Fuad QULİYEV- Onun gözüylə gənc

      Share

                  Gənclik – Onun (s.ə.s) yolundan gedərək təltifinə nail olmaq üçün dünya həyatının ən gözəl dövrüdür.

                  Gənclik – Onun (s.ə.s) hər bir tövsiyəsini düzgün idrak edib var gücüylə dünyanı və axirəti qazanmaq üçün fürsət çağıdır. Ötüb keçən müvəqqəti güc, enerji, sağlam vücud kimi imkanların nisbi dəyər daşıdığını başa düşmək, şəxsiyyət formalaşmasının ən mühüm mərhələsində yer alaraq dünyadakı yaşam prinsiplərinin tətbiqində əsas məqsədin Allahın rizasına nail olmaq üçün çalışmaq olduğunun fərqinə varmaqdır, gənclik dövrü.  

      Gəncliyin bu qiymət və enerjisini təqdir edən Rəsulullah (s.ə.s) risalət vəzifəsinin ilk günlərindən etibarən gənclərlə yaxından ünsiyyət qurmuş və onlara xüsusi diqqət göstərmişdir. Bu yaxınlığı və ünsiyyəti də məhz həmin insanların hər birinin ayrı-ayrılıqda xarakteri, idrak qabiliyyəti və səviyyəsi diqqətə alınaraq gerçəkləşmişdir. Sonra isə onlarla sanki bir cərəyan xətti kimi axan, səmimi və dərin məhəbbət telləri vasitəsi ilə könül bağı qurulmuş, bir mənada onların ruhlarına nüfuz edəcək bir damar tapmışdır. Bunun sayəsində onları nəbəvi tərbiyə ilə yetişdirib İslam dünyasının ulduz şəxsiyyətləri halına gətirmişdir.

      Misal üçün, Hz. Əli (r.a) İslamı böyük bir mətanətlə qəbul edərkən hələ on yaşında bir uşaq idi. Peyğəmbərimizin (s.ə.s) ülvi tərbiyəsi altında elmdə, irfanda, idarəetmədə, savaş meydanında, bir sözlə hər sahədə zirvə bir şəxsiyyət olaraq yetişdi. Nəticədə elə bir zirvəyə çatdı ki, fətva vermə səlahiyyətinə malik gənc səhabələrdən biri oldu.

      Peyğəmbərimizin (s.ə.s) azad etdiyi köləsi Zeyd bin Harisə (r.a) hidayət tapdığında on beş yaşında idi. Taifdə Peyğəmbərimizə atılan daşlara qarşı vücudunu zərrə qədər şübhə və tərəddüd etmədən, şücaətlə sipər edən qorxmaz və cəsur bir gənc idi. Oğlu Üsamə bin Zeyd on doqquz yaşında İslam ordusuna komandanlıq etmişdi.

      Bu misalların sayını, əlbəttə, artırmaq olar, ancaq bu tarixi hadisələrdən hansı dərsləri və ibrətlik nəticələri çıxarmalıyıq və bütün bunlar müasir gəncliyimizə hansı mesajları çatdırmalıdır? Peyğəmbərimiz (s.ə.s) əsri-səadət dövründə, həyatda ikən bunlara nail ola bilmişdi. Ondan sonra belə bir nəsil yetişdirmək, onun sözləri və feilləri ilə göstərdiyi istiqamətdə gediləcəyi təqdirdə həmin keyfiyyətlərə nail olmaq olmazmı? - kimi sualların insan beynində dönüb-dolaşması da təbii deyilmi? Allah Rəsulunun (s.ə.s) əshabının təlim-tərbiyəsində istifadə etdiyi metodlar doğru üsullarla tətbiq ediləcəyi zaman günümüzdə də gənclərimizin, ümumilikdə isə insanların həqiqi potensialları və qabiliyyətləri nisbətində yüksək keyfiyyətlərə nail olmasına şərait yaradacaqdır.

      Peyğəmbərimiz (s.ə.s) gənclərə nə tövsiyə edərdi?

      “Məni Rəbbim tərbiyə etdi, həm də çox gözəl tərbiyə etdi” (Süyuti, Camius-sağir, I, 12) buyuran Allah Rəsulu (s.ə.s) Uca Allahın ona verdiyi ülvi vəzifə səbəbi ilə hər kəsə rəhmət, mərhəmət və şəfqət pəncərəsindən baxmış, heç bir kəsi hidayət dəvətinin kənarında tutmamışdır. Odur ki, yeganə məqsədi bütün könülləri Allaha və xeyrə istiqamətləndirmək olmuşdur. Gənclərə dair hədisi-şəriflərə baxdığımız zaman Peyğəmbərimizin (s.ə.s) onları daim əbədi həyatı əldə etməyə təşviq etdiyi görülür. Bir gün gənc səhabəsi olan Muazın (r.a) əlini tutaraq:

      “Ey Muaz! Vallahi, səni çox sevirəm!” - buyurmuşdu. Muaz da:

      “Atam-anam sənə fəda olsun, ey Allahın Rəsulu! Mən də səni çox sevirəm!”-dedi. Daha sonra Fəxri-kainat (s.ə.s) ona:

      “Ey Muaz! Sənə hər namazın sonunda: “Allahım! Səni zikr etmək, sənə şükür etmək və gözəl bir şəkildə qulluq edə bilmək üçün mənə yardım et!” duasını heç tərk etməməni tövsiyə edirəm”, - deyə buyurdu. (Əhməd b.Hənbəl, V, 244-245)

      Peyğəmbərimizin yaxınındakı bir gəncə and içərək “səni sevirəm” deməsi və ona bu şəkildə tövsiyələr etməsi misilsiz, heç bir şeylə müqayisə edilməyəcək bir ünsiyyət tərzi deyilmi?

      Onun (s.ə.s) həyatına nəzər saldığımız zaman ətrafında hər zaman gənclərin olduğu və onlarla xüsusi maraqlandığı görülür ki, bunun nəticəsində nəbəvi tərbiyə altına girən həmin gənclər fəzilətlər mədəniyyətinin müstəsna şəxsiyyətlərindən olmuş, bu tərbiyədən nəsibini almayanlar isə əbədi peşmançılığa doğru sürüklənməkdən xilas ola bilməmişdir.

      Peyğəmbərimizin bu tövsiyələri imanı qoruyub saxlamağın ovcunda atəş parçası saxlamaqla müqayisə edilən günümüzdə, həqiqətən, nə dərəcə əhəmiyyət kəsb etdiyinin ən açıq təzahürləridir. Onun (s.ə.s) yolundan gedən, onun sünnəsini, yaşantısını özünə düstur kimi seçən insanların həm bu dünyada, həm də axirətdə nicat tapacağına heç şübhə yoxdur. Ta ki, səmimiyyət və ixlas bu yolda ən təməl prinsip olsun.

      Həqiqətən, gənclik o dərəcə əhəmiyyətli bir mərhələdir ki, böyüklərimiz bir millətin istiqbalını öncədən görə bilməyi kəramət hesab etməz. Bunun üçün o millətin gənclərinin enerjilərini haralarda tükətdiyinə baxmağın kifayət etdiyini söyləyərlər. Çünki hər dövrün gəncliyi aldığı tərbiyə nəticəsində enerjisini xərcləyəcək bir həyat tərzi seçər özünə. Gəncliyin həyat tərzi isə o millətin istiqbalını göstərən şəffaf bir ayna kimidir.

      • Hits: 138 clicks

      Tecox component by www.teglo.info