Müşfiq XƏLİLOV- Bəraət gecəsi

      Share

      Şaban ayı mübarək üç aylardan ikincisidir. Şaban ayının önəmli bir xüsusiyyəti də "Bəraət gecəsi"nin bu ayın on beşinci gecəsinə təsadüf etməsidir.

       Bəraət borcdan və günahdan qurtulmaq mənalarına gəlir.

      Duxan surəsində Uca Allah  belə buyurur:

      "Ha-mim! Halal ilə haramı açıqca bildirən bu Kitaba and olsun ki, şübhəsiz, biz onu mübarək bir gecədə nazil etdik. Biz onunla xəbərdar etməkdəyik. O elə bir gecədir ki, hər hikmətli iş tərəfimizdən çıxan bir əmrlə ayrılır (qərara bağlanır). (əd-Duxan, 1-4)

      Bu gecəyə Bəraət gecəsi deyildiyi kimi mübarək gecə və rəhmət gecəsi də deyilməkdədir. Ayədə keçən "Mübarək gecədən məqsəd Qədr gecəsidir" deyənlər olduğu kimi, “Bəraət gecəsidir” deyənlər də vardır.

      Qədr surəsindəki ayələrlə bu ayələr arasında ziddiyyət yoxdur. Belə ki, bəzi təfsir alimlərinə  görə, Qurani-Kərim məhz Bəraət gecəsində  Lövhi-Məhfuzdan dünya səmasına nazil edilmiş, Qədr gecəsi isə hissə-hissə endirilməyə başlamışdır.  Yenə də hər şeyi ən yaxşı və doğru  bilən Allahdır.

      Bu gecədə nafilə yaxud qəza namazı qılanların, ümumiyyətlə, ibadət məqsədi ilə xeyir və gözəl işlər edənlərin, darda qalanlara yardım edənlərin cənnətlə müjdələnməsi, cəhənnəm əzabından, şeytanın hiylə və tələlərindən qurtulması Allahın rəhmətindən umulur. Bu gecə ilə əlaqədar xüsusi bir namazın və ibadətin olduğuna dair rəvayətlər olsa da, bunlar mötəbər mənbələrdə yer almadığından bunlara şərtlənməyə ehtiyac yoxdur. Bu gecə bol-bol qəza namazı, nafilər namazlar qılına bilər.

      Bu gecə rəhmət enər, Uca Allah bu gecə hədisi-şərifdə buyurulduğu kimi Kəlb qəbiləsinin qoyunlarının tükünün sayı qədər qullarını bağışlayar.

      Bu gecə Peyğəmbərimizə şəfaət haqqının hamısı verilmişdir. Belə ki, rəvayətlərə görə, Peyğəmbərimiz (s.ə.s) Şaban ayının on üçüncü gecəsi Uca Allahdan ümməti üçün şəfaət haqqı istədi, üçdəbiri verildi; on dördündə üçdəikisi, on beşində də hamısı verildi. Bu şəfaətdən hər kəs istifadə edə biləcək, ancaq dəvə qaçırmış kimi Allahdan qaçanlar xaric.

      Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur:

      "Şaban ayının 15-ci gecəsi ilahi rəhmət bütün dünyanı doldurar və hər kəs bağışlanar. Ancaq haqsız yerə müsəlmanlara düşmənlik bəsləyən və Allah-Təalaya şərik qoşan məğfirət olunmaz". (Beyhəqi, V/345)

      Hz. Aişə anamız (r.anhə) deyir ki:

      “Bir gecə Rəsulullah (s.ə.s) qalxdı və  namaza durdu, nəhayət, səcdəyə vardı. Səcdəsini o qədər uzatdı ki, mən ruhunun alındığı (yəni vəfat etdiyi) qənaətinə gəldim. Qalxdım, yanına getdim.

      Barmağına toxundum, canlı olduğunu görüncə geri döndüm. O əsnada səcdədə olan  Rəsulullah (s.ə.s)   Allaha yalvararaq belə dua edirdi:

      “- Allahım! Əzabından əfvinə sığınıram, qəzəbindən razılığına sığınıram, Səndən yenə Sənə sığınıram. Səni Sənin özünü öydüyün kimi əsla öyə bilmərəm, Səni ancaq Sən layiqincə öyə bilərsən, Zatına yaraşan tərifi ancaq sən edərsən, Allahım!..”

      Rəsulullah başını səcdədən qaldırdı, namazını tamamladı və dedi:

      - Ey Aişə! Bilirsənmi bu gecə hansı gecədir?

      - Allah və Rəsulu daha yaxşı bilir, - dedim.

      “Bu gecə  Şabanın yarısı, yəni on beşinci gecəsidir. Allah bu gecə qullarına və qullarının əməl və davranışlarına baxar, bağışlanmaq istəyənləri  bağışlayar, mərhəmət diləyənlərə mərhəmət edər. Kin, həsəd və pis əməl sahiblərini, tövbə etməzlərsə, onları bağışlamaz, olduğu kimi saxlayar”.    (Ət-Tərğib vət-Tərhib, II / 119)

      Başqa bir hədisdə buyurulur:

      "Şabanın yarı (on beşinci) gecəsi olduğu vaxt gecəsində ibadət üçün qalxın, gündüzündə də oruc tutun. Çünki Allah-Təala Günəşin batışından etibarən rəhmətiylə dünya səmasına təcəlli edər. Bağışlanmaq istəyən yoxmu, onu bağışlayım. Ruzi istəyən yoxmu, onu ruziləndirim. Dərdli yoxmu, istəsin, dərman verim. Bu çağırış şəfəq sökülənə qədər davam edər".   (İbn Macə, İqamə, 191; Əhməd b. Hənbəl, VI / 238)

      Onun üçün bu gecə dini bir, Allahı bir, peyğəmbəri bir, kitabı bir, qibləsi bir olan möminlərin bir-birini sevməyə, saymağa, qardaşca yaşamağa qərar verəcəkləri bir gecədir. Kini, nifrəti, nifaqı unudacaqları bir gecədir. Bütün inananların küfrə qarşı, dinsizliyə qarşı, əxlaqsızlığa, anarxiyaya, bölücülüyə qarşı yekvücud olmağa niyyət edəcəkləri bir gecədir. Ömrümüzün günahkar  keçmişinə vida edib, bundan sonra ibadətlə dolu bir həyat sürmək üçün dua edəcəyimiz bir gecədir. Çünki Allahı razı etmək üçün verilmiş bu fürsət, bəlkə, bir daha əlimizə keçməyəcəkdir.

      Ən böyük məsələ, ən böyük iddia Allahı razı etməkdir. Onun sevgisini qazana bilməsək, bütün dünya dostumuz, dünya dolusu da malımız olsa, faydası yoxdur. Çünki qəbir yalançılığın, saxtakarlığın, rüşvətin, tapşırığın keçmədiyi axirət qapısıdır.

      Elə isə gəlin haramlardan, kiçik və böyük günahlardan uzaq durmağa çalışaq. Küsmüşsək barışaq, incitmişsək halallıq alaq, incinmişsək bağışlayaq, təkəbbürdən, qürurdan uzaq duraq. Çarəsizlərə çarə olaq. Ancaq bu şəkildə gecəmiz mübarək olar, evimiz, könülümüz, yurdumuz hüzur və bərəkətlə dolar.

      Uca Allah o böyük məhkəmədə hər birimizi bəraət alanlardan eyləsin!

      • Hits: 148 clicks

      Tecox component by www.teglo.info