Osman Nuri TOPBAŞ- HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Abdulqadir Gilani q.s -4-

      Share

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Bütün varlığınla Rəbbinə yönəl. Sabahın təlaşını dünənin yanında qoy. Ehtimal var ki, sabah olanda sən ölmüş olasan”.

      Hafiz Şirazi: “İnsan, bir neçə damla qan, min bir əndişə!” deyir. Həqiqətən, insan zahirən ət və sümükdən ibarətdir. Lakin ruhən min bir əndişə ilə doludur. Ruzi, sağlamlıq, gələcək təlaşı, bitməz-tükənməz xəyallar, planlar və istəklər… Halbuki əcəl gəldiyi zaman sanki hamısını bir anda bıçaq kimi kəsəcək, hər biri gözdən itən kölgə kimi yox olacaq.

      Elə isə insan nə dünya röyasında tapdığı dəfinələrə aldanmalı, nə yaşadığı kasıblıq və yoxsulluğa yanmalı, nə də keçici sevdalar uğrunda əbədi həyatını ziyan etməlidir. Daima fani dünyanı əbədiyyət üfüqündən seyr etməlidir. Qəlbini fani əndişələrin qəfəsinə çevirməyib hər anını Haqqa təvəkkül və təslimiyyət iqlimində keçirərək rahatlıq tapmalıdır…

      Keçən zamanı geri qaytarmaq mümkün olmadığı kimi sabaha çıxıb-çıxmayacağımız da məchuldur. Necə ki, dünən həyatda olan bir çoxları bu gün bərzəx aləmindədir. Bu baxımdan səhvlərimizə tövbə etmək üçün gün bu gündür. Saleh əməllər işləmək üçün də fürsət bu fürsətdir.

      Bu səbəblə “sabah edərəm deyənlər həlak oldu” deyilmişdir. Sabahı olmayan bir günün hər an gələ biləcəyini heç vaxt yaddan çıxarmayaq…

      Qəbiristanlığa getsək, orada yaşca bizdən daha kiçiklərin məzar daşları ilə qarşılaşarıq. Yəni ölümün yaşı yoxdur, hər kəs ölə biləcək yaşdadır. Hər an ölümə hazır olmaq şərtdir.

      Həmd olsun ki, yeni bir üç aylar mövsümünə giririk. Bu mübarək zamanın dəyərini yaxşı qiymətləndirməliyik. Çünki keçən il aramızda olan dost-tanışımızdan bəziləri bu il aramızda deyil. Görəsən, gələn il biz də olacağıqmı? Bu, bir məchuldur. Elə isə bu üç ayların sonuncu üç aylarımız ola biləcəyini düşünərək ən gözəl şəkildə əhya etməyə çalışmalıyıq.

      Rəsulullah r-in hədisində: “…Namaza durduğun zaman sanki son namazın kimi qıl…”[1] buyurduğu kimi biz də içində olduğumuz bu mübarək mövsümü sanki qovuşduğumuz sonuncu üç aylar kimi əhya edək.

      Allah dostu Rəbi bin Heysəmin bu halı zamanın qiymətini bilmək xüsusunda necə də ibrətamiz nəfs mühasibəsi misalıdır:

      Rəbi bin Heysəm g bağçasında bir məzar qazmışdı. Qəlbinin qatılaşdığını hiss etdiyi zaman bu qəbrə girər, vaxtının müəyyən hissəsini orada keçirərdi. Bir gün mütləq dünya ilə vidalaşacağını və məzarda istiğfar və sədəqəyə möhtac olacağını təfəkkür edər, axirətdəki hesabı düşünərək özünü dərindən sorğu-suala çəkərdi. Sonra:

      “Nəhayət, onlardan birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm!..” (əl-Muminun, 99-100) ayələrini oxuyardı.

      Rəbi həzrətləri məzardan çıxandan sonra öz-özünə:

      “Ey Rəbi, bu gün geri qaytarıldın. Bu istəyinin qəbul olunmayacağı, dünyaya geri qaytarılmayacağın bir gün də gələcək. İndidən tədbirini al və saleh əməlləri, Allah yolunda çalışmaları və axirət azuqəni artır”, - deyərdi.

      İmam Qəzali həzrətlərinin etdiyi bu xəbərdarlıqlar da mühümdür:

      “Ey oğul, fərz et ki, bu gün öldün. Həyatında keçirdiyin qəflət anlarına nə qədər kədərlənəcəksən. Ah, kaş ki deyəcəksən. Lakin boşuna! (Artıq geri dönmək mümkün deyil)”.

