Mübariz ƏLİOĞLU- Könül sultanının tərbiyəsində

      Share

      Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

      (İbrahim və İsmayıl dedilər:) Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı)(oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət və hikmət sahibisən”. (əl-Bəqərə, 129)

         Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər  və həmd-sənalar, Onun haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun.

      Tirmizidə keçən hədislərin birində Abdullah ibn Məsud həzrətləri bunları rəvayət etmişdir: “Namazı qıldırdıqdan sonra Rəsulullah mənim əlimdən tutaraq Məkkə vadisinə apardı. Bəzi işlərlə əlaqədar məni tərk etdi. Sonra yanıma qayıdaraq mənə söykəndi və bu şəkildə yuxuya daldı. Biz bu vəziyyətdə ikən yanımıza bəyaz libaslara bürünmüş bəzi adamlar gəldilər. Onların gözəlliyini təsvir etmək mümkünsüz idi. Gələnlərdən bir qrup Rəsulullahın baş tərəfində, digərləri də ayaq tərəfində oturdular və bunları söylədilər: “Bu Peyğəmbərə verilən fəzilət və üstünlüyü ondan başqa heç bir qulda görmədik. Onun iki gözü yatsa da, qəlbi oyaqdır”. Sonra bir şeylər söyləyib ayrıldılar. Rəsulullah (s.ə.s) o anda oyandı və mənə gələnlərin kimliyi və söylədikləri haqda soruşdu. Mən də: “Allah (c.c) və Rəsulu (s.ə.s) daha gözəl bilir”,- dedim. Rəsulullah (s.ə.s) bunları söylədi: “Onlar mələklərdir. Sənə söylədikləri misalın mənası budur ki, Rəhman olan Rəbbimiz Cənnəti yaratmış və qullarını bu əbədi salamat yurduna dəvət etmişdir. Kim Onun bu dəvətini qəbul edərsə Cənnətə girər, kim də qəbul etməzsə Allah (c.c) ona əzab edər”. (Tirmizi, 2861)

       Adəm övladlarını Rəbbimizin vəd etdiyi əbədi rəhmət və bərəkət yurduna nəfslərin şiddətli inadına rəğmən məntiqli bir dəvət mücadiləsi ilə çağıran Rəsulullah (s.ə.s), bu misilsiz xidmətləri ilə Haqqı tanıma, Ona boyun əymə və Onun qulluğunda durma müəssisəsinin təməlini görülməmiş ölçüdə möhkəmlətmiş oldu. Uca Allahın (c.c) Rəsulullahla (s.ə.s) göndərdiyi tövhid şimşəyi nəfslərin inadını qıraraq qəlbləri Haqqa təslimiyyətin ülviyyəti ilə baş-başa buraxdı. Uca Allahın (c.c) Rəsulullahla (s.ə.s) göndərdiyi bəsirət şimşəyi  qəlbləri kainatı, məxluqatı, ən əsası da insanda mənəvi korluq səbəbi ilə gizli qalmış həqiqətləri İlahi ehtişamın hər an yeni bir yaratma halında cərəyan edən bütövlüyü iqlimində mərifətlə seyr və idrak etmə nuruna qərq etdi. Uca Allahın (c.c) Rəsulullahla (s.ə.s) göndərdiyi ədalət şimşəyi Haqqa düşmən kəsilənlərin, onu pərdələyənlərin cəhalət torunu darmadağın etdi. Uca Allahın (c.c) Rəsulullahla (s.ə.s)  göndərdiyi elm, hikmət, təslimiyyət, məhəbbətullah və mərifətullah şimşəyi ilə qısa bir zamanda aydınlığa qovuşan könüllər qiyamətə kimi gələcək nəsillərə bir hidayət örnəyi oldular. Uca Allahın (c.c) Rəsulullaha (s.ə.s) ehsan etdiyi könül sultanlığının əsrlərə yayılan himayəsində yetişən və elmləri, əməlləri,  qəlbləri ilə diri olan alimlər Bəni-İsrail peyğəmbərlərinə bənzərlik tacı ilə şərəfləndilər. Rəsulullahın könül ziyafətlərində İlahi iznlə qəlblərə əmanət edilən mərifətin ölçüsünü  zamanında Hz. Harisədən alınmış bir könül mühasibəsi ilə öyrənmək mümkündür:

       “Rəsulullah (s.ə.s) bir gün Hz. Harisədən bunları soruşdu: “Ey Harisə, necə sabahladın?” Harisə (r.a) cavab olaraq: “Haqq bir mömin olaraq sabahladım”,- söylədi. Bu cavabın üzərinə Rəsulullah: “Hər haqqın (doğrunun) bir həqiqəti vardır. Sənin imanının həqiqəti nədir?”- deyə soruşunca Harisə (r.a) belə cavab verdi: “(Könlüm ülvi tərbiyənizlə şərəfləndikdən sonra) nəfsim dünyadan üz çevirdi. Gecələr gözümə yuxu getmir, gündüzlər də susuzluqdan yanmaqdayam. Sanki Rəbbimin Ərşini açıq şəkildə görməkdəyəm; sanki Cənnəti, oradakı möminlərin bir- birini ziyarət etdiyini, cəhənnəm əhlinin də gözlərim önündə əzaba uğradıldıqlarını seyr edirəm”. Rəsulullah (s.ə.s) bu səmimi etirafın mükafatını belə səsləndirdi: “Allahın, qəlbini nurlandırdığı bir qul”.(Heysəmi, Məcməüz-Zəvaid, 57)

       Fransanın Nitsa şəhərində parkda bir cəsəd aşkara çıxarılır. Cəsədə baxış keçirən Fransa polisi  bir məktub aşkar edir. Məktubda bunlar yazılmışdı: “Mənim ölümümdən kimsəni məsul tutmayın. Mən aclıqdan ölməkdəyəm. Geyimimin iç cibində mənim İslami üsullara görə Müsəlman məzarlığına dəfn edilməm üçün kifayət edəcək pul vardır”. Fransız polisi vəziyyəti belə dəyərləndirmişdi: “Maraqlıdır, bir neçə aylıq yemək pulu yanında olduğu halda bu adam yalnız ölümünü və cənazəsini düşünmüşdür”. Cənazənin kimə məxsus olduğu aydınlaşdırıldıqdan sonra məlum oldu ki, bu şəxs Fransada sürgün həyatı yaşayan Osmanlı Sultanı Abdulhəmid Xan həzrətlərinin oğlu şahzadə Əhməd Nurəddindir. Ulu Xaqan adı ilə məşhur olan Abdulhəmid Xanın könül tərbiyəsi ilə yetişən bu övladın qəlbində daşıdığı iman həyəcanına qibtə etməmək mümkün deyil. Demək,  Rəbbimizin “Hansınızın daha gözəl əməl sahibi olduğunu bəlli etmək üçün ölümü və həyatı yaradan Odur” (əl-Mülk, 2) kəlamında bildirdiyi gözəl əməl sahibi olma həyəcanına Könül Sultanlarının tərbiyəsi ilə yetişmək mümkündür.

      • Hits: 190 clicks

      Tecox component by www.teglo.info