Müşfiq XƏLİLOV- Şəhidlərin əfəndisi

      Share

      Hz. Həmzə (r.a) Peyğəmbərimizin (s.ə.s) əmilərindən ən kiçiyi idi. Atasının adı Əbdülmüttəlib, anasının adı Halədir. Ləqəbi Əsədullahdır (Allahın Aslanı).

      Peyğəmbərimizə süd verən, Əbu Ləhəbin cariyəsi olan Süveybə daha əvvəl Hz. Həmzəni əmizdirmişdi. Bu səbəblə o, eyni zamanda  Peyğəmbərimizin süd qardaşı sayılır.

      Hz. Həmzə (r.a) orta boylu, güclü-qüvvətli, heybətli bir səhabə idi. O, həm də yaxşı bir ovçu, kəskin bir nişançı idi. Məzlumlara yardım etməyi sevən cəsur bir döyüşçü idi. 

      Hz. Həmzə Əbu Cəhlin Peyğəmbərimizə etdiyi bir hörmətsizliyin təsiri ilə baş verən hadisələrdən sonra müsəlman olmuşdu. Belə ki, bir gün Peyğəmbərimiz (s.ə.s) Səfa təpəsində ikən Əbu Cəhl və dostları onun yanına gəldi. Əbu Cəhl Peyğəmbərimizə nalayiq bəzi sözlər söylədi. Bunu eşidən Abdullah bin Cüdanın cariyəsi hadisəni ovdan qayıdan Hz. Həmzəyə xəbər verdi. Bunu xəbər alan Hz. Həmzə dərhal Qureyş müşriklərinin olduğu yerə getdi.

      “Qardaşımın oğlunu təhqir edən, onun qəlbini qıran sənsən?” - deyərək boynundakı yayı ilə Əbu Cəhlin başını yeddi yerdən yardı. Əbu Cəhlin dostları Hz. Həmzəyə cavab qaytarmaq istədikdə özü buna mane oldu: “Ona toxunmayın, Həmzə haqlıdır”, - deyib onu yola saldı. Daha sonra dostlarına: “Amandı, Həmzəylə işiniz olmasın, yoxsa bizə hirslənib gedib müsəlman olar və nəticədə Muhamməd daha da güclənər”, - deyərək öz hiyləgərliyini ortaya qoydu.

      Hz. Həmzə Peyğəmbərimizin yanına gəlib: “Ey Muhamməd, Əbu Cəhldən intiqamını aldım. Onu qana boyadım, sevinə bilərsən”, - dedi.

      Allah Rəsulu (s.ə.s): “Mən belə şeylərə sevinmərəm”, - buyurdu.

      Hz. Həmzə: “Səni sevindirmək üçün nə istəsən edərəm”, - dedikdə Peyğəmbərimiz (s.ə.s): “Mən ancaq sənin iman etməyinlə, qiymətli bədənini cəhənnəm odundan qurtarmağınla sevinərəm”, - deyə cavab verdi.

      Allah Rəsulunun (s.ə.s) bu cavabından Hz. Həmzə çox təsirləndi. Kəlmeyi-şəhadət gətirərək müsəlman oldu. Çox keçmədi ki, haqqında bu ayə nazil oldu: Heç ölü ikən diriltdiyimiz (kafir ikən iman bəxş etdiyimiz), sonra insanlar arasında gəzmək üçün özünə bir nur verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi”. (əl-Ənam, 122)

      Hz. Həmzə daha sonra Zeyd ibn Harisə, Əbu Mərsəd Kənnaz, Ənəs və Əbu Kərsə (r.anhum) ilə birlikdə Mədinəyə hicrət etdi. Peyğəmbərimiz Mədinəyə hicrət etdiyi zaman məkkəli müsəlmanları həm öz  aralarında, həm də mədinəli müsəlmanlar arasında bir-birinə qardaş elan etmişdi. Bu səbəblə Hz. Həmzə öz aralarında Zeyd ibn Harisə  ilə qardaş olmuşdu. Hz. Həmzə bu qardaşını çox sevər, səfərə çıxdığı zaman hər şeyini ona vəsiyyət və əmanət edərdi.

