Rüfət ŞİRİNOV- QƏLBİ ZƏNGİN MUHAMMƏD (S.Ə.S)

      Share

      Sekulyarlaşan və dünyəvi mənfəətləri ön planda tutan insanların gündəmlərini hər zaman Hz. Peyğəmbərin (s.ə.s) dünyəvi həyat tərzi -  zəngin və yaxud yoxsul həyat tərzlərindən hansını seçdiyi məşğul etmişdir.

       Əvvəla onu ifadə edək ki, Hz. Peyğəmbəri (s.ə.s) zəngin, varlı şəxs olaraq görmək istəyənlər Onu (s.ə.s) “bir əli balda, bir əli yağda” kimi təsvir etdikləri kimi, qarşı fikirdə olanlar da sanki ömür boyu aclıqdan və imkansızlıqdan qıvranan və daim qarnına daş bağlayıb gəzən peyğəmbər kimi göstərməyə çalışırlar. Ancaq ifrat dərəcədə təsvir edilən bu iki həyat tərzinin heç biri Hz. Peyğəmbərin yaşadığı həyat deyil.

      Peyğəmbərimiz (s.ə.s), məlum olduğu kimi, hələ dünyaya gəlmədən atasını, altı yaşında da anasını itirmişdi. Ona atasından beş dəvə, bir qulluqçu və bir miqdar mal-qara, anasından da bir ev miras qalmışdı. Uşaqlıq illərində çobanlıqla məşğul olaraq qazancını təmin etmişdi. Gənclik illərində daha sonra xanımı olacaq Xədicə ilə şərik olaraq ticarətlə məşğul olmuşdur. Məkkədə Hz. Xədicə vəfat edincə də ona miras qalan malını məkkəli müşriklər müsadirə etmişdi. Mədinəyə hicrət edəndə heç bir var-dövlətə malik deyildi.

      O nə peyğəmbər olduğuna görə, nə də dövlət idarəçisi olduğuna görə dövlət büdcəsindən maaş almırdı. Qurani-Kərimdə də ifadə edildiyi kimi, bu işinin qarşılığı Allah tərəfindən axirətdə bəxş ediləcəkdir. Məhz buna görə də, onun heç bir zaman dövlət idarəçisi, yaxud peyğəmbər olub zənginləşmə xəyalı və istəyi olmamışdır. Əgər belə bir məqsədi olsaydı, o, dünyada ən zəngin krallardan daha zəngin və firavan həyat yaşayardı.

      Məqsəd Allah rizası olduğuna görə hər zaman insanlara xidmət və Allahı razı salmaq onun ən ümdə vəzifəsi olmuşdur. Zəngin olmaq arzusunda olsaydı, hələ təbliğatının ilk illərində məkkəli zadəganların ona təklif etdiyi var-dövlət və səltənəti qəbul edər və özünü təhlükəyə atmazdı. Tam tərsinə, o, dövlət idarəsinə gəldiyi zaman insanlardan toplanan zəkat, sədəqə və yardımların özünün ailəsinə haram olduğunu elan etmişdir. Hətta qohum-əqrəbasının dəfələrlə zəkat və vergilərdən yararlanmaq üçün ona etdiyi müraciət hər dəfəsində rədd edilmişdir. O, özünü xalqın xəzinədarı və xidmətçisi kimi görürdü. Onun idarəçiliyində xalqa xidmət ön planda idi.  Burada yeri gəlmişkən onu da qeyd edək ki, XX əsrə qədər bütün krallar vergini xalq adına deyil, öz adlarına toplayırdılar. Yəni bütün imtiyaz kralların əlində idi. Günümüzdə tətbiq olunan “xalqdan toplanan vergilərin xalq üçün xərclənməsi” anlayışının əsası əslində 14 əsr əvvəl Hz. Peyğəmbər (s.ə.s) tərəfindən qoyulmuşdur.  

      Mədinəyə hicrət edəndə oradakı imkanlı müsəlmanlar Hz. Peyğəmbərə (s.ə.s) müxtəlif hədiyyələr vermişdir. Məlum olduğu kimi, Hz. Peyğəmbər (s.ə.s) sədəqə və zəkatı almadığı halda, hədiyyələri qəbul edərdi. Ancaq aldığı hədiyyələri ki, bunların arasında çoxlu mal-qara və xurma bağları da vardır, hamısını yoxsul və ehtiyacı olanlara pay etmişdir. Sadəcə öz ailəsi üçün kifayət edəcək qədərini saxlamışdır. Hz. Peyğəmbər (s.ə.s) heç vaxt dünyaya meyl etməmiş, zəngin olmağı sevməmişdir. Fəqət bu o demək deyildir ki, İslam dini zəngin və varlı olmağa qarşı çıxmışdır; əksinə, buna təşviq etmişdir. Çünki zəngin və imkanlıların din üçün edə biləcəyi daha çox işlər vardır.

      Mal-dövlət axirəti qazanma vəsiləsi olduğu kimi, yoxsulluq da axirəti qazanma vasitəsidir. Varlığı nisbətində Allah yolunda xərcləmək və şükür etmək kimi, yoxsulluqda da bunu Allahdan bilib səbir etmək əsasdır. İslam dinini zənginlərin dini və yaxud yoxsulların dini kimi tanıtmağa heç kimin haqqı yoxdur. İslam qazancın, mal-dövlətin cibdə qalmasını, qəlbə yerləşməməsini; halal olmasını və halal yerə xərclənməsini tövsiyə edir. Odur ki, Hz. Peyğəmbərin vaxtaşırı imkansızlığından qarnına daş bağlaması ilə əlaqəli rəvayətləri anladaraq ömür boyu möhtac halda yaşayan peyğəmbər təsəvvürü formalaşdırmağa çalışmaq nə qədər səhvdirsə, çox zəngin olub firavan yaşadığını da söyləmək bir o qədər səhvdir.  

      Onu da qeyd edək ki, ətrafında zəngin səhabələrin olması onun zöhd həyatını seçməsinə mane deyildir. Hətta “zəngin səhabələri var ikən necə olur, o, yoxsul həyatı yaşamışdır?”- deyərək bunu məntiq çərçivəsində izah etməyə çalışanlar da az deyildir. Unutmayaq ki, Allahın Elçisi heç bir şeyi şəxsi rahatlığı üçün istəməmişdir. Həyatında atdığı hər addım Allah üçün idi.

      Xülasə, Hz. Peyğəmbərin zənginlik və yoxsulluğunu müzakirə edib cəmiyyətin zehnini qarışdırmaqdansa, onun təqva, zöhd, qayğıkeşlik kimi xüsusiyyətlərini müzakirə etmək daha uyğun davranış olar.

      • Hits: 97 clicks

      Tecox component by www.teglo.info