İRFANDAN

      Share

      Birliyimiz diriliyimizdir!..

      Hər birimizin uşaqlıqdan etibarən bildiyimiz məşhur bir məsəl var: 

      Bir ata oğluna tək-tək çubuqları uzadır və onları qırmasını istəyir. Oğul da çubuqları bir-bir büküb sındırır. Sonra onları bir iplə bağlayıb topa halda oğluna uzadır və qırmasını istəyir. Bu səfər oğlunun gücü çubuqların hamısını birdən qırmağa yetmir. Beləliklə, ata öz oğluna belə bir dərs keçir ki, birlik olsanız, bir-birinizə arxa-dayaq dursanız, gücünüz birə-min artar, heç kəs belinizi bükə bilməz.

      Bəli, həyat bu reallıqdan ibarətdir.

      Dünyada hansı xalqın öz içində birlik-bərabərlik, yardımlaşma və həmrəylik ruhu varsa, o xalqlar həm öz içində, həm də dünya arenasında xoşbəxtliyi, firavanlığı və digər xalqlar tərəfindən göstərilən hörməti əldə edirlər. Tarixin qədim dövrlərindən etibarən öz dövlətçiliyi ilə tarixə dərin kök salmış olan xalqımız da bu mənada əsaslı, sarsılmaz ənənələrə, milli-mənəvi dəyərlər bütününə sahibdir.

      Üstümüzdən keçən 70 illik sovet basqı dövrünün sonlarına doğru yenidən dirçəlməyə və yüksəlməyə başlayan milli özünüdərkin simvolu olan “31 dekabr”, 1920-ci ildə müstəqillik tariximizdə baş göstərən talehsiz kəsilməyə baxmayaraq,  bu tarixi seyrin məntiqi nəticəsi və sarsılmaz şüarı ola bilmişdir.

      Demokratikləşmə, milliləşmə və müstəqilləşmə istiqamətində inkişaf edən xalq hərəkatı zəminində ilk olaraq Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında  Şimali və Cənubi Azərbaycan arasında milli, irsi, insani və qohumluq əlaqələrinin bərpası məqsədilə baş göstərən etiraz aksiyaları “Sərhəd hərəkatı” adı ilə davam edərək həmrəylik tariximizin böyük dönüş nöqtələrindən birini formalaşdırdı. Xalqın kütləvi şəkildə tikanlı məftillərlə bağlanan sərhədə axın etməsi və əldəki qıt imkanlara baxmayaraq, araya hörülən dəmir çəpəri parçalamağa çalışması bütün azərbaycanı, dünyadakı bütün azərbaycanlıları həyəcanlandırmış, birlik naminə böyük ümidlərin astanasına gətirmişdi. Həmin ilin dekabr ayının 31-də bu hərəkat bütün azərbaycanlıların həmrəylik hərəkatı olaraq anılmağa başlandı. Eyni zamanda 1990-cı il noyabrın 3-5-də Türkiyədə keçirilən Birinci Millətlərarası Azərbaycan Türk dərnəkləri qurultayı da inkişaf etməkdə olan bu xalq hərəkatının davamı olaraq milli birlik və həmrəylik yolunda böyük bir addım atdı. Bu qurultayda 31 dekabr gününün hər il həmrəylik günü kimi qeyd edilməsinin zərurəti irəli sürülmüşdü. Bütün bunları nəzərə alan və xalqın içindəki azadlıq alovunu dərindən hiss edib onların haqlı tələblərinin tərcümanı olan Ümummilli liderimiz Heydər Əliyev başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq elan edilməsinə nail oldu. Naxçıvan MR Ali Məclisinin bu qərarını  əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli  Şurası da 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.

      Tarixi bir həqiqət olaraq o çətin günlərdə alınan bu cəsur qərarın bəndlərini bu gün yenidən xatırlamaq yerinə düşərdi. Belə ki, Naxçıvan Muxtar Republikasının Ali Məclisinin qəbul etdiyi 6 bəndlik qərarda bunlar qeyd olunurdu:

      - 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.

      - Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.

      - 31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilsin.

      - Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər.

      - Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş elmi konfrans keçirsinlər.

      - Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.

      Bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Dünya tarixi boyunca baş vermiş müharibələr, hərbi münaqişələr, təbii fəlakətlər, müxtəlif ictimai-siyasi proseslər və dürlü-dürlü müsibətlər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. Bu gün dünyanın hər bir ölkəsində, hər bir ucqar nöqtəsində azərbaycanlı bir soydaşımızla qarşılaşmağımız adi bir hal almışdır. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar.

      Bu tarixi bayram günü uzun zaman bir-birinə həsrət qalan bütün azərbaycanlıların bir-biri ilə birlik və həmrəylik arzularını yenidən qanadlandıran simvolik nişan olsa da, milli özünüdərkin ildən-ilə möhkəmlənməsində və keçmişindən güc alaraq gələcəyə addımlayan gənc nəsillərin yaddaşında təkrarlanaraq həkk olunmasındakı töhfələri əvəzolunmazdır. Unutmayaq ki, təkcə milli zəmində deyil, dini dəyərlərimizi də mənimsəyərək bütün dünya müsəlmanları ilə qucaqlaşa bilən, daha böyük bir ailəyə mənsub olduğunun şüurunda olan bir gənclik gələcəyimizi əmanət edəcəyimiz ən etibarlı ümid yerimizdir.

       

       

       

      • Hits: 62 clicks

      Tecox component by www.teglo.info