      Hz. Həmzə Bədr döyüşündə Qureyşin müşrik böyüklərindən olan Şeybə, Utbə və Tuaym ibn Adiyi bir zərbəylə məhv etmişdi.

      Qureyş Bədrin intiqamını Uhudda almaq üçün hazırlıq gördü. Xüsusilə Cübeyr ibn Muti əmisi Tuaymın intiqamını almaq üçün çox əzmli idi. Cübeyrin Vəhşi adında həbəşli bir köləsi vardı. Bu kölə döyüş meydanında mizraq atmaqda məharətli idi. Cübeyr köləsi Vəhşiyə: “Uhudda Həmzəni öldürərək əmimin intiqamını alsan, səni azad edəcəyəm”, - deyə söz verdi.

       Utbənin qızı Hind də Hz. Həmzənin öldürülməsi üçün Vəhşini təşviq etdi, ona çoxlu ləl-cəvahirat vəd etdi.

      Vəhşi açıq meydanda döyüşməkdən çəkinir, daha çox pusquda duraraq mizraq atmağı sevirdi.

      Daha sonralar Vəhşi Uhud müharibəsindəki hadisəni belə açıqladı: “Gözüm Həmzəni axtarırdı. Onu öldürməyi çox istəyirdim. Azadlığım məhz onun ölümünə bağlı idi. Bir qayanın arxasına gizlənib pusquda durdum. Bu əsnada Qureyşdən Siba ibn Ümmü Əmmar: “Mənimlə təkbətək vuruşacaq bir igid varmı?” - deyə meydan oxuyurdu. Həmzə: “Allah və Rəsuluna meydan oxuyan sənsən?” - dedi, göz açdırmadan, ayaqlarından vuraraq onu yerə sərdi.  Bu zaman Həmzənin də ayaqları sürüşdü. Məhz o əsnada mən mizrağımı atdım və öldürdüm”.  

       Daha sonra Hind Hz. Həmzənin yanına gələrək onun burnunu, qulaqlarını kəsdirdi, mübarək cəsədinə qarşı nalayiq işgəncələr etdi, hətta ciyərini belə çıxararaq çeynədi.

      Hz. Həmzə (r.a) şəhid olduğunda oruclu idi. Peyğəmbərimiz (s.ə.s) məhz onun üçün: “Seyyidüş-şühəda” (şəhidlərin əfəndisi) buyurmuş və mübarək cəsədinin mələklər tərəfindən yuyulduğunu xəbər vermişdir.

      Döyüş bitmişdi. Peyğəmbərimiz (s.ə.s) Hz. Həmzənin cəsədinin parça-parça edildiyini görəndə kövrəlib ağladı. Mübarək gözlərindən yaş axa-axa belə buyurdu: “Mən bu şəhidlərin Allah-Təalanın yolunda canlarını fəda etdiklərinə qiyamət günü şahidlik edəcəyəm. Onları qanları ilə birlikdə dəfn edin. Vallahi, qiyamət günü məhşərə yaraları qanayaraq gələcək və qoxuları müşk qoxusu olacaqdır”, - buyurdu.

      Hz. Həmzənin və digər şəhidlərin cənazə namazları qılındı. Peyğəmbərimiz (s.ə.s) hər şəhidlə birlikdə Hz. Həmzənin də namazını təkrarlamış və beləliklə, o gün onun cənazəsini dəfələrlə qıldırmışdır.

      Peyğəmbərimizdən iki yaş böyük olan Hz. Həmzə (r.a)  şəhid edildiyi zaman əlli yeddi yaşında idi.

      Allahın rəhməti onun və bütün şəhidlərimizin üzərinə olsun!

      • Hits: 334 clicks

      Tecox component by www.teglo.info