Əziz SULTANOV- İmanla yazılan DASTAN...

      Share

      Zəfərlər var ki, üstündən əsrlər keçsə də, min illər ötsə də, əsla qiymətini, bəxş etdiyi sevinc və qürur hissini itirməz, heç vaxt köhnəlməz.

       Onlar daim təzədir, dünənki kimidir və gələcək nəsillər üçün üfüq verən, yön göstərən bələdçilər kimi ən öndədir. Onların kökü tarixin dərinliyində olsa da, mənəvi tumurcuqları daim gənc nəsillərin yaddaşında, millətin könlündədir. Onlar hər milləti millət edən, ümmət edən dönüm nöqtələri, həyat aşırımları, dastan günləridir…

      Məkkənin fəthi, Qüdsün fəthi, İstanbulun fəthi kimi….

      Bədir döyüşü, Qədisiyyə döyüşü, Malazgird döyüşü kimi…

      Bu gün, ildönümü ərəfəsində, yaxın tarixin belə əfsanəvi döyüşlərindən birindən – Çanaqqala Zəfərindən söhbət açmaq günümüz dünyasının siyasi və hərbi gedişatını analiz etmək baxımından çox faydalı və yerində bir mövzu olar. Hər nə qədər bu döyüşün üstündən bir əsrdən çox  - 103 il keçmiş olsa da, sanki eyni fiqurlar, eyni oyunlar, eyni həmlələr təkrar olunur Yaxın Şərqin tarix və qan qoxan torpaqlarında. Nə döyüş bitir, nə də uzaq diyarlardan bu torpaqlara ayaq basaraq döyüşənlər, döyüşdürənlər öz siyasi-maddi maraqlarından əl çəkirlər, illər keçsə də.

      Birinci Dünya müharibəsinin üstündən təxminən bir əsr keçir. Hegemon dövlətlər, nəhəng imperiyalar bir-biri ilə döyüşür, torpaqlar yenidən bölüşdürülür, qılıncla çəkilən sərhədlər artıq bərbəzəkli sarayların çilçıraqlı salonlarında qurulan dairəvi stolların arxasında yenidən tənzimlənirdi. Top-tüfəngin barıt qoxusu altında qalan məzlum coğrafiya isə alt-üst olurdu. Yenidən bölüşmək üçün qurulan böyük dairəvi stolun üstünə, xəritənin ən mərkəzinə əsrlərə meydan oxuyan, düşmənlərinin ürəyinə ədaləti ilə qorxu salan müsəlman dünyası – Osmanlı imperiyası yerləşdirilmişdi. Bu müharibədə hər şey bitəcək, artıq Qərb Dünyasının qarşısında sözünün üstünə söz qoyacaq, qərarlarına etiraz edə biləcək bir qüvvə qalmayacaqdı. Bu döyüş son döyüş olacaqdı…

      Müharibənin başlamasından bir neçə ay sonra “Antanta” blokunu meydana gətirən müttəfiq dövlətlər illərdir həyata keçirmək istədikləri planın növbəti həmləsinə başladılar – Çanaqqala boğazından keçən hərbi gəmilər İstanbulu əsir alacaq və nəhəng imperiya bir anda diz çökəcəkdi. İngilis və Fransız gəmiləri hücum üçün hazırlığa başladı. 1915-ci ilin mart ayında ingilis hərbi dəniz qüvvələri hücuma keçdi. 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqala boğazından keçməyə can atırdı. Onlar dənizdən (düşmənlərin gözləmədiyi bir üsulla dəniz minalanmışdı) və sahildən heç ummadıqları müqavimətlə qarşılaşdılar. Ağır itkilərdən sonra, texniki cəhətdən üstün olmalarına baxmayaraq, boğazın dəniz yolu ilə keçilə bilməyəcəyini başa düşdülər. Bundan sonra sahilə əsgər çıxartmaq və əvvəlcə boğazın sahillərini ələ keçirmək üçün əməliyyatlar başladı. Sahildəki mühüm nöqtələr gah bir tərəfin əlinə keçir, gah da digər tərəf geri alırdı. Döyüş xətti addım-addım yer dəyişir, hər qarış torpaq uğruna onlarla qəhrəman canını fəda edirdi.

      Öz əsgərlərinin gücünün kifayət etməyəcəyini başa düşən ingilislər Avstraliyadan və digər müstəmləkə ölkələrindən on minlərlə əsgər gətirmişdi. Türk əsgərini tanımadıqları üçün onların daha cəsur vuruşacaqlarını düşünmüşdülər, amma nafilə… Hər iki tərəf əsgərlərə mərmi, silah-sursat çatdırmaqda çətinlik çəkirdi. Günlərlə, aylarla davam edən döyüşlər çiyin-çiyinə, süngü-süngüyə mübarizələrlə yadda qaldı. O qədər ki, addım başına 3-5 şəhid düşürdü.

      Yalnız 1916-cı ilin yanvar ayında Müttəfiq dövlətlər bütün qüvvələrini Çanaqqaladan geri çəkdilər və bu döyüşdə məğlub olduqlarını etiraf etdilər. Döyüşlər on aya yaxın davam etmişdi. Geridə isə 250 000-dən çox şəhid və 250 000-dən çox düşmən əsgəri olmaqla, 500 000-dən çox əsgər həyatını itirmiş, bir qarış vətən torpağının qədir-qiymətini gələcək nəsillərə ifadə etmək üçün əbədi olaraq bu torpağın yaddaşına həkk olunmuşdu.

