Mühacirətdəki ananın ağladan məktubu

      Share

      Ölmüş övladları arasında Səfadan Mərvəyə qaçırmış kimi çarəsizcə çırpınan bir ana…

      “Əfəndim!

      Sənə bu məktubu oğlum İsmayılın qələmi ilə yazıram. Onun əlləri ilə yazmaq istəyərdim, əfəndim. Onunla eyni qələmi tutub sənə məktub yazmağın xəyalını qurardıq…

      Əfəndim, mən İsmayılını itirmiş Həcərəm. Mən ölmüş övladları arasında Səfadan Mərvəyə qaçırmış kimi çarəsizcə çırpınan Həcərəm…

      Əfəndim, indi sənə tutunub yeriməyə başlayan bir Hüseyinim var. Bir də övladlarına bayramlıq almağa gedən və bir daha geri dönməyən şəhid anadan mənə əmanət qalan dörd yetim var evimdə.

      Əfəndim, elə gözəldirlər ki, elə şirin təbəssüm edirlər ki üzümə, onların bayramlığı mənim şəfqətim oldu. Anaları üçün darıxanda sıra ilə baş örtüsünü qoxlayırlar… Sıra ilə Fatihə oxuyurlar… Əfəndim, onlar mənə əmanətdir. Ah!..

      Yetim qəlblər arasından göz yaşı süzülən bir örtük kimi zərifdir. Bəzən öz aralarında danışırlar, şahid oluram mən də, şahid olduqca, anaları şəhid olur və cənnətə şəhid analar yağır, bilirəm…

      Elə bir yoxluq hökm sürür ki, əfəndim, qazanda qaynatdığım daşlardan məzar daşı düzəltmişəm… Elə bir yoxluq ki, əfəndim, eyni tabuta üç ceyran baxışlımı sığdırdım.

      Elə bir yoxluq ki, əfəndim, hamısının son nəfəsi qırılmış pəncərəmdə buxar oldu. Və elə bir yoxluq ki, göz yaşımla övladlarımın dodaqlarını isladıb yola saldım cənnətə…

      Əfəndim, bizim də vətənimiz var idi. Bizim də zəfərlərimiz, qonaq getdiyimiz yerdən qayıdarkən başını çiynimizə söykəyib yatıb qalan övladlarımız var idi.

      Bir tərəfimizdə Aminə analar var idi, övladlarından Emin, bir tərəfimizdə də mərhəmətlə bəsləyən Həlimə analar...

      Süfrələrimizdə əskilməyən boşqablar, evə sağ qayıdan atalarımız var idi. Bizim də məscidlərimizin üstündə Ramazanı müjdə verən, vurulmamış mahyalarımız var idi…

      Əfəndim, indi səni görə bilmədən evinə qayıtmış Üveysin hüznü var üzümüzdə.

      İndi quşlarla səf tutub əzbərlədikləri Fatihəni analarının ardından oxuyan yetimlər qaldı.

      İndi vətən torpağı kimi sarıldığımız Ənsar qardaşlarımız yeganə təsəllimizdir. Bu Ramazanda İsmayılı olmadan ilk orucunu tutmuş Həcərəm.

      Bilirəm ki, hüzn orucundakı bir ananın iftar sevincidir, övladının şəhadəti.

      Əfəndim, biz tərk etmədik, hicrət etdik. Biz qınamadıq, dua etdik. Və biz mərhəməti Hira dağı kimi olan qardaşlarımıza sığındıq. Bir səbrimiz, bir qardaşlarımız, bir də şükür səcdəmiz yanımızda idi.

      Sən ki Vəda təpələrində səni gözləyən Ənsarın sevinci idin. Biz də bir gün vətənimizə geri qayıdıb vəfa təpələrində görüşəcək olan məzlum ümmətinik.

      Əfəndim, Sən gedərkən bizi bir-birimizə əmanət etmişdin. Yetimlər bizə əmanət, qardaşlıq bizə əmanət, söz bizə əmanət, biz Ənsara əmanət…

      Ya Rəsulallah! “La ilahə illallah de”, deyərək cənnətə yola saldığımız ceyran baxışlı balalarımız da sənə əmanət… İsmayılların yarasını Həcər kimi, ana kimi saracaq olan Emin sənsən!

      Bu gün Ənsar qardaşlarımızın üzündəki orucu oxudum, əfəndim!

      Orucun üzünə bənzəyən o məsum simaları oxudum, əfəndim!

      Oruc məzlumları incitməməyə and içməkdir. Oruc qardaşlığa sadiq qalmaq andıdır. Oruc nəfsimizi dağlamaq andıdır.

      Ramazan – qəribləri unutdurmayan mərhəmət mövsümü.

      Əfəndim, mən İsmayılını torpağa tapşırmış Həcərəm. Bu məktubu onunla birlikdə yazmaq xəyalını qurmuşduq. O sənə Hələb küçələrində pişiyi “Qərib”i necə əlindən buraxdığını və necə itdiyini yazacaqdı. Mən də sənə öz qəribliyimi…

      Əfəndim, bilmirəm ki, onu şəhadət qədər gözəl çağıra bildimmi, onun o cənnət kölgəsi olan bədənini vətən torpağı qədər gözəl sara bildimmi, alnındakı o şəhadət tərini hilal qədər gözəl silə bildimmi?!..

      Əfəndim!..

      Qəlbim qırıqdır, hər yanım hüzn dolu… Tək təsəllim budur ki, bu rəhmət ayında səhranın səssizliyinə bürünmüş qəlbimiz yaxşılıqla və yaxşı insanlarla qarşılaşmağa niyyət etdi. Sənin mərhəmətinin kölgəsini geyindik əynimizə, gözləyirik…

      Gözləyirik, əfəndim…

       

      • Hits: 165 clicks

      Tecox component by www.teglo.info