Müşfiq XƏLİLOV RAMAZANI UĞURLARKƏN

      Share

      Ramazan hər il yenidən gələn bir mədəniyyətdir. Qaranlıqlara işıq saçan bir Günəşdir. Möminlər üçün rəhmətdir. Gəldi və gedir...

      Ramazan orucla, Quranla, təravihlə, iftarla, sahurla, dua ilə dopdolu olan bir şəfaət ayıdır. Gəldi və gedir...

      Gedərkən bizə oruc ibadəti ilə yumşalmış bir ürək, Quranla gözəlləşmiş bir dil, zəkatla təmizlənmiş bir sərvət qoyaraq gedir. Yenidən qayıtdıqda bizi eyni gözəlliklərdə görmək ümidi ilə gedir.

      Elə isə bizə düşən əsas vəzifə Ramazanı yola saldıqdan sonra da gözəl əməllər etməyə davam edərək bu halımızı qoruyub saxlamaqdır. Əks halda Qurani-Kərimin rəhmət və şəfasından, namazın nurundan, orucun işığı və bərəkətindən məhrum olmuş olarıq ki, bu da müsəlman üçün çox acınacaqlı bir haldır. Çünki həqiqi müsəlman yalnız Ramazanda deyil, hər zaman halal və harama diqqət edən, namazını qılan, istiqamət üzrə olan kimsədir. Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: “Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!”  (əl-Hicr, 99)

      Müsəlman olan hər kəs daim yaşadığı ömrünün hesabını aparmalıdır. Xüsusilə Ramazanı yola saldıqdan sonra özümüzü hesaba çəkərək bunları düşünməliyik: Bu oruc ayında tutduğumuz oruclar, oxuduğumuz Quranlar qiyamət günündə bizə şəfaət edəcəkmi?

      Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Bir kimsə Allah rizası üçün oruc tutarsa, Allah-Təala onunla cəhənnəm arasında yer və göy arası boyda bir xəndək açar(Tirmizi, Savm 567) -   buyurur. O zaman gəlin düşünək görək; oruclarımızı Cəhənnəmə əngəl olacaq şəkildə tuturuqmu?

      Bu mübarək ayda küsülü olduğumuz din qardaşımızla barışdıqmı? Onlara qarşı ürəyimizdə olan kin və küdurəti atıb çıxardıqmı?

      Həşr surəsinin 10-cu ayəsində qeyd edildiyi kimi: “Bizim qəlblərimizdə möminlərə (mömin qardaşlarımıza) qarşı kinə (həsədə) yer vermə!” - deyə dua edə bildikmi?

      Ramazan ayı gedərkən  hər kəs özünü hesaba çəkməlidir: “Mən bu mübarək ayda nə kimi savab işlər gördüm və ya imkanım olduğu halda hansılarını etmədim?!” Xüsusi ilə bu şərəfli ayda qıldığımız namazları, oxuduğumuz Quranı Ramazanla bərabər yola salaraq: “Sizə yaxşı yol, ey məscid, namaz, Quran; mən tətilə çıxıram, gələn Ramazanda görüşərik”,- deyən müsəlmanlar daha çox düşünməlidirlər.

      Ramazan ayı bizdən ayrılarkən sanki bizə belə səslənir:

      “-Ey müsəlmanlar, bir ətrafınıza baxın. Hər gün qılınan cənazə namazları bizi haqq-hesab gününə addım-addım yaxınlaşdırır.

      Tökülən yarpaqlar, yağan yağmurlar, əsən küləklər bizi hesab verməyə bir az daha yaxınlaşdırır.

      Uca Rəbbimiz bir ayədə bizə belə xəbərdarlıq edir:

      “İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”. (əl-Ənbiya, 1)

      “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!”  (əl-Qiyamə, 36)

      Bunun üçün həm dünyamızı, həm də axirətimizi qazanmaq məcburiyyətindəyik. Yalnız dünyanı qazanmaq bizi həqiqi mənada xoşbəxt edə bilməz. Həqiqi xoşbəxtlik hər ikisi üçün də çalışmaqla olur. Bu baxımdan axirət üşün çalışmağı yalnız Ramazan ayına həsr  etmək böyük bir xəta olar. “Mən  müsəlmanam” deyən kimsə bu xətaya düşməməlidir. Peyğəmbərimiz (s.ə.s): “İnsanların ən xoşbəxti və ən xeyirlisi ömrü uzun və əməli gözəl olandır” (Tirmizi, Zöhd 21,22)  buyuraraq  xeyirli və xoşbəxt olmağı yaxşı əməllər işləyərək uzun ömürlü olmağa bağlamışdır. İlin on bir ayında məscidlərə gəlməyib yalnız Ramazan ayında ibadət etməklə gözəl əməl işlənmiş sayılmaz. Müsəlman yalnız Ramazanda müsəlman olan kimsə deyil. Həqiqi müsəlman hər zaman və hər yerdə ilahi əmrləri yerinə yetirən insandır.  

      Son söz Allah Rəsulunundur (s.ə.s):

      “Ağıllı kimsə nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı kimsə isə nəfsinə, həva və həvəsinə uyan kimsədir”. (Tirmizi, Qiyamə 25)  

       

      • Hits: 149 clicks

      Tecox component by www.teglo.info