Şirəli MƏMMƏDOV- XƏBƏR

      Share

      Türkiyə ordusu Afrində əməliyyatlara başladı

      Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri (TSK) Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlayıb. "Zeytun Budağı" adlı əməliyyatın məqsədi PKK/YPG/KCK və İŞİD terrorçularını zərərsizləşdirmək və Türkiyə sərhəddindən uzaqlaşdırmaqdır. Əməliyyatlar zamanı TSK hərbçilərinə Azad Suriya Ordusu da dəstək verir. Bəzi ölkələr əməliyyatı tənqid etsə də, başda NATO olmaqla bir çox ölkə bunun Türkiyənin suveren hüququ olduğunu deyib. Ölkə prezidenti R. T. Ərdoğan, son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatların davam edəcəyini deyib.

      Qeyd edək ki, rəsmi Bakı "Zeytun Budağı" əməliyyatına dəstək nümayiş etdirib, millət vəkili Qənirə Paşayeva AŞPA-nın iclasında beynəlxalq sülhün bərqərar edilməsi üçün qurumu əməliyyata dəstək verməyə səsləyib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə çıxışında Türkiyənin apardığı əməliyyatları "istila" və "müdaxilə" adlandıranları tənqid edib və bu əməliyyatların işğal olmadığını diqqətə çatdırıb.  

       

       

      Qış olimpiya oyunlarında müsəlmanlar üçün imkanlar yaradılıb

       

      Cənubi Koreyada bu il keçirilməsi planlaşdırılan Pxençxan 2018 qış olimpiya oyunları müsəlmanlar üçün yeni imkanların qapısını açacaq. Rəsmi Seul bu çərçivədə yeni addımlar atmağa hazırlaşır. Ölkənin Turizm İdarəsi fevralın 25-də başlaması planlaşdırılan qış olimpiya oyunlarının müsəlman iştirakçıları üçün mobil məscid tikintisinə başlayıb. İdarədən verilən məlumata görə, müsəlmanlar üçün nəzərdə tutulan iki mobil bina artıq test mərhələsindədir. Həmin mobil binalarda ayaqyolu, dəstəmaz otağı, duş kabinası, namaz otağı və təbii ki, oxumaq üçün Qurani-Kərim olacaq.

      İdarə rəhbərliyi həmçinin bildirib ki, mobil binaların fəaliyyəti qış olimpiya oyunlarının başa çatmasından sonra da davam edəcək. Bu isə öz növbəsində ölkəyə cəlb edilən müsəlman turist sayının çoxalması deməkdir. Qeyd edək ki, 2017-ci ildə Cənubi Koreyanı 1 milyon müsəlman turist ziyarət edib.

       

      Ney səsini dinləyən italyan müsəlman oldu

       

      İtalyan Françesko Piani ney səsinə qulaq asaraq İslam dinini qəbul etdiyini bildirib. Paytaxt Romada keçirilən 8-ci Errichetta beynəlxalq musiqi festivalında iştirak edən Piani neyin səsinin ürəyinə toxunduğunu və onu düşdüyü qaranlıqdan çıxardığını qeyd edib.  

      Bir şirkətdə idarəçi və peşəkar neyzən olan Françesko Piani Şərq çalışmaları üzrə təhsil aldıqdan sonra şərq musiqisi ilə də maraqlanmağa başladığını və ney kursuna getdiyini deyib.

      "Müasir fəlsəfə bizi Nihilizmə doğru itələyir. Bu, mənə heç yaxşı gəlmirdi. O dövrdə daxili bir depressiya yaşayırdım. Daha sonra neylə qarşılaşdım. Neyin səsi ürəyimə toxundu, məni düşdüyüm qaranlıq yerdən çıxardı və müsəlman oldum. Təbii ki, İslam təsəvvüfünü tam olaraq qavramaq üçün zamana ehtiyacım var idi. Bu müddətdə tez-tez Türkiyəyə getdim. Nəhayət, İstanbulda kəlmeyi-şəhadət gətirib müsəlman oldum", - deyə Piani vurğulayıb. 

       

      Məkkə üçün yeni layihə - 30 milyon zəvvar

       

      Səudiyyə Ərəbistanı rəhbərliyi Məkkə şəhərində 30 milyon zəvvar qarşılamaq gücünə malik yeni layihə hazırlayır. Rəsmi "SPA" agentliyinin xəbərinə görə, Ciddə şəhərində Məkkə İnşaat sərgi və konfransı keçirilib. 

      Tədbirdə ictimai və özəl sektor qurumları ilə nazirlik və polis idarəsi nümayəndələri iştirak edib. Məkkənin zəvvar tutumunun 30 milyona qədər artırılmasının müzakirə edildiyi tədbirdə, şəhərin yenidən tikilməsini nəzərdə tutan layihənin maketləri də iştirakçılara təqdim edilib.

      Tədbirdə həmçinin Məkkədə, xüsusilə də həram bölgəsində daha çox zəvvarın rahat ziyarət etməsi üçün Kəbənin ətrafının genişləndirilməsi, elektrik, su və səhiyyə xidmətlərində islahatların həyata keçirilməsi, otel sayının və ictimai nəqliyyatın çoxaldılması və Ciddə hava limanının genişləndirilməsi kimi layihələr barədə ətraflı məlumat verilib. 

      Layihələrin Səudiyyə Ərəbistanının 2030-cu il hədəfləri çərçivəsində həyata keçiriləcəyi bildirilir.

      Qeyd edək ki, son illər Səudiyyə Ərəbistanı təxminən 5 milyon ümrə ziyarətçisi ilə 2 milyon həcc zəvvarı qəbul edir.

      • Hits: 132 clicks

      Tecox component by www.teglo.info