Dr. Anar QURBANOV- SUAL? CAVAB!

      Share

      Sual: Orucun dəqiq olaraq başlama saatı varmı? İlk vaxtda oxunan azan bitənə qədər yemək olarmı?

      Cavab: Orucun başlama və səhurun qurtarma vaxtı imsak vaxtıdır. İmsak vaxtı “ikinci fəcr/fəcri-sadiq” – deyə də adlanır. Bu, dan yerinin ağarmağa başladığı, yəni səhərə yaxın üfüqdə aydınlığın yayılmağa başladığı vaxtdır. Əgər azan imsak vaxtına müvafiq oxunursa, azan oxunmağa başlananda oruc bağlanmalıdır.

       

      Sual: Tikinti kimi ağır işlərdə işləyənlərin oruc tutmamalarına icazə verilirmi?

      Cavab: Quran-Kərimdə oruc tutmamağı mübah edən üzrlər arasında xəstəlik, yolçuluq və oruc tutmağa tab gətirməmək kimi hallar sadalanır (əl-Bəqərə, 2/184, 185). Ümumiyyətlə, bir möminin xüsusilə Ramazan ayında oruc tutmasına mane olacaq qədər ağır işlərdə işləməsi və işlədilməsi düzgün deyil. Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, eləcə də bu işi tərk etdiyi təqdirdə dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Həmçinin ağır bir işdə işləməyə məcbur olan şəxs oruc tutduqda xəstəliyə tutulacağından qorxarsa, o da oruc tutmaya bilər. Bu şəxslər daha sonra, şərtlər münasib olanda həmin tuta bilmədikləri orucları qəza etməlidirlər. Bundan əlavə, ağır işdə işləyən şəxs aclıq və susuzluq ucbatından ziyanlıq görərsə, orucunu pozması vacibdir. Çünki dinimizdə insanın özünə xətər yetirməsi qadağan edilmişdir. (bax. ən-Nisa, 4/29)

       

      Sual: Oruclu adam istidən quruyan ağzını su ilə yaxalaya bilərmi? Yuyuna bilərmi?

      Cavab: Oruclu insan burun və boğazdan suyun içəri getməməsinə diqqət edərək həm ağzını yaxalaya bilər, həm də yuyuna bilər. Əsas olan orucu pozan hallara yol verməməkdir, yəni burun və ya boğazdan daxilə suyun getməməsidir.

       

      Sual: Oruclu ikən diş fırçalamaq olarmı?

      Cavab: Ən ehtiyata uyğun davranış dişin imsaka qədər fırçalanmasıdır. Ancaq məcbur qaldıqda boğazdan içəri getməməsinə diqqət edərək fırçalamaq olar.

       

      Sual: Oruc tuta bilməyən adam təraveh namazı qıla bilərmi?

      Cavab: Oruc və nafilə olan təraveh ibadəti ayrı-ayrı ibadətlər hesab olunur. Ramazan orucunu tutmaq fərzdir. Ancaq Ramazanda təraveh namazını qılmaq isə sünnədir. Əgər bir şəxsin xəstəliyi ucbatından səhhəti oruc tutmağa əl vermirsə, o, üzrlü sayılır və oruc tutmaması mübah olur. Təraveh namazına isə davam edə bilər. Ancaq onu da qeyd edək ki, orucu bilərəkdən tutmayıb təraveh namazları qılaraq özünü əfv etdirmək istəyən bir insan yalnız özünü aldatmış olar. Çünki Ramazandakı oruc ibadəti fərz bir əməldir, hər bir müsəlman bunu ayrı-ayrılıqda yerinə yetirməlidir.

       

      Sual: Dinimizə görə səfərdə olanların oruc tutmamalarına icazə verilmişdir. Bəs oruclu olaraq səfərə çıxanların oruclarını pozmaları necə?

      Cavab: Əvvəla qeyd etmək lazımdır ki, orucun fərz olmasının şərtlərindən biri də, müsəlmanın müqim olması, yəni səfərdə olmamasıdır. Lakin ayədə buyurulduğu kimi, səfərdə olanların imkan daxilində gücləri çatarsa, oruc tutmaları daha fəzilətlidir (əl-Bəqərə, 2/184). Bununla yanaşı, əgər bir şəxs oruc tutub gündüz də səfərə çıxmalı olarsa, həmin gün orucuna davam etməlidir. Buna görə orucunu pozarsa, daha sonra bir gün qəza etməlidir, kəffarəyə ehtiyac yoxdur. Belə ki, bəzi alimlərə görə, belə halda orucunu poza bilər. Çünki İbn Abbasdan rəvayət edilən bir rəvayətə görə: “Həzrət Peyğəmbər (s.ə.s) ramazan ayında Məkkənin fəthi üçün yola çıxdı. Qədid deyilən yerə çatana qədər oruc tutdu. Orada özü və digər insanlar da oruclarını pozdular”. (Buxari, Savm, 34, 38, Məğazi, 47; Müslim, Siyam, 87, 90)    

       

      Sual: Səhura (obaşdan) qalxa bilməyənin tutduğu oruc sayılırmı?

      Cavab: Səhura durmaq müstəhəb, yəni dini baxımdan xoş qarşılanan əməldir, vacib əməllərdən deyil. Hz. Peyğəmbər (s.ə.s) səhura durmağı təşviq və tövsiyə etmişdir. Hədisi-şərifdə belə buyurulur: “Səhura qalxın, çünki səhur yeməyində bərəkət vardır” (Buxari, Savm, 20; Müslim, Siyam, 45). Ona görə də səhura durmadan da oruc tutmaq olar. Hətta Ramazan ayında səhura yatıb qalınsa belə, oruca davam etmək fərzdir.

       

      Sual: Əgər bir adam gecə oruca niyyət etsə, lakin səhər səhura dura bilməsə nə etməlidir? Bu vəziyyətdə adamın səhursuz oruc tutmağa gücü və taqəti yoxdursa nə etməlidir?

      Cavab: Bütün islam alimləri həmfikirdir ki, səhura dura bilməyən və hər hansı ciddi xəstəliyi olmayan bir şəxsin səhura durmamağı üzr kimi qəbul edilmir, yəni mütləq şəkildə orucunu tutmalıdır. Lakin bir şəxsin hər hansı ciddi xəstəliyi varsa və həkim diaqnozu ilə gecə obaşdana durub yemək yemədən, eləcə də dərmanını qəbul etmədən oruc tutmasına qadağa qoyulubsa, bu hal istisna təşkil edir.

       

      Sual: Oruclu adamın (yuxuda və ya ayıq olaraq) qüslu pozularsa orucu da pozularmı?

      Cavab: Yuxuda qüslun pozulmasının oruca heç bir dəxli yoxdur. Ancaq namaz kimi digər ibadətləri yerinə yetirə bilmək üçün mütləq qüsl alınmalıdır. Ayıq vaxtı qüslun pozulmasına gəlincə, əgər oruclu olan şəxs bilərəkdən cinsi əlaqədən başqa bir yolla qüslunu pozarsa, orucu pozular, yalnız qəza vacib olar. Ancaq cinsi əlaqə ilə pozarsa, həm qəza, həm də kəffarə vacib olar.

      • Hits: 178 clicks

      Tecox component by www.teglo.info