MÖHTƏRƏM USTAD OSMAN NURİ TOPBAŞ: SÜNNƏ OLMADAN QURANI ANLAYA BİLMƏRİK!

      Share

      İrfan: Rəbbimiz Qurani-Kərimi insanların oxuyub həyata tətbiq etmələri üçün nazil etmişdir. Qurani-Kərimi doğru anlamaq üçün nələrə diqqət etməliyik? Məal oxumaq kifayət edərmi?

      - Qurani-Kərim bizim qaynaq kitabımızdır. Onun anlaşılması üçün təfsirə ehtiyac var. Hətta təfsiri də anlaya bilmək üçün təməl biliklərə ehtiyac var. Sadəcə məal oxuyaraq Quranı anladığını zənn etmək tibb kitabı oxuyan bir adamın özünü müalicə etməyə çalışması deməkdir.

      - İnsanlar arasında belə bir sual dolaşır: Qurani-Kərim on dörd əsr əvvəl nazil olmuşdur. Quranın nazil olduğu dövrlə bugünkü şərtlər bir-birindən böyük ölçüdə fərqlənir. Elə isə zamanın dəyişməsi ilə Qurani-Kərimin anlaşılmasında fərqlilik ola bilərmi? Və ya elmi səviyyənin yüksəlməsi Quranın anlaşılmasına nə qədər təsir edir?

      - İslamdan əvvəlki dinlərin hökmü zamanın dəyişməsi ilə müəyyən dəyişikliyə uğramışdır. Allah-Təala göndərdiyi peyğəmbərləri vasitəsi ilə zamanın şərtlərinə görə bəzi hökmləri dəyişmişdir.

      Lakin İslam qiyamətədək davam edəcək sonuncu dindir. Ona görə də Rəbbimiz Qurani-Kərimi bəşər övladının qiyamətə qədər qarşılaşacağı bütün ehtiyaclara cavab verəcək mahiyyətdə göndərmişdir.

      Quranın elm nöqteyi-nəzərindən ecazkarlığı da qiyamətədək davam edəcək yeganə haqq kitab olmasının sübutudur.

      Müasir elmlər Qurani-Kərimdə xəbər verilən bir sıra həqiqətləri təsdiq edir. Bu baxımdan Quran öndən gedir, fənn elmləri və kəşflərsə onun ardından gəlir. İstər embrioloji kəşflər olsun, istər daktiloskopiya sahəsindəki yeniliklər olsun, hər biri Quranı doğrulamaqdadır. Dünyanın yuvarlaq olması, Günəş və Ayın hərəkəti kimi bir çox həqiqət hələ 14 əsr bundan əvvəl Quranda buyurulmuşdur. Halbuki bütün bunlar həmin əsrdə bilinməyən gerçəklər idi. Elmi kəşflər Quranda buyurulan heç bir ayəni inkar edə bilmədi, əksinə, onu təsdiq etmək məcburiyyətində qaldı. Bu, qiyamətə qədər belə də davam edəcək.

      Quran qiyamətə qədər bəşəriyyətin bütün ehtiyaclarına cavab verəcək haqq kitab olduğu üçün onun nəss dediyimiz hökmlərinin dəyişməsi mümkün deyil.

      Zamanla yaranan yeni ehtiyaclara görə Quran və Sünnə ehtivasında edilən ictihad qapısı isə qiyamətə qədər açıqdır.

      Zamanın şərtlərinə görə ictihadlar dəyişə bilər, lakin onların əsaslandığı nəslər əsla dəyişməz. Müctəhidlər yalnız Kitab və Sünnə ehtivasında ictihad edə bilərlər.

      Hz. Peyğəmbər də möminlərin bəzi dini məsələlərdəki ictihad fərqliliklərinin ümmət üçün rəhmət olduğunu bəyan etmişdir.

      Məsələn, Allah Rəsulunun zamanında ticarət hüququ necə idi, bugünkü ticarət hüququ necədir? Kitab və Sünnə bugünkü şərtlərin meydana gətirdiyi ticari həyatı da tənzim etməlidir.

