155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Əziz SULTANOV- Qardaş köməyinə dəvət

      Share

      Dünya tarixində müharibə və fəlakətlər heç vaxt əskik olmayıb.

       Lakin XX əsrdə baş verənlər daha əvvəlki dövrlərdə baş verənlərdən həm miqyası, həm də acınacaqlı yönləri ilə xeyli fərqlənməkdə idi. Çünki bu səfər bir-iki böyük dövlət deyil, yer üzündə nə qədər güc sahibi ölkə varsa, demək olar ki, hamısı tərəf seçərək bir-biri ilə qarşı-qarşıya gəlmişdi. Yer üzü böyük bir döyüş meydanına çevrilmişdi.

      Bu baxımdan 1918-ci ildə baş verənləri doğru analiz etmək üçün təkcə Azərbaycan daxilində baş verən hadisələrə baxmaq kifayət etməz. Qafqaz və Anadolu coğrafiyası elə qarışıq bir dövrdən keçirdi ki, o dövrdə Bakıdan İstanbula getmək istəyən bir kimsə hər an yolunu kəsən rus, ingilis, fransız, hind, anzak (avstraliyalı), afrikalı, hər hansı bir millətin əsgəri ilə qarşılaşa bilərdi. Hər dövlət öz sərhədlərini bir az daha genişlətmək, gələcək üçün daha münbit torpaqlardan pay qopartmaq məqsədi ilə bütün ordularını, silah-sursatını səfərbər edərək son damla qanına qədər mübarizə aparmaq əzmində idi.

      1914-cü ildə başlayan Dünya müharibəsi hələ 1918-ci ilin sonlarında bitəcəyinə görə, 1918-ci ilin əvvəli böyük bir müharibənin ortasında həyatda qalmaq üçün mübarizə aparmaq demək idi. Hegemon dövlətlərin zəif gördüyü hər şəhəri, hər kəndi böyük ordularla zəbt etdiyi bir atmosferdə müstəqil qalmaq, onların heç birinin təsirində qalmadan var olmaq necə də çətin idi.

      Azərbaycan ilə Osmanlı dövləti arasındakı yaxın münasibətlər 1900-cü illərin başından etibarən çox yüksək səviyyədə idi. Belə ki, Osmanlının daxil olduğu Balkan müharibələrində, Çanaqqala döyüşündə bir çox azərbaycanlı könüllü olaraq ordu sıralarına daxil olmuş və türk qardaşlarına yardım üçün canını əsirgəməmişdi. Bu yardımın bir gün azərbaycan ərazisini də içinə alacağı gözlənilməz deyildi. Amma nəhəng Rusiya imperiyası Qafqaz sərhədlərini əlindən gəldiyi qədər möhkəmlətdiyi üçün dünyanın onlarla ölkəsi ilə müharibə şəraitində olan Osmanlının belə bir təşəbbüsə yiyələnməsi çox çətin idi.

      1917-ci ildə hadisələrin seyri gözlənilmədən dəyişdi. Müharibənin nəhənglərindən olan Rusiya döyüşdən, xüsusilə də Qafqaz cəbhəsindən çəkilmək məcburiyyətində qaldı. Daxilində baş verən inqilab böyük imperiyanı dünyanın digər ölkələrindən əlini çəkərək öz dərdləri ilə boğuşmağa vadar etmişdi. Bu zaman Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi üçün münbit bir şərait yaranmışdı. Hələ müharibə bitmədiyinə görə, digər nəhənglər Rusiyanın zəiflədiyi bölgələrə gözlərini dikərək baş verən hadisələri diqqətlə izləyirdilər. Kiçik bir ehtiyatsızlıq bu səfər ölkənin başqa bir nəhəngin əsarətinə düşməsinə səbəb ola bilərdi. Hər şeyi çox diqqətlə ölçüb-biçmək, divləri oyatmadan azadlıq bayrağını göylərə yüksəltmək lazım idi.

      Müstəqilliyin elanı 1918-ci ilin may ayında baş tutmuş olsa da, bunun üçün izlənilən incə siyasi xəttin 1917-ci ildən başladığını görürük. Rusiyadakı inqilabdan cəsarətlənən Bakıdakı bolşevik-erməni qüvvələri öz hakimiyyətlərini elan etmiş və bütün Qafqazı ələ keçirmək üçün Yevlax istiqamətində hərəkətə başlamışdılar. Buna baxmayaraq, milli qüvvələr azadlıq ümidlərini itirməmiş, bu səpkidə çalışmalara başlamışdılar. Belə ki, Qafqazda mərkəzi Tiflis olan və Azərbaycan-Gürcüstan-Ermənistanı içinə alan federativ bir dövlət elan olunmuş olsa da, bu dövlət bölgələrə hakim ola bilmirdi. Tezliklə dağılacağı aşkar idi.

      1917-ci ilin noyabr ayında Mosulda yerləşən 6-cı türk ordu komandanlığına Gəncədən bir heyət göndərildi. Həmin nümayəndə heyəti xahiş etdi ki, vəhşiliklər törədən erməni silahlı dəstələrinin fəaliyyətinin qarşısının alınmasında türk hərbi qüvvələri müəyyən yardımlar etsinlər. Türkiyə (Osmanlı) tərəfi vəziyyəti yerində araşdırmaq üçün bölgəyə üç zabit göndərdi. Onlar Azərbaycanın həqiqətən də hərbi yardıma ehtiyacı olduğunu təsbit etdilər. Həmin ilin dekabr ayında Gəncədə milli ordu quruluşu işlərinə başlansa da, maddi çətinliklər və təlim keçəcək zabit heyətinin olmaması bu işin davam etdirilməsinə imkan vermədi.

      Daha sonra Batuma və Trabzona ayrı bir heyət göndərildi və yardım tələbi təkrarlandı. 1918-ci ilin yanvar ayında yola düşən bu heyətin başında Nağı bəy Şeyxzamanlı vardı. Trabzondakı görüşmələrdən sonra bu barədə mərkəzə xəbər verildi. Ənvər paşa Nağı bəyi paytaxta – İstanbula dəvət etdi. Baş nazir Tələt paşa və hərb naziri Ənvər paşa ilə görüşlərdən sonra tamamilə müstəqil bir türk dövlətinin qurulması şərti ilə edilən yardım tələbi qəbul edildi. Lakin bunun hüçün beynəlxalq hüquq müstəvisində bir yol tapmaq lazım idi. İlkin tədbir olaraq isə hərbi quruculuq işlərinə yardım etmək üçün Nuru paşa bir dəstə zabit ilə Qars-Ərzurum-Naxçıvan yolu ilə Gəncəyə göndərildi.

      May ayının 28-də müstəqillik elan edildikdən sonra artıq Batumdakı Azərbaycan heyəti müstəqil bir dövlət olaraq Osmanlı tərəfi ilə müqavilə imzaladı və hərbi yardım tələbini rəsmi olaraq ifadə etdi. Yalnız bundan sonra Qafqaz İslam Ordusunun dəstələri Borçalı bölgəsindən keçərək Qazaxdan Azərbaycan ərazisinə daxil oldu və paytaxtın – Bakının qurtarılması üçün hərəkata başladı.

      • Hits: 209 clicks

      Tecox component by www.teglo.info