Adem ŞAHİN - HÜZUR AXTARIRAM

      Share

      Bişkekə təzə gəldiyim vaxtlarda dostlarımdan: “Burada halal, təmiz bir yeməkxana varmı?” – deyə soruşmuşdum. Qırğızıstana Çindən və Hindistandan donmuş ət gətirilərək satılır. 

      Amerikadan da toyuğun təkcə budları şoklanmış halda gətirilir. Qazax və qırğızlar at ətinin yeyilib-yeyilə bilməyəcəyinin fitvasını soruşurlar. Çin və Hindistandan gələn qoyun və mal ətinin yanında at əti Həzrət İbrahimə endirilən qoç kimi təmizdir.

      “Hüzur” adında bir yeməkxananın olduğunu dedilər. Sahibi əhli-qiblə biri imiş. Yeməkxananın içində namaz üçün kiçik bir otaq da ayırıbmış. Elə yeməkxanaya verdiyi addan onun necə bir dünya görüşünə sahib olduğunu təxmin etmək olur. Yaddaşında “Hüzur küçəsi” adlı bir roman olan nəsillər üçün, əlbəttə, “Hüzur yeməkxanası” cəlbedici gələr. 

      Hüzur yeməkxanasında yeyilən yeməklər çox ləzzətli olmasa da, xüsusilə ətin halal olmasında diqqətcil olmaları səbəbi ilə üstünlük verdiyimiz bir yer halına gəldi. İnsan niyə yeməkxananın adını “Hüzur” qoyar? Heç kimin ata-anasının, nənə-babasının adı “Hüzur” deyil. Yeməkxana sahibinin soyadı da “Hüzur” deyil. Bu ad haradan çıxıb? Mənə elə gəlir ki, mahnılarda niyə ən çox eşqdən, məhəbbətdən bəhs olunursa, yeməkxananın adı da eyni səbəblə “Hüzur” (rahatlıq, xoşbəxtlik) olub. 

      Müzəffər Ozak əfəndi: “Cibindəki pulun əbədiyyən sənin olmasını istəyirsənsə, o pulla acları doyur, imkansızları geyindir, ağlayanların göz yaşını sil”, - deyərdi. Bunları eləmək hüzur səbəbidir. Xəstə ziyarətindən yetimlərlə maraqlanmağa, böyüklərə hörmət göstərməkdən ehtiyac sahiblərinə əl tutmağa qədər hər bir yaxşılıq insanın qəlbinə fərəh verər. Hüzuru dünyadakı heç bir həkim reseptə yaza bilməz, heç bir aptekdə hüzur satılmaz. Hüzur gümrahlaşdırar.

      Bir vaxtlar “Hüzur İslamda” deyə bir şüar var idi; maşınların arxa şüşələrinə yapışdırardılar. İndi bu sözlər əvvəlki qədər işlədilmir. Görəsən, daha hüzura ehtiyac qalmayıb? Yoxsa hüzurun yoxluğuna vərdiş eləmişik?

      Hüzur çoxluqda deyil, tənhalıqdadır. Hüzur kiminlə bərabər olduğundan asılı olaraq azalar, yaxud artar. Hədis çalışmaları səbəbi ilə günlərlə evinə qapanan Abdullah b. Mübarəkə: “Bu yalnızlıqdan sıxılmırsan?” – deyə sual verirlər. Belə cavab verir: “Hz. Peyğəmbər və əshabı ilə birlikdə ikən necə yalnızlıq çəkə bilərəm?”

      Günlər, həftələr keçdi, aylar, illər ötdü…Hüzur ilə hüzursuzluq gecə ilə gündüz kimi biri digərini əvəzlədi. Hüzuru tapan tapdı, tapa bilməyən də tapa bilmədi. Amma hüzur və hüzursuzluq daim var oldu.

      Hüzur yeməkxanasının sahibinin bir az daha böyük bir yer götürüb restoran açdığını eşitdim. Restoranın çölünə də, içinə də baxdım; nə Türkiyənin, nə də Qırğızıstanın ab-havası var idi. Bişirilən yeməklər türk ağız dadına uyğun olsa da, millilikdən və yerlilikdən nəsibinin olmadığı görünüşündən bəlli olurdu. Deyək ki, görünüş mühüm deyil, amma yeni ad beynimə ilişib qaldı: “City kafe”

      Nə edəcəyimi bilmədim. Tipinə görə itirmişdi, razıydım, amma ad olaraq da itirməsi heç yaxşı olmadı. Birinci iş yeri “city” olub indi adını “hüzur” qoysaydı, deyərdim ki, sahibi dinə qayıdıb, zikrə başlayıb dərvişlik yoluna girib. Amma “hüzur”dan “city”yə keçəndə nə deyim bilmədim… 

      City (şəhər) sözü mənə gurultu, tüstü, mərhəmətsizlik və çoxmərtəbəli binaları xatırladır. “City” sözünün ərəbcəsi “mədinə”dir. Mədinə isə, əksinə, dinclik, hüzur və barışı xatırladır. Acı, zülm və göz yaşı “city”də olar, “mədinə”də olmaz. “City”də olmaq problem deyil. Əsas məsələ “city” içində yaşayıb “mədinə”də qala bilməkdir. Kassa, masa və nisa (qadın) imtahanını keçmək asan deyil.

      Kassa, masa və nisa sahibi olanlar niyə ilk əvvəl adlarını dəyişməyə başlayır? Kaş ki, dəyişən təkcə adlar olaydı. Bu yaxınlarda oxuduğum bir tweet: “məgər bizim təqva dediyimiz şey pulsuzluq imiş”, - deyə bitirdi. Pulsuz olduğumuz zamanlarda “hüzur” demək rahatdır. Pul olanda isə city ilə mədinə arasında qalırsan. Mədinə hüzurdur; hüzuru olmayan mədinə city olur. İslam şəhərləri mədinədir; Muhamməddən, məhəbbətdən nəsibi olmayan şəhərlər isə city.

      “Bir qövmə bənzəyən onlardandır” hədisi-şərifini niyə təkcə “yeni il”də xatırlayırıq. Restorana “City kafe” yazaraq kimə bənzəmiş oluruq? Dinimiz saç-saqqalda belə müşriklərə bənzəməyi qadağan edərkən (Buxari, Libas, 64) qoyduğumuz adlara necə baxar?! 

      ABD-nin Hollywood üçün ayırdığı büdcənin silah sənayesinə ayrılan büdcədən ikiqat çox olduğu deyilir. Filmlərlə, seriallarla, musiqilərlə diqtə edilən mədəniyyət onlara təslim olmuş “manqurt” cəmiyyətlər olaraq bəhrəsini verir. Ordularla işğal edilən bir ölkədə insanlar birləşərək düşmənə qarşı müqavimət göstərə bilərlər. Amma işğal edildiyinin fərqində olmayan insanlar əsla bir müdafiə strategiyası hazırlaya bilməz.

      İbn Xəldunun “Məğlub olanlar qalib gələnləri təqlid edərlər” sözü məşhurdur. Bu sözlə ətrafımızdakı adları və hadisələri daha yaxşı qavraya bilərik. City kafenin önündən keçərkən yadıma hüzur içində keçən günlərim düşür. İşıltılı “City kafe” yazısına “müharibə öləndə deyil, düşmənə bənzəyəndə uduzular” deyən Aliya İzzətbeqoviçi xatırlayaraq baxıram. Bənzəmədiyimiz, əzilib-büzülmədiyimiz nə qaldı ki?!

       

       

       

      • Hits: 163 clicks

      Tecox component by www.teglo.info