Dr. Anar Qurbanov - SUAL-CAVAB

      Share

      Sual: Əhd qurbanı toy və yaxud qonaqlıq məclislərində istifadə edilə bilərmi?

      Cavab: Əhd və nəzir qurbanının ətindən...

       əhd edənin yeməsinin caiz olmaması ilə yanaşı, onun həyat yoldaşı, anası, atası, nənə və babaları, uşaqları və nəvə-nəticələrinin, eləcə də varlı olan kəslərin də yeməsi caiz deyildir. Bunlardan başqa digər yaxınları və dini baxımdan kasıb olanlar yeyə bilərlər. Belə olan halda, sözügedən məclislərdə həm varlılar, həm də kasıblar iştirak etdikləri üçün əhd qurbanının ətindən belə yerlərdə istifadə etmək caiz deyil. Onu da qeyd edək ki, əgər belə məclisdə əhd qurbanının ətindən istifadə olunar və özü, onun həyat yoldaşı, anası, atası, nənə və babaları, uşaqları və nəvə-nəticələri və yaxud varlı olan kəslərdən hər hansı birisi yeyərsə, yeyilən miqdarın əvəzi qədər yoxsullara sədəqə verilməlidir.

       

      Sual: Bir şəxs ürəyində and içsə və ya əhd, nəzir etsə, ürəyindən keçirməklə bu and və ya əhd meydana gələrmi?

      Cavab: İslam dininin əsaslarına görə, sadəcə düşünmək və niyyət etmək ilə məsuliyyət meydana gəlmir. Məsuliyyətin və öhdəliyin meydana gəlməsi üçün iradə ifadəsi şərtdir. Belə olan təqdirdə and, yaxud əhd və nəzirin etibarlı olması üçün dil ilə tələffüz edilməsi şərtdir. Odur ki, tələffüz etmədən yalnız ürəkdən keçirməklə and və nəzir ilə bağlı hökmlər meydana gəlmir.

       

      Sual: Ayağı və ya qolu protez olan bir şəxs dəstəmaz alarkən protezini də yumalıdır?

      Cavab: Bir müsəlman qüsl və ya dəstəmaz alarkən, əgər əl, ayaq, qol və diş kimi protez üzvlərini çıxarmaq çətin deyilsə, mütləq çıxarıb onun yerini yumalıdır. Lakin ət və dərinin içinə yerləşdirilmişsə, həm çıxarmağa, həm də həmin süni üzvü yumağa və yaxud məsh etməyə ehtiyac yoxdur.  

       

      Sual: Eyni rükətdə birdən çox surə oxuyuruqsa, onları bir-birindən necə ayırmalıyıq, bu keçid necə edilməlidir?

      Cavab: Ümumiyyətlə, namazda birinci rükətdə “Fatihə” surəsindən əvvəl “əuzü-bəsmələ” deyilir, sonrakı rükətlərdə isə “Fatihə” surəsindən əvvəl yalnız “bəsmələ” deyilir. Ancaq “Fatihə” surəsindən sonra oxunan surələrdə “bəsmələ” deyilmir. Odur ki, “Fatihə” surəsindən sonra oxunan surədən başqa bir surəyə keçid etmək üçün “bəsmələ” deməyə də ehtiyac yoxdur. Ancaq qeyd edək ki, şafeilərə görə, həm “Fatihə” surəsindən sonra, həm də digər surələrə keçiddə mütləq “bəsmələ” oxunur. Çünki onların fikrincə hər surənin başındakı “bəsmələ” həmin surənin ilk ayəsidir. Ancaq hənəfilərə görə, “bəsmələ” müstəqil bir ayə olub surəyə daxil deyildir. Bunun istisnası isə yalnız “Nəml” surəsinin ortasındakı “bəsmələ”dir. 

       

      Sual: Uşaqlara Allahın adlarını qoymaq olarmı?

      Cavab: Valideynin uşaqlarına qarşı olan vəzifələrindən biri də onlara yaxşı və mənalı ad qoymaqdır. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində qiyamət günündə insanların adları ilə çağırılacaqlarını bildirərək belə buyurmuşdur: “Uşaqlarınıza gözəl adlar qoyun” (Əbu Davud, Ədəb 69). Uşaqlara Allahın adlarını qoymaq məsələsinə gəldikdə isə, əvvəla qeyd edək ki, sırf Uca Allaha xas olan adları eynilə uşaqlara qoymaq düzgün deyil. Belə adlar qoyulduqda isə əvvəlinə mütləq “qul və bəndə” mənasına gələn “abd/əbd ” kəlməsi qoyulmalıdır. Məsələn, Allahın qulu və bəndəsi mənasına gələn Abdullah adı kimi (Uca Allahın Rəhman və Rəhim adı da məhz belə adlardandır). Ancaq Allah-Təalanın adlarından olan “Kərim, Lətif, Rauf” və s. kimi insanların da tövsif edilə bildiyi müştərək adlar isə uşaqlara da eynilə qoyula bilər.   

       

      Sual: “Südüm sənə haram olsun, haqqımı halal etmərəm!” kimi sözlərin bir təsiri və məsuliyyəti varmı?

      Cavab: Valideynlərdən birinin asi olan uşağına qarşı dediyi “südümü/haqqımı sənə halal etmərəm” kimi sözləri sadəcə olaraq qorxutmaqdan ibarətdir. Valideynlərin sırf öz tələblərinin və arzularının yerinə yetirilməsi məqsədi ilə övladlarına haqsız mənəvi təzyiq göstərmələri və onların şəxsiyyətlərinə hörmətsizlik etmələri düzgün davranış deyildir. Ümumiyyətlə, belə sözlərin dini baxımdan hər hansı bir qüvvəsi yoxdur. Ancaq qeyd edək ki, digər tərəfdən, uşaqların valideynlərinə qarşı dini öhdəliklərindən biri də halal və mübah olan işlərdə onlara qarşı asi olmamaq və daim hörmət göstərməkdir. Belə olan təqdirdə onlar tərəfindən işlənən sözügedən ifadələrin bir nəticəsi olmasa da, övladların valideynlərinə qarşı hörmək göstərmələri dini bir öhdəlikdir. Çünki Uca Allah “İsra” surəsinin 23-cü ayəsində: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərlə yaxşı rəftar etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə və onlara xoş sözlər söylə! – buyuraraq, valideynlərlə yaxşı rəftar etməyin vacibliyini və zəruriliyi vurğulamışdır.

       

      Sual: Qaranlıq olan bir yerdə namaz qılmaq olarmı?

      Cavab: Namaz qılınan yerin və səcdə edilən yerin gözlə görülməsi və həmin yerin təmiz olduğundan arxayın olunması əsasdır. Bununla yanaşı, səcdə edilən yer gözlə görülməyəcək qədər qaranlıq olsa belə, təmiz olması şərti ilə belə bir yerdə namaz qılmaqda hər hansı bir qəbahət yoxdur və namaz səhihdir.

       

       

       

       

      • Hits: 89 clicks

      Tecox component by www.teglo.info