Ramiz MƏMMƏDOV - QAÇQIN OLMAQ

      Share

                  İnsan oxuyaraq öyrənir. Gəzərək öyrəndikləri isə bundan daha mükəmməl olur. Ancaq bir də insanın yaşa dolduqca gördüyü hadisələri öz dünya görüşü və təcrübəsi ilə yorumlayaraq öyrəndikləri var ki, bu, digərlərindən fərqli olaraq hər kəsin öyrənə bilməyəcəyi, daha dərin bir bilik olur. 

      Bu yazımda başıma gələn, üçüncü qismə girən bir hadisəni sizlərlə paylaşmaq istəyirəm.

                  Göyçayın Hacıhətəmli kəndinin orta məktəbində məskunlaşmış olan, 80 yaşlarını haqlamış bir ağsaqqal var. Adı Arif dayıdır. Babamın xalası oğlu olan bu ağsaqqalı bir gün babamla birlikdə ziyarətə getmişdim. Təbii ki, əlli yaşlarında doğma torpaqlarından didərgin düşüb bu gün 80 yaşlarına gəlib çatmış bu iki qoca keçmiş günlərindən qalma xatirələrini   yada salmaq üçün bir danışanda bir də susurdular. Danışdıqları zaman söhbət bir hadisədən getsə də, susmaqla sadəcə ikisinin hiss etdiyi min hadisə ürəklərində və zehinlərində canlanırdı. Onların susaraq bir-birlərinə baxıb ağlamaları bunu anlamaq üçün kifayət edirdi. Artıq onların ürəklərindən keçənləri danışmalarına ehtiyac qalmırdı.

                  Beləliklə, bir neçə saat keçmişdi. Artıq hal-hazırkı günlərini necə keçirdiklərindən, oğul-uşaq, nəvə-nəticə barəsində, ev-eşik haqqında danışmağa başlamışdılar. Arif dayı babama, Bakıda bir ev tikdirdiyini, ora köçəcəyini dedi. Babamın bu fikirlə razılaşmadığını üz ifadəsindən anladım. Sanki ürəyində Arif dayıya belə məzəmmət edirdi: “Ay Arif, niyə üzünü Qarabağa tərəf yox, əks istiqamətə tərəf tutub gedirsən. Bəs biz özümüzü buralarda müvəqqəti olaraq görmürdükmü? Ona görə də bu vaxta kimi  məktəb kimi səsli-küylü, şəraiti olmayan bir yerdə yaşamağa  tab gətirmirdikmi? Bütün bu əziyyətlərə qatlanmağımıza səbəb Qarabağa qayıtmaq ümidimiz deyildimi?” Bu sözləri, əlbəttə, dilinə gətirib demək istəmədi. Ancaq göz yaşlarına hakim ola bilməmişdi.

                  Aradan bir neçə il keçdi. Arif dayının Bakıya köçdüyünü, amma orada təkcə bir neçə ay qala bildiyini, təkrar əvvəl yaşadığı məktəbə qayıtdığını eşitdim. Arif dayının təkrar o məktəbə geri qayıtmağı mənə çox qəribə gəldi. Bəli, Arif dayı Bakıda özünə aid evdə yaşamaqdansa Göyçayın bir kəndindəki məktəbdə yaşamağa üstünlük vermişdi. Bunun səbəbini isə Arif dayı belə izah edirdi: “Mən ikinci dəfə qaçqın düşməyə dözə bilmədim”.

                  Biz böyüklərimizdən, oxuduqlarımızdan öyrənmişik ki, əsl dostluqlar balaca yaşda qurulur. Böyük yaşda belə dostluqları əldə etmək çətindir. İndi Arif dayını bir kənd məktəbində yaşamağa çəkib geri gətirən uşaqlıqdan bəri bir yerdə böyüdüyü, qohum-əqrəbasının yaşadığı bir kəndin camaatı deyildi. Əlli yaşını keçdikdən sonra məskunlaşdığı və sadəcə 17-18 ilini bir yerdə yaşadığı qonşularıydı onu o kəndə, o məktəbə çəkib gətirən. Xeyrində və şərində iştirak etdiyi, sevincli-kədərli günlərində yanında olduğu camaat idi onu o kəndə maqnit kimi çəkən.

                  Bəs yaxşı,  ömür illərinin yanında çox qısa sayılan 17 ilini keçirdiyi, hələ bir də uşaqlıq və gənclik illəri yox, məhz qoca yaşlarını keçirdiyi bir kənddən ayrı düşməyə dözə bilməyən bu qoca adam öz doğma torpağından ayrı qalmağı necə bacarır? Hər halda bunun səbəbi “BÖYÜK ÜMİD”dir. Bu hadisədən aldığım əsas dərs bu oldu ki, insan təkcə öz doğma torpağından qaçqın düşmürmüş. İnsan eyni zamanda qonşusundan, qohumundan, dostundan, el-obasından, qısası, hər şeyi ilə yaşadığı xatirələrindən qaçqın düşürmüş. Arif dayını Göyçaya gətirən də məhz bu dəyərlər idi. Sevincli və kədərli günlərini paylaşdığı insanlardan ayrı qala bilməmişdi. Bu dəyərlər üçün də təkrar məktəbdə əzab-əziyyət içində yaşamağa razı olmuşdu.

                  Həyatda Arif dayı kimi qonşu, qohum-əqrəba, dost-tanışa qiymət verən insanlar olduğu kimi, təəssüf ki, bunun qədrini bilməyən insanlar da az deyil. Xüsusən şəhər həyatında yaşayan insanlar illərlə qonşu olduğu insanları, demək olar, tanımırlar. Daha doğrusu, tanımaq istəmirlər. Belə adamlara Arif dayının dili ilə desək: “QAÇQIN” deməkdən başqa bir şey qalmır.

                  Hz. Peyğəmbər bir hədisi-şərifində qaçqınlığı ölümə bənzədir. Bu sözündə peyğəmbərimiz torpağından ayrı düşməyi qəsd etməklə bərabər, görəsən, qonşuluq, dostluq, yoldaşlıq, qohumluq kimi dəyərlərdən uzaq düşənləri də ifadə etmək istəmişdimi?..

       

       

      • Hits: 82 clicks

      Tecox component by www.teglo.info