Eldar KƏRİMOV - ÖZÜNƏ TOXUN!

      Share

      Sanki güzgüdə  ilk dəfə idi özünü görürdü. Dişlərini fırçalayıb, üzünü yuduqdan sonra yarım saat keçmişdi. Ancaq o hələ də güzgünün qabağında dayanıb özünə mat-məəttəl baxırdı...

       Qarşısındakı güzgüdə arxada qoyduğu illər ərzində görə bilmədiyi birini görürdü elə bil. Şabalıdı gözlərinin dərinliklərində illərlə içərisində yaşamağı xəyal etdiyi bir dünyanı kəşf etmişdi. Bir həftə qabaq öz bərbəri olmadığına görə başqa birinə saçını kəsdirib saçının formasını məhv etdiyinə görə peşman olsa da, indi o haqda heç fikirləşmirdi.  Sadəcə yaşamaq istəyib, yaşaya bilmədiyi bir dünya haqqında düşünürdü.

      Hələ orta məktəbdə oxuyarkən çox hörmət elədiyi tarix müəllimi Rasim müəllimin dediyi bir sözü xatırladı: “İnsan övladı bu dünyada hər şeyi dəyişə bilməsə də, çox şeyi dəyişə biləcək gücdədir”. Rasim müəllimin fikirlərinə görə hər kəsin daxilində tükənməz bir enerji var. İnsan o zaman məğlub olur ki, o öz daxilindəki gücü görə bilmir. İnsan gücü tükəndiyi üçün deyil, gücünün tükəndiyinə inandığı üçün məğlub olur. Bir sözlə, hər şeyin müqəddəratını beynimiz həll edir. Olmaqla ölmək arasındakı seçimi edən, beynimizin daxilindəki müxtəlif hüceyrələrin hərəkətidir. İndi onu başının üzərindəki forması itmiş saç düzümündən çox başının içərisindəki beyninin işləmə mexanizmi maraqlandırırdı. O indi başa düşürdü ki, beyinin çölündəkilərin yaxşı və ya pis olmasına qərar verən beyinin içərisindəkilərdir. Beyinin içərisi nə qədər sağlam və yaxşı düşüncələrlə dolu olarsa, beyinin xaricindəkilərin də özlüyündən yaxşılaşacağı mümkündür.    

      Güzgüdə özünə baxıb düşünmək onu bir az da düşündürürdü. Üzünü silib quruladığı, üzərində qızılı iplərlə naxışlar toxunmuş məhrəba ilə saçının ucundakı tellərdən süzülən son damcıları sildi. Əlindən ətirli sabunun xoş qoxusunu hiss edib yenidən iki əlinin ovcunu burnuna tutaraq nəfəsi bitənədək dərindən qoxladı. Dünənki iş gününün yorğunluğu hələ də canından çıxmamışdı. Gecə rahat yatsa da, gözlərində yuxunun acısını hiss edirdi. Ona görə də üzünü isti yox, soyuq su ilə doyunca yumuşdu. Hər gün səhər  duş almağa adət etsə də, bu gün duş almağa heç həvəsi yox idi. İşə vaxtında çatmaq üçün sadəcə yuyunmaqla kifayətlənmişdi. Ancaq dərin düşüncələr onun hamamdan çıxmasını gecikdirirdi. Düşündüyü üçün düşündüyünü də unutmuşdu.

      Hamamın qapısı yavaş-yavaş döyülərək arxasından həyat yoldaşının nəzakətli səsi eşidildi. “Əzizim, çay hazırdır, yumurtanı bişirim, yoxsa gec çıxacaqsan?” Elə bil yuxudan oyandı. Xəyallar aləmindən real həyata çətinliklə dönüş edib: “Yox, əzizim, sən hər şeyi hazırla, mən də indi çıxıram”,- dedi. O hələ bu məsələ haqqında çox düşünəcəyini anlamışdı. Əlindəki məhrəbanı yerindən səliqə ilə asıb hamamdan çıxdı.

      Uşaq otağının qapısı açıq idi. İçəridə öz yataqlarında oğlu ilə qızı mışıl-mışıl yatırdı. Oğlu Sabir qızı Xədicədən iki yaş böyük idi.  Sabir orta məktəbdə birinci sinifdə oxuyur, Xədicə isə uşaq bağçasına gedirdi. Orta məktəblər qış tətilinə buraxılmışdı. Qardaşı məktəbə getmədiyi üçün Xədicə də gecədən bu gün bağçaya getməyib qardaşı ilə doyunca oynamağı planlamışdı. Oğlu Sabirə canından çox sevdiyi atası Sabir kişinin adını qoymuşdu. Onu sadəcə ona görə yox, həm də ilk övladı olduğuna görə həddindən artıq çox istəyirdi. Balaca Xədicə isə öz şirinliyi ilə özünü valideynlərinə sevdirməkdə qardaşından heç də geri qalmırdı. Xədicənin adını isə nənəsi Məleykə xanım, Həzrət Peyğəmbərin sevib dəyər verdiyi ilk zövcəsi Həzrət Xədicəyə böyük hörmətinin əlaməti olaraq qoymuşdu.

      O, uşaq otağının qapısını örtüb öz yataq otaqlarına keçdi. Səliqə ilə ütülənmiş köynəyini asılqandan götürüb geyindi. Ütülü şalvarı və boz qalstuku da stulun üstünə qoyulmuşdu. Paltarlarını geyinib qurtarmışdı ki, həyat yoldaşı çayları süzdüyünü söylədi. Hər gün olduğu kimi, səhərlər onun üçün qızardılmış iki yumurta, duzlu “çanax pendiri”, qara zeytun və isti pürrəngi şirin çay stolun üstündə onu gözləyirdi. Həyat yoldaşı da özünə bir stəkan çay süzüb onu tək qoymamaq üçün stolda onun qarşısında oturmuşdu. Hər zaman olduğu kimi, səhər yeməyini səssizcə yeyib ayağa qalxdı. Evdən çıxarkən gödəkcəsini geyinib son dəfə özünə göz gəzdirmək üçün yenidən yataq otağındakı güzgünün qabağına keçdi. Otuz il idi ki, özünü güzgüdə gördüyü özünə hələ bugünkü qədər yaxın hiss etməmişdi. Yaşadığı dünyada gördüyü və hiss etdiyi hər şeyə toxunmuşdu, sadəcə özündən başqa. Deyəsən, özünə toxunmaq vaxtı gəlib çatmışdı...       (Ardı var)

       

       

      • Hits: 67 clicks

      Tecox component by www.teglo.info