      Məsələn, pulun eyni cinsdən olan pulla miqdar fərqi ilə dəyişdirilməsi haramdır. Pulla mülkün dəyişməsi isə halaldır.

      Ticarətdə bu üç xüsusun bilinməsi şərtdir:

      Qiymət, mal, cins, vədə/zaman. Bu üçü olarsa məşrudur.

      Bugünkü ticari hüquqda da bu ehtivada ictihadlar var.

      Amma heç vaxt faizə halal deyə bilmərik. Lakin nələr faizdir, nələr deyil? Bəzi şeylər faizə yaxın görünsə də faiz deyil. Bəzi şeylər faizdən uzaq görünsə də əslində faizdir…

      Başqa bir misalı müharibə hüququndan verək. Məsələn, keçmişdə döyüşdən sonra ölən-qalan bəlli olurdu. İndi isə məchuldur. İnsanlar itkin düşür. Ailəsi nə edəcəyini bilmir. Görəsən, qayıdacaqmı, qayıdacaqsa neçə il sonra qayıdacaq? Arxada qoyub getdiyi miras bölüşdürülməlidirmi, bölüşdürülməməlidirmi? Yoldaşı evlənə bilərmi, bilməzmi? Bütün bunlar ictihada bağlıdır.

      Bir sözlə, nəslər dəyişməz, ancaq Quran və Sünnə çərçivəsindən kənara çıxmayan ictihad qapısı qiyamətədək açıqdır.

      Quranın hökmlərini nazil olduğu əsrə aid sayaraq bu günümüzü tənzimləyə bilməyəcəyini qəbul etmək tarixsəlçilik adlanan azğınlıqdan başqa bir şey deyil. Quranın bəzi hökmlərini sanki tədavüldən qaldırmaq, haşa, Allahın elm və iradəsinə nöqsanlıq izafə etmək bədbəxtliyidir. Bu, eynilə xristianlıqda olduğu kimi, dinin içini boşaltma layihəsinin İslama tətbiqinə xidmət edən təhrif hərəkatıdır.

      - Quran və Sünnə buyurdunuz. Quran-Sünnə bütövlüyünü necə anlamalıyıq?

      - Ədilleyi-şəriyyə, yəni dinimizin şəri dəlilləri 4-dür:

      Kitab, Sünnə, İcma və Qiyas.

      Birinci şəri dəlil olan Qurani-Kərimdə saysız ayələr insana dinin həqiqətini, ibadətlərin təfsilatını, halal və haramları Həzrət Peyğəmbərin bəyan və elan edəcəyini bildirir.

      Əhməd bin Hənbəl (r.əleyh) 33 ayeyi-kərimədə Allah Rəsuluna itaətin təkrarlandığını xatırladaraq Sünnənin dindəki yerini ortaya qoymuşdur.

      Peyğəmbərimizin ağzından çıxan hədislərin mahiyyətini bu ayeyi-kərimələr necə də gözəl ifadə edir:

      “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. (ən-Nəcm, 3-4)

      Həzrət Əli (r.a) belə deyir:

      “Rəsulullah (s.ə.s)-in ayağa qalxdığını gördük, biz də ayağa qalxdıq, oturduğunu gördük, biz də oturduq”. (Əhməd, I, 83)

      Əshabi-kiram yaxşı bilirdi ki, Allah Rəsulunun etdikləri Allahın istədikləridir. Onun müəllimi və mürəbbisi Allah-Təala idi. O, özündən danışmaz, yalnız Allahdan gələni təbliğ edərdi.

      Bu ayədə Allah-Təalanın yanında Rəsulullahın da dində hökm qoyma səlahiyyəti açıq-aşkar ifadə edilir:

      “…(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər…” (əl-Əraf, 157)

      “…Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…” (əl-Həşr, 7)

      “Kim Rəsula itaət edərsə, Allaha itaət etmiş olar...” (ən-Nisa, 80)

      “(Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın…” (Ali-İmran, 31)

      Quran və Sünnə bir-birindən ayrılmaz iki əsasdır.

