əlindən alınsa, kifayət edər. Ən azı yaxın tarixə nəzər salsaq, görərik ki, Sovet hakimiyyəti öz məkrli amalına çatmaq üçün bizim məhz milli və mənəvi dəyərlərimizi əlimizdən almağa və onları xalqın nəzərində dəyərsizləşdirməyə çalışmışdır. Ancaq adət-ənənəsinə, milli-mənəvi dəyərlərinə sahib çıxan müdrik Azərbaycan xalqı onların tələsinə düşmədi və yetmiş il əsarətdə qalmasına baxmayaraq, öz daxilində gizlətdiyi dəyərləri ortaya çıxartdı, nəticədə, müstəqil bir dövlət ola bildi. Odur ki, hər bir dövlətin güclü olması və sonsuza qədər ayaqda qala bilməsi üçün onun vətəndaşları dəyərlərinə sahib çıxmalı və onu hər yerdə ucaltmaq üçün var gücü ilə çalışmalıdır.

      İnsanın milli və mənəvi dəyərlərinə sahib çıxdığı və qoruduğu müqəddəs məkan vətən adlanır. Varlığının, şüurunun, ənənəsinin torpaq ilə birləşdiyi məkandır, vətən.  Vətən olmazsa, heç bir dəyərdən söz açmaq olmaz. Odur ki, “dəyərlərimə sahib çıxıram” deyən hər bir şəxs birinci növbədə öz vətəninə hərtərəfli sahib çıxmalıdır. Dünyaya nəzər salsaq, vətənindən uzaq qalan və yaxud didərgin düşən insanların öz dəyərlərinə, adət-ənənələrinə sahib çıxmaqda nə qədər çətinlik çəkdiyini, hətta bir müddət sonra bunlardan uzaqlaşdığını müşahidə edirik. 

      Vətən barəsində oxuyan və yaxud yazan kimsə mütləq M.Arazın bu misralarına təsadüf etmişdir:

      Vətən mənə oğul desə, nə dərdim,

      Mamır olub qayasında bitərdim”.

      Deməli, hər yaşayan “vətən oğlu” sayılmır və ola bilmir. Vətən oğlu olmaq üçün milli dəyərlərə sahib çıxmaq, onun üçün özünü fəda etməyə hazır olmaq lazımdır. Sözün əsl mənasında özünü vətənə verməzsən, vətən səni qucaqlamaz. Vətən bizlərə əcdadımızın əmanətidir. Əmanətə sahib çıxmaq hər bir müsəlmanın borcudur. 

      İslam dini bizim mənəvi dəyərlərimizi və milli mədəniyyətimizi formalaşdıran ən əsas amildir. Dinimiz milli dəyərlərimizə sahib çıxmağı, ələlxüsus vətən, bayraq kimi rəmzləri  yad əllərdən qorumağı əmr edir. Vətəninə sahib çıxmağı bacarmayan heç bir millət nə dininə, nə də dilinə sahib ola bilmişdir.

      İslam alimləri vətəni sevməyi imanın bir gərəyi kimi qəbul edirlər. Dini əsaslarda vətən o qədər əhəmiyyət kəsb edir ki, onun uğrunda canından keçən kəs ölü yox, şəhid sayılır. Şəhidlər Allah qatında ölü kimi qəbul edilmir. Onlar xüsusi nemətlərlə mükafatlandırılır. Şəhidlik Allah qatında ən ali dərəcələrdən biridir. Məhz buna görə də o, şəhidlik paltarı ilə, yuyulmadan dəfn edilir. Çünki onun vətən uğrunda tökdüyü qan müqəddəsdir. Şəhidlik o qədər ali bir dərəcədir ki, Hz. Peyğəmbər (s.ə.s) də dəfələrlə dirilib şəhid olmağı arzulamışdır.

      Hz. Peyğəmbərin (s.ə.s): “İki gözə cəhənnəm alovu toxunmaz: Allah qorxusundan ağlayan göz və Allah yolunda keşik çəkib yatmayan göz” (Tirmizi) hədisi də vətən üçün fədakarlığın əhəmiyyətinə diqqət çəkir. Ancaq bunu da unutmamalıyıq ki, vətəni qorumaq sadəcə əsgərlərin vəzifəsi deyil. Hər bir insan bu vəzifəni müxtəlif şəkillərdə yerinə yetirməyə borcludur.

      Vətənə sahib çıxmağın dini nöqteyi-nəzərdən nə qədər ali olduğunu görmək üçün bu hədisi oxumaq kifayətdir: “Allah yolunda bir gün keşik çəkmək dünyadan və dünyadakı bütün nemətlərdən daha xeyirli və dəyərlidir”.(Buxari) Deməli, vətənin müdafiəsi uğrunda çəkilən keşiyin mənəvi dəyəri çox böyükdür.

      Hz. Peyğəmbərimizi (s.ə.s) məkkəli müşriklər Məkkədən qovub çıxardıqları zaman dağın zirvəsindən ona sarı baxaraq dediyi: “Allahın xəlq etdiyi yerlərdən ən çox sevdiyim yer Sənsən. Əgər buranın əhalisi məni zorla çıxartmasaydılar, səndən əsla ayrılmazdım!”  ifadəsi də vətən sevgisinin önəmini göstərən nümunələrdən biridir.

      İslam dini vətən düşmənləri ilə əməkdaşlıq etməyi qadağan etmişdir. Qurani-Kərimdə bu məsələ barəsində belə buyurulmuşdur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!” (Mümtəhinə, 8-9)

      “Vətən oğlu” olub onun uğrunda gözünü qırpmadan canını fəda edən əziz şəhidlərimizin məkanı cənnət olsun. Onların canları bahasına bizə ərməğan etdikləri vətənə sahib çıxmaq təmənnaları ilə...

       

       

      • Hits: 70 clicks

      Tecox component by www.teglo.info