      “Hər mömin sübh namazını qılandan sonra özünə belə xəbərdarlıq etməlidir:

      “Mənim sərmayəm ömrümdür. Ömrüm başa çatanda sərmayəm də sona çatar və artıq qazanmaq imkanım qalmaz. Açılan bu səhər yeni bir gündür. Allah-Təala bu gün də mənə izin verərək lütf etdi. (Həyat təqvimindən yeni bir səhifə açdı.) Əgər canımı alsaydı, əlbəttə, bir günlüyünə də olsa dünyaya geri qaytarılıb daha çox saleh əməl işləməyi arzu edəcəkdim.

      İndi fərz et ki, öldün və bir günlük dünyaya qayıtmağına izin verildi. Elə isə bu gün əsla günahlara yaxınlaşma, əsla bu günün bir anını belə boşa keçirmə. Çünki hər nəfəs baha biçilməz bir nemətdir”.

      Həqiqətən, ömür insana bir dəfəyə məxsus verilmişdir. Nə təkrarı var, nə də düzəliş etmək şansı… Bir dəfə əldən çıxdıqdan sonra əsla geri qayıtmaz. İnsan bütün maddi sərvətini versə, Allahın təqdir etdiyi əcəl vaxtını bir saniyə də olsa gecikdirə bilməz. Bu səbəblə də ən böyük israf zaman israfıdır.

      İnsana əmanət edilən zaman sərmayəsi tükənib son nəfəs verildikdən sonra, xüsusilə qəflət əhlini böyük peşmanlıq bürüyəcək. Ayeyi-kərimələrdə bu peşmanlıq halından bir neçə mənzərə belə təsvir olunur:

       “Birinizin ölümü çatıb: 'Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin”. (əl-Münafiqun, 10)

      “Onlar orada fəryad edib deyəcəklər:

      “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!”

      Onlara belə deyəcəyik:

      “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın əzabı!.. (əl-Fatir, 37)

      Rəsulullah r:

      “Elə bir insan yoxdur ki, öldükdən sonra peşmanlıq hissi keçirməsin”, - buyurmuşdu.

      “O nə peşmanlıqdır, ya Rəsulallah?” – deyə soruşdular.

      Hz. Peyğəmbər r bu cavabı verdi:

      “(Ölən) muhsin (ehsan sahibi, xeyirxah və saleh) biridirsə, bu halını daha da artırmadığı üçün peşman olar. Əgər pis adamdırsa, pis əməldən vaz keçib halını islah etmədiyi üçün peşman olacaq”. (Tirmizi, Zöhd, 59/2403)

      Yəni hər bir insan son nəfəsindən sonra “kaş ki filan səhvə yol verməyəydim, kaş filan xeyir əməli də işləyəydim” – deyə peşmanlıqla dizini döymək istəyər. Lakin nə fayda?! Artıq nə əl qalmışdır, nə diz!..

      Vay, bu həqiqəti o günə qədər dərk edə bilməyənlərin halına! Bu gündən dərk edib axirət hazırlığı ilə məşğul olanlar necə də xoşbəxtdirlər!..

      Necə ki, bir hədisi-şərifdə belə buyurulmuşdur:

      “Ağıllı (insan) nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrası üçün çalışandır. Axmaq isə nəfsini arzularına tabe etdiyi halda Allahdan (axirətdə xeyir) umandır”. (Tirmizi, Qiyamət, 25/2459)

      Allah-Təala Əsr surəsində belə buyurur:

      “Zamana and olsun ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa”. (əl-Əsr, 1-3)

      Zamana andla başlayan bu surədə iman, saleh əməl, haqqı və səbri yaşayıb tövsiyə etməklə dəyərləndirilməyən zamanların israf edildiyi və böyük zərərə səbəb olacağı bildirilir. Həmçinin zamanı layiqincə dəyərləndirən qullar istisna sayılaraq insanların əksəriyyətinin bu xüsusda qəflət içində olduqlarına işarə edilir.

      Necə ki, Rəsulullah r də bu həqiqəti belə dilə gətirmişdir:

      “İki nemət vardır ki, insanların çoxu bu nemətlərdən istifadədə aldanmışdır: Sağlamlıq və boş vaxt”. (Buxari, Riqaq, 1)

      Başqa bir hədisi-şərifdə isə belə buyurulur:

      “Qiyamət günü bəndədən dörd şeyin hesabı soruşulmadan ayağını yerindən tərpədə bilməz:

      1. Ömründən; onu necə tükətdi?

