Nurlan MƏMMƏDZADƏ - SƏNİN ÜÇÜN

      Share

      Qurban ibadətini yerinə yetirərkən oxunması müstəhəb olan bir dua var: “De: “Mənim namazım, digər bütün ibadətlərim, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”. 

      Ənam surəsinin 162-ci ayəsində yer alan bu dua Rəbbimizin şəxsən Hz. Peyğəmbərə təlqin etdiyi və söyləməsini istədiyi bir cümlədir. Bir cümlədən ibarət olan bu dua mahiyyətinə varanlar üçün əslində yaşanan bir ömrün qayəsidir. Qurban insanın Allaha təqdim etdiyi və bu səbəblə də həmin an Yaradana fövqəladə yaxınlığın hasil olduğu bir ibadətdir. Məhz belə bir anda oxunan bu ayə edilən ibadətin hansı şüurla əda olunmasını təlqin edir. Allahın varlığını qəbul edən möminin həyat tərzi məhz bu ayədə buyurulduğu kimi olmalıdır. İnsan oğlu hər işində, hər əməlində Rəbbinin rizasını düşünməlidir. Bütün bədən dilimiz, eləcə də qəlbimiz bu gerçəyi söyləməlidir:

      Namazım Sənin üçündür. Həzrət Peyğəmbər namazın dinin dirəyi olduğunu bildirir. İslamın şərtləri sayılarkən Kəlmeyi-şəhadətdən sonra namaz ibadəti gəlir. Qiyamət günü də hesaba çəkilərkən insandan soruşulacaq ilk əməl onun namazı olacaqdır. Hədisi-şərif namazı olmayanın dininin naqis olduğunu xəbər verir.

      İbadətin məqbul olmasının şərti ixlasla əda edilməsinə, niyyətin xalisliyinə bağlıdır. Hər gün qıldığımız beş vaxt namazda duruşumuzla, zahiri və batini varlığımızla, qəlbimizdən keçirdiyimiz duyğularla bu gerçəyi ifadə etməliyik: “Ya Rəbb, namazım Sənin üçündür. Səndən başqasının önündə ikiqat əyilmirəm, Səndən qeyrisinə - dünya mənfəətinə, pula-paraya, sərvətə, şan-şöhrətə, qarşı cinsə olan şəhvətimə, Səndən uzaqlaşdıracaq heç bir varlığa səcdə etmirəm”.

      Digər bütün ibadətlərim Sənin üçündür. İbadətlərin başı olan namazı bu şüurla qılan insan digər ibadətlərini də Allah üçün əda edər. Ya Rəbb, orucum Sənin üçündür. Yalnız Sən əmr etdiyin üçün digər vaxtlarda halal qıldığın nemətlərdən əlimi çəkirəm. Aclıqdan qıvransam da, susuzluq atəşi məni yandırsa da ağzıma bir qurtum su, bir tikə çörək qoymaram.

      Verdiyim zəkatsədəqəm Sənin üçündür. Verdiklərini Sənin yolunda xərcləmək mənə ən böyük şərəfdir. Məni ətrafımdakı yoxsullardan məsul sayırsansa, “qapıya gələni geri çevirmə”, “onların malında yoxsul və məhrumun haqqı var” buyurursansa, hər şeyim bu yolda fəda olsun, ya Rəbb! Bəxş etdiklərini Sənin yolunda xərcləməkdən daha gözəl nə ola bilər?! Bir halda ki, verdiyim sədəqə kasıbın əlinə keçmədən Sənə yüksəlir və onu sən qəbul edirsən, elə isə ən yaxşısını verməliyəm. Həm də yüksək ədəb-ərkanla. 

