Mübariz ƏLİOĞLU - İNSANA YALNIZ ALLAH YETƏR!

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

       “Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur”. (Yusuf, 101)

       Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

         Nəfsani istəklərinə kölə olmaqla yanaşı, Rəbbinə nəfsini və sahib olduğu hər şeyini fəda edərək Ona qul olma, onun rizasını qazanma səadəti kimi fərqli bir çalışma mühitində fəaliyyət göstərən insan övladı üçün ya axirəti inkar etdiyinə görə “mənə nəfsim (nəfsani istəklərim) yetər” zillətinin, ya da “mənə hər halımda Rəbbim yetər” diriliyinin yoldaş olacağı şübhəsizdir. Adəm övladının əbədi səadəti üzərinə qəflət pərdəsi örtən qəlb qatılığı, qəlb korluğu onun Rəbbi ilə bərabərlik münasibətlərini nəfsaniyyət zindanının hidayətdən uzaq  guşələrində həbs etdiyi ücün Haqdan ayrılıq pərişanlığının təcili olaraq müalicə edilməsi lazımdır. İnsanı Rəbbindən uzaq tutan bu xəstəliyin  əlamətləri barədə məlumat verən İbrahim bin Ədhəm həzrətləri belə buyurur:

       “Qəlblərimiz üç örtüyə bürünmüşdür. Bu örtülər qaldırılmadığı müddət ərzində qulun qəlbi Rəbbi ilə yaxınlıq mühitinə açılmaz. Bunlar: əlində olana sevinmək, itirdiyinə üzülmək və təriflənməyi sevməkdir. Əlindəkinə sevinən mala-mülkə ehtiraslı olandır. Fani şeylərə düşkün olan isə məhrum kimsədir. İtirdiyinə üzülürsənsə, deməli, əsəbi adamsan. Əsəbi adam isə əzaba düçar olar. Tərifə sevinirsənsə, deməli, özünü bəyənirsən. Özünü bəyənmə isə əməlləri boşa çıxarar”.

      “Allah hər halımızda bizə yetər” kimi səslənən əbədi qurtuluş çağırısına can-könüldən bağlanmama qəbahətinin nələrə səbəb olduğunu hər birimizə anladan Əlaüddin Əttar həzrətlərinin bu müdhiş xəbərdarlığı necə də möhtəşəmdir:

      Hz. Adəm (ə.s) cənnət mənə yetər deyə zənn edincə oradan qovuldu. Çünki ey övladlarım, bilin ki, insana yalnız Allah yetər. Allah-Təala insana daha böyüyünü  vermək üçün onu cənnətdən çıxartdı”.

       “Verdiyimiz misalları ancaq alim olanlar anlayar” (əl-Ənkəbut, 43), - deyə buyuran Rəbbimizin  xəlq etdiyi fövqəladə gözəlliklər və onlara qarşı bitib-tükənmək bilməyən istəklərin cazibəsinə nəfsini fəda etmiş adəm övladının  yaradılış məqsədini idrak etməsi və Rəbbi ilə yaxınlıq rabitəsi qurması həyati əhəmiyyətli bir vəzifədir desək, yanılmarıq. Bu həyati misallar qəflət mühasirəsini yararaq qulu Rəbbindən ayıran bütün fani hədəflərə öldürücü zərbə vura bilən  sözdə və əməldə alim olan kəslərin fəaliyyəti sayəsində qəlbləri hidayət şəfəqlərinin nuruna boyaya bilər. İsimləri naməlum olan Haqq dostlarının Uca Allah (c.c) ilə yaxınlıq həyəcanına qərq olmuş müqayisəsiz həyatları zaman-zaman alim qullara belə müstəsna örnək olmuşdur. Haqqa yaxınlıq sevdasının təsəvvürləri aşan inanılmaz dərəcələrini özündə əks etdirən bu həyat hekayəsi “İnsana yalnız Rəbbi yetər” həqiqətini necə də gözəl açıqlamaqdadır:

       “Məscidi-Harama doğru istiqamət alan Zünnün Misri həzrətləri sütunların yanından keçərkən orada üstü-başı pərişan vəziyyətdə yerdə yatan xəstə bir dəliqanlı görür. Zünnün Misri həzrətləri hadisənı belə nəql edir: “Yanına yaxınlaşıb salam verdim və soruşdum: “Ey dəliqanlı, sən kimsən?”. “Mən qərib bir aşiqəm”,- deyə cavab verdi. “Mən də sənin kimiyəm”,- dedim. Bu sırada dəliqanlı ağlamağa başladı və yanıqlı ağlaması məni də ağlatdı. Mənə: “Sən də ağlayırsan?”- deyə soruşunca, “Mən də sənin kimiyəm”,- deyə qarşılıq verdim. Bunun üzərinə yüksək səslə ağlamağa başlayan gənc hisslərinin şiddətindən ruhunu oradaca Haqqa təslim etdi. Paltarımı üzərinə örtdüm və kəfən almaq üçün oradan ayrıldım. Kəfəni satın alıb gəlincə dəliqanlının meyidini yerində tapa bilmədim. Çaş-baş qalaraq “Sübhanallah” dedim. Baş verənləri könlümdə ölçüb-biçərkən can qulağıma bir nida gəldi: “Ey Zünnün! Çox təsirləndin, elə deyilmi? Yanında can verən qulumuz “Rəbbim mənə hər halımda yetər” həqiqətinin o şəkildə vurğunu idi ki, ona qərib olan dünyada şeytan onu çox axtardı, amma tapa bilmədi. Ey Zünnün! O, Rəbbindən başqa hər şeyə o qədər qərib idi ki, Malik onu axtardı, tapa bilmədi; Rizvan onu cənnətdə axtardı, o da tapa bilmədi.” Həyəcandan güclə özümü ələ alaraq soruşdum: “Yaxşı, bəs o haradadır?” Can qulağıma bu cavab gəldi: “Səmimi məhəbbəti, çox ibadət etməsi və xətalarından dərhal tövbə etməsi sayəsində quluna hər an, hər yerdə yetən, aləmlərin Maliki olan Haqq-Təalanın yanında, sədaqət kürsüsündədir!”.

       Bu dünyada imtahan edildiyində, başına gələnlərdən dolayı qəlbin daraldığında, bütün qapılar üzünə bağlandığında, bu vəziyyətdə nə edəcəyini bilmədiyində səni xəlq edən Rəbbini dərin-dərin düşün və Onun sənə daima yaxınlığını və yardımını möhtəşəm kəlamının qüdrəti işığında xatırla: “Allah quluna (hər halında) kifayət deyilmi?!.” (əz-Zümər,36).         

       

       

       

      • Hits: 87 clicks

      Tecox component by www.teglo.info