      Xüsusilə bu gün özünü haqq carçısı kimi qələmə verən və “Quran bizə yetər” deyən, beləcə, Quranın canlı təfsiri olan Sünneyi-Səniyyəni gözdən salmağa çalışan qaragüruha qarşı ayıq-sayıq olmalıyıq.

      Tabeun nəslinin fiqh və hədis alimlərindən Əyyub əs-Sahtiyani (r.əleyh) belə buyurur:

      “Bir adama Sünnədən bəhs edildikdə əgər “Bunları bir kənara qoy, bizə Qurandan xəbər ver”, - deyərsə, bil ki, həmin adam özü yoldan çıxmış, insanları da azdırmağa çalışır”.[1]

      Qurani-Kərim Peyğəmbərimizin qəlbinə nazil olmuşdur.

      Quranın ilk və ən səlahiyyətli müfəssiri də Həzrət Peyğəmbərdir.

      Qurani-Kərim Rəsulullahın 23 illik nəbəvi həyatı ilə təfsir edildi. Allah Rəsulunun qəlbindən hissə almadan, Onun əxlaqı ilə əxlaqlanmadan, Sünnəsinə tabe olmadan Quranı anlamaq və yaşamaq mümkün deyil.

      Həmçinin namaz, oruc, zəkat və həcc kimi İslamın rüknü olan ibadətlərin bütün təfsilatı hədisi-şəriflərdə bildirilmişdir. Qurani-Kərim namazın vaxtlarını, rükətini, rüknlərini və namazı pozan şeyləri bildirməmiş, bütün bunları tamamən Peyğəmbərimizin sünnəsinə həvalə etmişdir.

      Zəkatın hansı mallardan, hansı şərtlərlə və hansı nisbətdə veriləcəyi də Quranda yer almır. Bunları Rəsulullahdan öyrənirik.

      Həqiqətən, Quranın həyata necə tətbiq olunacağını Sünnə vasitəsi ilə öyrənmək mümkündür. Məsələn, ölü əti yemək haramdır, amma tutulandan sonra öz-özünə ölən balığın yeyiləcəyini Sünnədən öyrənirik. Cümə namazı Quranda əmr edilir, amma nə vaxt və necə qılınacağını Sünnədə görürük.

      Unutmamalıyıq ki, Hz. Peyğəmbərin sünnəsi Quranla necə əməl edəcəyimizi göstərən yeganə rəhbərdir. Bu gün Sünnəyə edilən etirazların hədəfi əslində Qurani-Kərim və İslam, dolayısı ilə Allahdır.

      Tabeun alimlərindən Abdullah bin Deyləmi (r.əleyh) belə deyir:

      “Mənə gələn məlumatlara görə, dinin yox olub ortadan qalxması Sünnənin tərki ilə başlayacaqdır. Kəndirin lif-lif sökülüb nəhayət tamamilə qopduğu kimi, din də sünnələrin bir-bir tərk edilməsi ilə əldən çıxacaq”. (Darimi, Müqəddimə, 16/98)

      Deməli, Sünnə düşmənçiliyinin hədəfi İslamın içini boşaltmaqdır.

      Daha əvvəlki dinlərin də pozulması belə olmuşdu. Əvvəlcə peyğəmbərlərinin sünnəsini tərk etmiş, daha sonra etiqad və ibadətlər təhrif olunmuşdur.

      Unutmayaq ki, məzhəblər Sünnənin, Sünnə də Quranın mühafizəçisidir.

      Bu səbəblə İslam elmlərinin ixlas və təqva ölçüləri ilə tədris ediləcəyi müəssisələr qurmaq və bu qurumları yaşatmaq şərtdir. Həmçinin hədis üsulu və bu kimi elmləri haqqı ilə bilən və müdafiə edəcək təqvalı alimlər yetişdirmək vacibdir.

       



      [1] Hakim, Mərifətu Ulumil-Hədis, s. 65; Xatib əl-Bağdadi, əl-Kifayə fi İlmir-Rivayə, s. 16.

       

      • Hits: 96 clicks

      Tecox component by www.teglo.info