Səfa MURADOV BİR HƏDİS

      Share

      عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: رَحِمَ اللَّهُ رَجُلًا سَمْحًا إِذَا بَاعَ، وَإِذَا اشْتَرَى، وَإِذَا اقْتَضَى

      Cabir ibn Abdullahdan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Satarkən, alarkən və borcunu istəyərkən asanlıq göstərən kimsəyə Allah rəhm eləsin". (Buxari, Büyu, 16)

      İslam dini Allah ilə insan arasındakı ibadət əlaqələrində olduğu kimi, insan ilə insan arasındakı ictimai münasibətlərdə də asanlıq göstərməyi tövsiyə edir. Buna görə də asanlıq göstərmək İslam dininin ən önəmli xüsusiyyətidir. Qurani-Kərimin müxtəlif ayələrində və Rəsulullahın (s.ə.s) bir çox hədislərində dinin asanlıq olduğu bildirilir. Dinin asanlıq olması: Quranın və sünnənin bildirdiyi əsaslara tabe olub dinin əmrlərini çətinləşdirməməkdir. Qeyd olunan hədisi-şərif də insanlar arasındakı ən önəmli ictimai əlaqə vasitəsi olan alış-veriş əsnasında asanlıq göstərməyi tövsiyə edir.

      Quranın və sünnənin bildirdiyi bu əsaslara inanan hər bir müsəlman insanlarla olan münasibətlərdə (gündəlik davranışlarında) asanlaşdırma prinsipini daima ön planda tutmalıdır. Xüsusilə də alış-veriş və borcludan borcunu istəyərkən bu prinsip daha da önəm qazanır. Çünki cəmiyyətdə yaşayan insanların, demək olar ki, hamısı bu vasitələrlə ehtiyaclarını təmin edirlər. Bu mənada asanlıq göstərmək onların möhtac olduqları zəruri ehtiyacları təmin etməyə kömək edəcəkdir.

      Bundan əlavə, alış-verişdə asanlıq göstərmək möminlər arasındakı dostluq və qardaşlıq bağlarını gücləndirən vasitələrdəndir. İnsanların əksəriyyətinin zəruri ehtiyaclarını təmin edə bilməyəcək qədər kasıb olduğu ölkələr, günümüzdə də dünya əhalisinin əksəriyyətini təşkil edir. Bu səbəblə də alış-verişdə insanlara qarşı anlayışlı hərəkət etmək və asanlıq göstərmək yaxşılıq və xeyirli işlərin önəmlilərindən sayılır. Rəsulullah (s.ə.s) belə davrananlara dua etməkdədir ki, onun duasının rədd edilməyəcəyinə hər mömin şübhəsiz inanır: “Allah Təala sizdən öncəki ümmətlərdən bir nəfəri bağışladı. Çünki o, satarkən asanlaşdırar, alarkən asanlaşdırar və borcludan borcunu istədiyi zaman asanlaşdırmağa üstünlük verərdi”. (Tirmizi, Büyu, 74; İbn Macə, Ticarat, 28) Tirmizi və İbn Macənin rəvayət etdikləri hədisdə Allahın bu kimsəni cənnətinə qoyduğu qeyd edilmişdir.

      Alış-veriş insanlar arasında davamlı olaraq dövr edir. Bu səbəblə də alış-verişdə çətinlik göstərməyib asanlığı ön planda tutmaq və bunu bir dəfəyə məxsus deyil, hər zaman diqqətə almaq İslamın önəm verdiyi bir məsələdir. “Asanlaşdırın, çətinləşdirməyin; müjdələyin nifrət etdirməyin”, (Buxari, Elm, 11; Müslim, Cihad, 3) -buyuran bir peyğəmbərin davamçısı olan bu ümmətin təkcə alış-verişdə deyil, həyatın hər bir sahəsində bu əsas üzərində birləşmələri birlik-bərabərlik və qardaşlıq adına önəmli nəticələr ortaya çıxaracaqdır.

       

       

      • Hits: 120 clicks

      Tecox component by www.teglo.info