      2. Gəncliyindən; onu harada keçirdi?

      3. Malından; onu haradan qazanıb hara xərclədi?

      4. Elmindən; onunla nə etdi?” (Tirmizi, Qiyamə, 1)

      Allahın hesaba çəkəcəyi ən mühüm nemətlərin nələr olduğu xüsusunda İslam alimlərinin müxtəlif şərhləri var:

      İbn Məsud t bunların “əmniyyət, səhhət və boş vaxt” olduğunu söyləmiş;

      Müaviyə bin Qurrə g isə “Qiyamət günü ən ağır hesab boş vaxtın hesabıdır”, - buyurmuşdur. (Bursəvi, X, 504)

      Elə isə halımızı ciddi-ciddi gözdən keçirək:

      Keçən zamanlarımızda halımız nə qədər Allahın rizasına müvafiq oldu, nə qədər saleh əməl işlədik? Televizor və internetin qarşısında, oyun-əyləncədə, faydasız və boş məşğuliyyətlərdə, xüsusilə moda və marka düşkünlüyü ilə lüzumsuz bazarlıqlarda, lüks, israf və göstəriş atmosferində keçən mərasimlərdə, Allahın razı olmadığı işlərdə itirdiyimiz vaxtlar varmı? Varsa, bu səhvlərimizi düzəltmək üçün nə edirik? Hazırkı zamanımızı nə qədər tövbə-istiğfar ilə, zikrullah, Qurani-Kərim və saleh əməllərlə keçiririk? Zamanımızı Allah yolunda fədakarlıqlarla əbədiyyət qazancına çevirə bilirikmi?

      Xüsusilə ilahi rəhmətin tüğyan etdiyi üç aylara girdiyimiz bu mübarək günləri özümüz üçün dünyaya yenidən gəliş və fürsət bilməliyik. Unutmayaq ki, Cüneyd Bağdadi həzrətlərinin dediyi kimi:

      “Dünyanın bir günü axirətin min ilindən daha xeyirlidir. Çünki qazanmaq da, itirmək də yalnız bu dünyaya aiddir. Axirətdə qazanc və itki yoxdur”.

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey oğul, bəzən Allah səni bəlalara düçar edər, səbəbi budur: Görəsən, səbəblərə arxalanıb Onun qapısını tərk edəcəksən, yoxsa Onun qapısından yapışacaqsan? Görəsən, zahirə söykənəcəksən, yoxsa batinə? Görəsən, idrak edilənə, yoxsa idrak edilə bilməyənə güvənəcəksən? Görəsən, görünənə yönələcəksən, yoxsa görünməyənə?.. Sənə verilən mərifət, hünər və müvəffəqiyyətləri nəfsindən biləcəksən, yoxsa Haqdan?..”

      Mənəvi tərəqqinin şərti səbir süzgəcindən keçmək, çilə atəşində bişmək, şikayəti unudaraq Allah yolunda başa gələn bəlalara səbirlə sinə gərməkdir.

      Bəla və müsibətlər hikmət nəzəri ilə baxa bilənlər üçün təzkiyə / təmizlənmə və mənəvi irəliləyiş vəsiləsidir. Eynilə sahildəki daşlar kimi. Əsrlər uzunu dalğaların döydüyü daşlar bu sayədə kələ-kötürlükdən qurtularaq qranit kimi sığallı olar. Eynilə bunun kimi ilahi imtahan təcəlliləri ilə mənən inkişaf edən könüllər də müstəsna mətanət və lətafət qazanarlar.

      Mövlana həzrətləri necə də gözəl buyurur:

      “Sənin daxili dünyan eynilə müsafirxana kimidir. Sevinc də, kədər də gəlib-keçicidir. Nə sevincə aldan, nə qəmi dərd et! Qəm sevincinə mane olarsa, kədərlənmə! Çünki yaşadığın qəmlər -səbir edə bilirsənsə- sənin üçün sevinc hazırlayır.

      Çəkdiyin hər zəhmətə hirslənirsən. Hər tərbiyəsizə kin güdürsən. Cilalanmadan necə ayna olacaqsan?..”

      Deməli, həyata və hadisələrə hikmət və ibrət nəzəri ilə baxa bilən ariflər bəla və müsibətlərin –səbir edildiyi təqdirdə- nəfs təzkiyəsinə, qəlbin mənən mərhələ qət etməsinə vəsilə olduğunu görərlər. Bunun əksinə, bəla və müsibətlərdəki ilahi muradı sezməyib şikayət və üsyana sürüklənənlərsə həm nəfslərinin xamlığından, həm də ziyana düçar olmaqdan qurtula bilməzlər.

      Ayeyi-kərimədə buyurulur:

      “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (əl-Bəqərə, 155)

      Səbrin dünyəvi tərəfi acıdır, lakin axirət meyvəsi çox şirindir. Səbrin sonundakı müjdəyə nail olmaq ilahi imtahanları mənəvi qazanc fürsəti kimi görə bilən arif könüllərin karıdır.