      Çanaqqala savaşının on aya yaxın davam edən döyüşləri sırasında hər gün yüzlərlə qəhrəmanlıq nümunəsi yaşanmışdır. Azərbaycan başda olmaqla bir çox müsəlman ölkəsindən öz qardaşlarına yardım üçün könüllü cəbhəyə yollanan qəhrəmanlar da az deyildi. Çanaqqalada elə bir dastan yazdılar ki, cildlərlə kitablara sığmaz…

      Azərbaycanlı könüllülər Balkan müharibələrində də, Osmanlı-Rus müharibəsinin davam etdiyi Qafqaz cəbhəsində də Osmanlı ordu sıralarında yer alaraq qardaş-qardaşa, çiyin-çiyinə mübarizə aparmış, çətin gündə qardaş köməyini əsirgəməmiş, eyni amala, eyni niyyətə xidmət etdiklərini ortaya qoymuşdular. Çanaqqalada da eyni ruhla, eyni duyğularla qardaşları ilə eyni səngərləri bölüşdülər, bərabər şəhid olub bərabər yatdılar o torpağın qoynunda…

      Çanaqqalanı dastanlaşdıran, ülviləşdirən, ucaldan mənəvi ruh özünəməxsus bir ucalığa sahibdir. Bu, mənəvi gücün maddi gücə necə qalib gəldiyinin dünya tarixinə düşən ən dərin izlərindən biridir.

      Bunu anlatmaq üçün hansı birini deyim;

      Allaha qurban olsun deyərək, anaları tərəfindən qurbanlıq kimi başlarına xına yaxılaraq cəbhəyə yola salınan gənc əsgərlərimi deyim;

      Yaralı halda xərəklə xəstəxanaya aparılarkən hüzn dolu gözlərlə komandirinə baxaraq: “Şəhid ola bilmədim, paşam!” deyən o əsgərin üzüntüsünümü deyim;

      Böyük qardaşları şəhid düşdüyü halda yola salınan kiçik oğluna: “Minarələrimizdən azan səsi kəsilərsə, məscidlərimizin işıqları sönərsə, südüm sənə halal deyil! Öl, amma kəndə boynubükük qayıtma!” – deyə bir ananın cəbhəyə yola saldığı son övladına xeyir-duasınımı deyim;

      Gözlərini itirmiş olan bir əsgərə komandiri təsəlli vermək istəyərkən, əsgərin: “Əfəndim, narahat olmayın! Mən görəcəyimi gördüm, ondan sonra gözlərimi itirdim”, - deyərək, batan zirehli ingilis gəmisini görməyinin sevinci yanında gözlərini itirməsinin hüznünün bir şey ifadə etmədiyini dilə gətirməsinimi deyim;

      Bir ingilis zabitinin: “Onların nə atacaq gülləsi, nə də barıtı qalmışdı, lakin onlara kömək üçün göydən enən güclər var idi, biz bunu görürdük”, - deyə etirafınımı deyim;

      İngilis admiralı Çörçilin: “Biz Çanaqqalada türklərlə yox, Allah ilə döyüşürdük. Əlbəttə, məğlub olmağımız qaçınılmaz idi”, - deməsinimi deyim;

      Qızı dünyaya gəldiyi xəbərini cəbhədə alan, komandiri tərəfindən evinə getməsi və qızını görməsi üçün icazə verildiyi halda: “Komandir, vətən daha müqəddəsdir, belə vəziyyətdə buraxıb gedə bilmərəm. Mümkünsə xəbər göndərin, adını Didar qoysunlar”, - deyən və həmin gecə şəhid olan bir əsgərin vətən sevdasınımı deyim;

      Səhərki ümumi hücuma hazırlaşarkən gecə yatmadan paltarlarını yuyan, səbəbini soruşan komandirlərinə şəhid olmaq üçün ən təmiz paltarı ilə döyüşə girmək istədiyini deyən əsgərlərin şəhadət eşqinimi deyim;

      Şəhid olduğu halda əlindəki silahına var gücü ilə sarılan, silahını buraxmayan əsgərin sədaqətinimi deyim;

      Düşmən belə olsa, yaralısına mərhəmət göstərən, onu şəfa çadırına daşıyan “mehmetcik”in mərhəmətinimi deyim;

      Dörd əsgərin çətinliklə qaldıra bildiyi ağır top mərmisini təkbaşına qaldıraraq topa yerləşdirən və düşmən gəmisini məhv edən Seyid çavuşun imanla yoğrulan gücünümü deyim;

      Saymaqla bitməz ki bu dastan!..

      Çünki hələ də davam edir bu dastan, bu gün də! Yenə yurdunu qorumaq, vətənini düşmənindən mühafizə etmək uğrunda sevə-sevə, gülərək şəhadət meydanına atılan igidlərin təbəssüm edən üzlərində, qürur və inamla parıldayan gözlərində, ümid və təsəlli bəxş edən sözlərində yaşayır bu sevda!..

      Adı bir gün Lələtəpə olar, bir gün Afrin olar, amma vətəninə sevdalı igidlərin ürəyində bitməz bu sevda!..

      İndi söylə,

      Sən, ey qaranlıq gecələri nuru ilə aydınladıb ulduzları ilə bəzəyən nazlı hilal,

      Sən, ey məşriqdən məğribə bütün dünyanı aydınlığa qərq edən qoca günəş,

      Sən, ey səma, ey ərz!..

      Söylə,

      Gücünü imanından, cəsarətini əslindən, iradəsini torpağından, əzəmətini adından alan bir ordudan daha qüdrətlisini gördünmü?!..

      • Hits: 156 clicks

      Tecox component by www.teglo.info