Kamran MƏMMƏDOV SİRAT

      Share

      “Sirat” kəlməsi ərəb dilində “yol”, “küçə”, “keçid” kimi mənalara gəlir. Qurani-Kərimdə sirat daha çox “müstəqim” (doğru)  ifadəsi ilə birlikdə, Allahın razılığına uyğun olan və Ona çatdıran tövhid və İslam dini mənasında işlədilmişdir:

      “Kim Allaha güvənsə, şübhəsiz, doğru yola (sirati-müstəqimə) çatdırılmışdır”. (Ali-İmran, 101)

      “Şübhəsiz, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. O halda yalnız Ona ibadət edin. Bu, doğru yoldur (sirati-müstəqimdir)”. (Ali-imran, 51)

      Sirat məhşər yerindən etibarən Cəhənnəmin üzərindən keçərək Cənnətə qədər uzanan bir körpüdür. Bu körpü həşr günü Cəhənnəmin üzərində qurulacaq. Mömin, günahkar, kafir hər kəs bu körpüyə gələcəkdir. Cənnətə gedə bilmək üçün bundan başqa yol yoxdur. Oradan keçmək üçün yaxşı əməlləri kifayət etməyənlər Allahın əmri ilə çəkilib Cəhənnəmə salınacaqlar. Yaxşı əməlləri ağır gələnlər günahlarına görə bir az yara almış olsalar da, siratı keçəcəklər. Bəzi möminlər isə günahları səbəbilə bu yolu illərcə sürünərək keçəcəklər. Siratdan keçiş əsnasında Peyğəmbərimiz (s.ə.s) sirat üzərində “Qurtar! Ey Rəbbim! Qurtar!”- deyə möminlər üçün dua edəcək. (Müslim, İman, 84/329).

      Əbu Səid əl-Xudridən rəvayət olunan bir hədisi-şərifə görə,  Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:

      “Məhşərdə mühakimə və mühasibə işlərindən sonra Cəhənnəmin üstündə bir körpü (sirat) qurulacaq. Allah şəfaətə icazə verər. (Möminlər): “Ey Allahım! Bizi qurtar”,- deyə dua edərlər…'' (Tirmizi, Qiyamə  9/2432)

      Əbu Hüreyrə Peyğəmbərimizdən (s.ə.s)  belə rəvayət edir: “Cəhənnəmin ortasına sirat (körpüsü) qurulacaq. Oradan peyğəmbərlərdən ümmətləri ilə birlikdə keçənlərin ilki mən olacağam. Peyğəmbərlərdən başqa, o gün kimsə danışa bilməz. Peyğəmbərlərin sözləri də: “Ey Allahım! Qurtar! Qurtar!”- olar”. (Buxari, Azan 129)

      Əbu Səid el-Xudrinin rəvayət etdiyinə görə, sirat körpüsü tükdən incə, qılıncdan itidir. Siratın uzunluğu min illik yoxuş, min illik eniş və min illik də düzlükdür. Bu məsafə bəzi insanlar üçün belə olacaq. Hər bir kimsənin bu məsafəni keçməsi əməlləri ilə mütənasib bir zamanda olacaq. Bəzi üləmaya görə, siratın tükdən incə, qılıncdan iti olduğuna dair rəvayətlər bu körpünün üzərindən keçmənin çox müşkül və çətin olduğundan xəbər verir.

      Sirat üzərində hər bir möminin təkcə özünün faydalanacağı bir nuru vardır. Bu nurdan başqası faydalana bilməyəcək. Heç kim başqa bir kimsənin nuru içərisində gedə bilməyəcək.

      Uca Allah belə buyurmuşdur:

      “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (sirat körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (ət-Təhrim, 8)

      “O gün (qiyamət günü, ya Peyğəmbər!) mömin kişilərin və qadınların (səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını (sirat körpüsü üstündə onlara yol göstərdiyini) görəcəksən. (Mələklər onlara deyəcəklər:) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!”  (əl-Hədid, 12)

      Bu ayələrdə yer alan “möminlərin nurları” ifadəsi ilə onların saleh əməlləri səbəbilə meydana gələn nur nəzərdə tutulur. Xüsusi ilə bu nur sirat üzərində onları aparacaq və əmin-amanlığa çıxaracaq. Münafiqlər qaranlıqda qaldıqca bəzi möminlər onların halına baxıb öz aqibətləri barəsində narahat olacaq. Belə kimsələrin halı Qurani-Kərimdə bu şəkildə ifadə olunur:

       “O gün (siratda) münafiq kişilərlə münafiq qadınlar möminlərə: “Bizi gözləyin, nurunuzdan bir az işıq alaq”, - deyərlər. Onlara: “Qayıdın geriyə və bir nur axtarın!”- deyilər. Nəhayət, onların arasına bir qapısı olan və içində rəhmət, çölündə əzab olan bir divar çəkilər”. (əl-Hədid, 13)

      Başqa bir ayədə Allah-Təala belə buyurmuşdur:

      “Sizlərdən heç bir kimsə yoxdur ki, oraya (Cəhənnəmə) baş çəkməmiş olsun. Bu, Rəbbin üçün dəqiqləşmiş bir hökmdür. Sonra biz iman edib pisliklərdən çəkinənləri qurtararıq. Zalımları da diz üstü çökmüş olaraq orada buraxarıq”. (Məryəm, 71-72)

      Bir rəvayətə görə, cənnətlik möminlərin Cəhənnəmi görmələri üzərindəki siratdan keçmələrindən ibarətdir. Hər kəs bu körpüyə gələcək. Cənnətə gedənlər üstündən keçərək gedəcək, Cəhənnəmə girəcək olanlar da buradan düşərək girəcəklər. Möminlərin Cənnətə gedən yollarının Cəhənnəmdən keçməsindəki hikmət: sevinclərinin çoxalması, xilas olduqları üçün şükürlərinin artması və kafirlərin buna şahid olaraq kədərlərinin çoxalmasıdır.

       

       

      • Hits: 122 clicks

      Tecox component by www.teglo.info