      Həccim Sənin üçündür. Yalnız Sən əmr etdiyin üçün qara örtüyə bürünmüş bu daş binanın başına dolanıram. Kəbəni təvaf edişimlə, Səfa-Mərvə arasında gedib-gəlməyimlə, Minada şeytanla birlikdə bütün nəfsani arzularımı daşlamağımla, Ərəfatda hüzuruna duruşumla bir daha Sənin qulun olduğumu etiraf edirəm. Sən mənim Rəbbin, mənsə Sənin aciz qulunam. Ləbbeyk Allahummə ləbbeyk: - Hüzurundayam, Allahım, buyur! Sənin şərikin yoxdur, həmd Sənədir. Nemət və mülk yalnız Səndəndir…   

      Kəsdiyim qurban Sənin üçündür. Çünki qurban Allaha təslimiyyətdir. Hz. İbrahimlə oğlu Hz. İsmayılın ilahi əmrə itaətinin qiyamətədək davam edəcək simvoludur. İbrahim Xəlil kimi mən də hər şeyimi Sənə qurban etməyə hazıram.

      Verən Sənsən, alan Sənsən, qılan Sən.

      Nə verdinsə odur, dəxi nəmiz var?!      

      Elə isə mən də vermiş olduqlarını Sənin yolunda fəda edə biləcəyimi kəsdiyim qurbanla sübut edirəm. Kəsdiyim qurbanla qulluğumu isbat edir, Sənə verdiyim sözü, Səninlə bağladığım əhdi tuturam. Madam ki hər şey Səndəndir, yoluna fəda olsun! Çünki

      Həyatım da, ölümüm də Sənin üçündür. Bunu söyləmək üçünsə yuxarıda sadalananları yaşamaq şərtdir. “Ürəyim təmizdir” deyib ibadəti əhəmiyyətsiz sayanlar, sahib olduğu nemətləri başqaları ilə bölüşə bilməyənlər, toplum üçün faydalı olmayanlar həyatı və ölümü Allaha həsr edə bilməzlər. Qurani-Kərim həyatı və ölümü Allaha həsr etməyin Yaradanla alış-veriş etmək olduğunu xəbər verir: “Allah, şübhəsiz ki, möminlərin canlarını və mallarını vəd edilmiş cənnət müqabilində satın almışdır…” (ət-Tövbə, 111) Cənnətin yolu malı və canı Allaha fəda etməkdən keçir. Onun rizasını qazanmaq istəyənlər hər şeyləri ilə ilahi əmrə boyun əyib “ləbbeyk” deməlidirlər. Çünki təslimiyyət tərəddüd qəbul etmir. Həzrət İbrahim bıçağı İsmayılın boğazına çəkərkən zərrə qədər tərəddüd etmədi. Hz. İsmayıl da bıçağın altına girərkən zərrə qədər ehtiyat etmədi. Çünki onlar bütün varlıqları ilə “Namazım, digər bütün ibadətlərim, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” gerçəyini yaşayırdılar. 

      Fərd və cəmiyyətin səadəti bu ayəyə iman edib, gərəyi kimi yaşamaqla mümkündür. Həzrət Peyğəmbərin qurduğu əsri-səadət cəmiyyətinin hər bir fərdi həyatı bu düstur üzrə yaşayırdı. Hz. Əbu Bəkrin sədaqət və təslimiyyətinin təməlində bu şüur vardı. Hz. Ömərin ədalət anlayışı bu imanla zirvələşmişdi. Hz. Osmanın həya və comərdliyi, Hz. Əlinin şücaəti bütün varlıqları ilə bu ayəyə iman etmələrinə bağlı idi. Musabın təbliğ və təlim eşqi, Əbu Übeydənin əmin oluşu, Həmzənin cihad ruhu, kiçik Ənəsin xidmət həyəcanı “həyatım və ölümüm aləmlərin Rəbbi Allah üçündür” ayəsi ilə maya tutmuşdu. Bir mömin hər dəfə qurban kəsərkən bu ayəni oxuyaraq özünü, fikirlərini, düşüncə tərzini yeniləmiş olur. Çünki dünya və axirət səadəti Allaha qurban olmaqla mümkündür.      

       

      • Hits: 17 clicks

      Tecox component by www.teglo.info