Ən Böyük Möcüzə Qurani-Kərim / Hacı Arif Ceylan

      Share

      Qurani-Kərim Allah tərəfindən son peyğəmbər Həzrət Məhəmməd (s.ə.s)-ə Cəbrail (ə) vasitəsilə (vəhy ilə) 23 il ərzində göndərilən və bəşəriyyətin bütün səadət düsturlarını özündə cəm edən ən müqəddəs və ən son səmavi kitabdır.

      Qurani-Kərim, insanları tək olan Allaha inanmağa, ancaq ona qulluq etməyə çağırır.

      Həyatı zəhərləyən kirli istəklər, xain əməllər, çirkin arzular və pis niyyətlər Quranın şirin səsi önündə əriyib itər.

      Mənəvi kasıblıq səhrasında yanıb qovrulan insana kövsərlər verərək şəfa olar, onu bu sıxıcı həyatın amansız məngənəsində sıxılıb əzilməkdən qurtarar.

      Qurani-Kərim, yer üzündə ən çox oxunan, ən çox əzbərlənən, ən çox yazılan və ən çox çap edilən kitabdır.

      Hafizlər onu əzbərləyir, müfəssirlər şərh edir, müctəhidlər ondan hökm çıxarır, kəlamçılar tövhid dininin təməlini bəyan edir, fiqh alimləri halal və haramı açıqlayır,  vaizlər xalqı doğru yola çəkmək üçün ondan gözəl misallar çəkir, xəttatlar onu gözəl yazmaq üçün bütün istedad və bacarıqlarını ortaya qoyur, ədəbiyyatçılar, onun bəlağətindən bəhrələnirlər.

      Rəsulullah (s.ə.s)-in ən böyük möcüzəsi Qurandır.

      Hədisi-şərifdə buyurulur:

      "Qurani-Kərim çox oxunmaqla, təkrarlanmaqla köhnəlməz, onun heyran qoyması bitib tükənməz, xariqüladəliklərinin sonu yoxdur. Möcüzəsi daimidir."

      Müsəlman körpəsi laylalarla birlikdə onun səsi ilə yetişib böyüyür.

      Axşam yatağına yatarkən anasının ona öyrətdiyi bu duaları oxuyur:

       

      Yatdım Allah, qaldır məni

      Nur içinə daldır məni,

      Can qəfəsdən ayrılınca

      İman ilə öldür məni.

      Yatdım sağıma,

      Döndüm soluma,

      İnandım Sübhanıma,

      Sarıldım Quranıma

                 ***

      Yataram Ya Allah!

      Duraram inşallah!

      Dursam da, durmasam da

      Lə iləhə illallah

      Muhammədən Rəsulullah.

       

      Həzrət Əli (r.a) deyir ki, mən Rəsulullah (s.ə.s)-dən belə buyurduğunu eşitdim:

      "Gələcəkdə  qaranlıq gecə  kimi fitnə olacaq.

      Ya Rəsulallah! Ondan qurtuluş nə ilədir?-dedim. Buyurdu ki:

      Allahın kitabı ilədir.

      Onda sizdən əvvəlkilərin qissələri var, sizdən sonrakıların xəbərləri var, aranızdakının hökmü var.

      O, hakimdir.

      Kim mərhəmətsizlik və qəddarlıq göstərərək onu tərk edərsə, Allah onun belini qırar.

      Kim, ondan başqasında hidayət axtararsa, Allah onu çaşdırar.

      O, Allahın sağlam və güclü ipidir.

      O, ən parlaq bir nurdur.

      O, zikri-hakimdir, doğru yoldur.

      Onunla arzular çaşmaz, dillər dolaşmaz, qarışıqlığa məruz qalmaz, görüşlər parçalanmaz.

      Alimlər ondan doymaz, müttəqilər ondan usanmaz, bezməz.

      .....

      Onun elmini bilən, irəli gedər, ona əsaslanıb:danışan doğru danışar, hərəkət edən mükafat görər, hökm verən ədalətli olar.

      Ona dəvət edən doğru yoldadır. (Tirmizi)

      Qəsəs surəsində buyurulur:

      “(Ya Rəsulum!) De: "Əgər doğru deyirsinizsə, Allahın dərgahından bu ikisindən (Qur’andan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!..." (Qəsəs surəsi, 49)

      Hud surəsində buyurulur:

      "Yoxsa (müşriklər): "Onu (Qur’anı) özündən uydurdu!" - deyirlər. (Onlara) de: "Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın." (Hud surəsi, 13)

      Bəqərə surəsində buyurulur:

      "Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər ("bu, bəşər kəlamıdır" sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi köməyə) çağırın!...” (Bəqərə surəsi, 23-24)

      Günlərin bir günü bir yəhudi Xəlifə Məmunun hüzuruna gəlib gözəl sözlər söyləyir. Məmunun yəhudidən xoşu gəlir və onu İslama dəvət edir. Yəhudi buna rəğbət göstərmir.

      Aradan bir il keçdikdən sonra isə bu yəhudi, müsəlman olmuş halda Məmunun hüzuruna gəlir. Üstəlik fiqhi də gözəl bilirmiş. Xəlifə ondan İslamı qəbul etməyinin səbəbini soruşduqda belə deyir: 

      Sizin yanınızdan çıxdıqdan sonra dinləri yoxlamaq qərarına gəldim.

      Əvvəlcə Tövratla işə başladım. Üç nüsxə yazdım, əlavə və ixtisar edərək bəzisinə qatdım, bəzisinə qatmadım. Üçü də bir-birinə uymadı. Onları satmaq üçün havraya (sinaqoq) apardım. Hamısını aldılar.

      Sonra İncili ələ aldım. Ondan da Tövrat kimi üç nüsxə yazdım və bəzi yerlərini çıxardım. Kilsəyə apardığım İncillər də satıldı.

      Növbə Qurana gəldi. Quranı da əvvəlkilər kimi üç nüsxə yazdım və kitabçılara apardım. Alıb yoxladılar, vərəqlərini çevirdilər, əl qatıldığını görüb heç birini almaılar.

      Başa düşdüm ki, bu kitab, yəni Quran mühafizə olunandır. Mənim müsəlman olmağımın səbəbi bax budur! (Zərqani, Aləl-Məvahib)

       

      • Hits: 1015 clicks

      Tecox component by www.teglo.info