      Necə ki, bir ayeyi-kərimədə də belə buyurulur:

      “… Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (əl-Bəqərə, 216)

      İnsan qeybi bilməkdən acizdir. Elə isə nəfsə ağır gələn və zahirən qəhr kimi görünən hal və hadisələrdə müxtəlif lütflərin gizli ola biləcəyini fikirləşib hər halda Allaha həmd, şükür və riza halını qorumaq lazımdır. Çünki bu aləmdə baş verən heç bir hadisə hikmətsiz deyil. Ən ağır çilə və bəlalar Allahın ən çox sevdiyi bəndələrin – peyğəmbər, övliya və dərəcəsinə görə saleh insanların başına gəlmişdir. Hz. Peyğəmbər r də:

      “…Allah yolunda heç kimin görmədiyi əziyyətlərə məruz qaldım…” buyurmuşdur. (Tirmizi, Qiyamət, 34/2472)

      Unutmayaq ki, “İslam” təslimiyyət kökündən gəlir. Buna görə də əsl müsəlman Allah-Təalanın acı-şirin hər cür təqdirinə riza göstərib Onun muradına can-dildən təslim olan kəsdir.

      Ömər bin Abdüləziz həzrətlərindən:

      - Ən çox nəyi sevirsiniz? – deyə soruşanda belə cavab vermişdir:

      - Mənim sevincim yalnız müqəddəratımdadır. Mən Allah-Təalanın haqqımda verdiyi hər hökmünü sevirəm…

      Deməli, Haqq-Təalanın bizim haqqımızda verdiyi hökmünə razı olmalıyıq ki, O da bizdən razı qalsın. Bu xüsusda Abdulqadir Gilani həzrətlərinin nəql etdiyi bu qissə nə qədər ibrətlidir:

      Bir nəfər qul bazarından kölə almışdı. Aldığı kölə təqva sahibi, əməlisaleh mömin idi. Yeni sahibi onu alıb evinə apardıqdan sonra aralarında belə bir dialoq oldu:

      Sahibi soruşdu:

      - Evimdə nələr yemək istəyirsən?

      Kölə:

      - Nə versən onu.

      - Nə cür paltarlar geyinmək istəyirsən?

      - Nə geydirsən onu.

      - Evimin hansı otağında qalmaq istəyirsən?

      - Hansında qalmağımı istəsən onda.

      - Evimdə hansı işləri görmək istəyirsən?

      - Hansı işləri görməyimi istəsən onları.

      Aldığı bu son cavabdan sonra kölənin sahibi bir müddət təfəkkürə daldı və gözündən süzülən yaşları silərək belə dedi:

      “Kaş mən də qulu olduğum Rəbbimə belə təslim ola biləydim. O zaman necə də xoşbəxt olardım!..”

      Bu zaman kölə dilləndi:

      - Ey mənim sahibim, ağasının yanında kölənin bir ixtiyarı və iradəsi olarmı?

      Bunun müqabilində ağası belə dedi:

      - Səni azad edirəm. Allah üçün hürsən. Lakin yanımda qalmağını da çox istəyirəm. Malım və canımla sənə xidmət etməyi arzulayıram. (Çünki sən mənə qulluq ədəbinə dair böyük bir dərs verdin).

      Abdulqadir Gilani həzrətləri bu qissəni danışandan sonra belə buyurur:

      “Hər kim Allahı layiqincə tanıyar, Ona həqiqi məhəbbətlə təslim olar, Onun təqdir etdiyi hala riza göstərərsə, onda nə iradə qalar, nə də ixtiyar. Artıq yalnız belə deyər:

      “Allahdan (Onun muradı xaricində) nə isə istəmək mənim nə həddimə?!”[2]

      Xülasə, Allahın qullarına təqdir etdiyi acı-şirin bütün imtahan təcəlliləri əslində iman və qulluqdakı səmimiyyət, sədaqət, təvəkkül və təslimiyyətimizin sınanmasından başqa bir şey deyil.

      Bu həqiqətin fərqində olub hər bir halda həmd, şükür və riza cərgəsində yer tutan saleh möminlər necə də xoşbəxtdirlər! Bütün nemət və müvəffəqiyyətləri Allahdan bilib şükür edən, xəta və qüsurları nəfsindən görüb ilahi əfv dərgahına sığınan arif könüllərə müjdələr olsun!..

      Ariflər sultanı Mövlana həzrətləri Haqqa qulluğun eşq, vəcd və həyəcanı içində belə deyir:

      “Mən qul oldum, qul oldum, qul oldum! Mən aciz bəndə qulluğumu ifa edə bilmədiyim üçün utanıb başımı önümə əydim…

      Allahım, hər kölə azad edildikdə sevinir, mən isə Sənə qul-kölə olduğum üçün sevindim…”

      Abdulqadir Gilani həzrətləri buyurur:

      “Ey Allah yolunda gözəl əməllər işləmək istəyən kəs, ixlaslı ol! Əks halda özünü boş yerə yormuş olarsan”.

      Qəlbin əməli olan ixlas əməllərin ən mühüm qəbul şərtidir. İnsan ibadət və saleh əməlləri bütün zahiri şərtlərinə riayət edərək yerinə yetirsə, lakin qəlbindəki niyyət xalis olmasa bütün cəhdləri əbəs yerə yorğunluqdan ibarət olar. Allahın rizası yerinə dünyəvi və nəfsani mənfəətlər üçün çalışıb əldən düşən qafillər haqqında ayeyi-kərimədə عَامِلَةٌ نَاصِبَةٌ : Çalışmış, lakin əbəs yerə yorulmuşdur” (əl-Ğaşiyə, 3) buyurulur.

      Yəni Allah-Təalaya qulluq niyyəti ilə əda edilməli olan əməllərə riya və bənzəri niyyətlər qarışdıqda artıq həmin əməl Allahın rizası yerinə qəzəbinə səbəb olan ağır günaha çevrilər. Çünki tövhid əqidəsi şəriklik qəbul etmir.

      Sözünü etdiyimiz həqiqəti ifadə edən bu hədisi-şərif necə də ibrətlidir:

      Şəhid olan bir adam qiyamət günü hesaba çəkiləcək ilk insan kimi hüzura gətirilər. Allah-Təala ona verdiyi nemətləri xatırladar, o da xatırlayar və həmin nemətlərə qovuşduğunu etiraf edər. Haqq-Təala:

      - Bəs sən bunların müqabilində nə etdin? - deyə soruşar.

      - Şəhid olana qədər sənin uğrunda cihad etdim, - deyə cavab verər.

      - Yalan deyirsən. Sən igid olduğunu desinlər deyə vuruşdun, o da deyildi, - buyurar. Sonra əmr olunar, həmin adam üzü üstə cəhənnəmə atılar. Bu dəfə hüzura elm öyrənmiş, öyrətmiş və Quran oxuyan bir nəfər gətirilər. Allah ona da verdiyi nemətləri xatırladar. O da xatırlayıb etiraf edər. Ondan da:

      - Bəs bu nemətlərin müqabilində nə etdin? – deyə soruşar.

      - Elm öyrəndim, öyrətdim və sənin rizan üçün Quran oxudum,- cavabını verər.

      - Yalan deyirsən. İnsanların sənə alim deməsi üçün elm öyrəndin, “nə gözəl oxuyur” desinlər deyə Quran oxudun. Həmçinin sənin haqqında bunu da dedilər, - buyurar. Sonra əmr edilər, o da üzü üstə cəhənnəmə atılar.

      (Sonra) Allahın hər cür mal və imkan verdiyi bir nəfər gətirilər. Allah ona da verdiyi nemətləri xatırladar. Xatırlayıb etiraf edər.

      - Bəs sən bunun müqabilində nə etdin? – deyə buyurar.

      - Verilməsini sevdiyin, razı qaldığın heç bir yerdən əsirgəmədim. Yalnız sənin rizanı qazanmaq üçün xərclədim, - deyər.

      - Yalan deyirsən. Halbuki sən bütün bu etdiklərini “necə də səxavətlidir” desinlər deyə etdin. Bunu da sənin üçün dedilər, - buyurar. Əmr edilər, o da üzü üstə cəhənnəmə atılar”. (Müslim, İmarə, 152)

      Allah-Təala hər birimizi ibadət və saleh əməllərimizə fani və nəfsani niyyətlər qarışdırmaqdan, xüsusilə də təkəbbür və riyadan mühafizə etsin. Qəlblərimizi daima ilahi rizası ilə birləşdirsin. Lütf-kərəmi ilə bizi ixlaslı və ixlasını qoruyan saleh bəndələrinin zümrəsinə daxil etsin.

      Amin!..

       


      [1] İbn Macə, Zöhd, 15.

      [2] Abdulqadir Gilani, əl-Fəthur-Rabbani, (Abdulqadir Gilaninin Söhbətləri), İstanbul 1987, s. 421.

       

      • Hits: 191 clicks

      Tecox component by www.teglo.info