Saleh ŞİRİNOV- MÜƏLLİMİN BƏDƏN DİLİ

      Share

      Uşaqlar böyüklərin (valideyn və ya müəllimin) nə dediyindən daha çox nə demək istədiyinə diqqət yetirərlər. Bu səbəblə böyüklərlə girdikləri dialoqlarda bütün uşaqlar (fərqində olmadan) böyüklərin bədən dillərini oxumaqda məharət sahibidirlər.

      Böyüyün bir baxışına, gülüşünə və səssiz duruşuna uşaqlar çox gözəl məna verərlər. Bundan ötəridir ki, uşaqlarla həmsöhbət olan böyüklər istifadə etdikləri bədən dilinə olduqca diqqət yetirməlidirlər. Bəlkə, niyyətləri yaxşı olsa da, istifadə edilən bədən dilində bu yaxşı niyyət əks olunmazsa, uşaqlar şifahi ünsiyyətdə sərf olunan sözlərə deyil, bədən dilinə diqqət yetirərlər.

      Bədən dili nədir?

      Bədən dili insanın ruhunda yaşadığı bütün duyğuların bədəninə əks etməsi, bədənini də təsiri altına almasıdır. Beləcə, əgər ruhunda bir xoşbəxtlik, sevinc halı yaşayırsa, bu, dodaqlarına yansıyar, gözlərindən oxunar. Əgər ruhu daralmış və içində sıxıntılar varsa, bu da olduğu kimi bədəninə əks olunar.

      İnsanın ruhu bədən dili ilə oxunar. Bu cəhətdən baxdıqda bədən dilinin sağlam işləyə bilməsi üçün ən əsas şərt insanın öz daxilində barışıq olması; içindəki problemləri bir kənara qoyaraq nə etmək istədiyi mövzusunda fikrini cəmləşdirməsidır.

       

      Bədən dilindən istifadə edərkən diqqət olunacaq xüsuslar:

       

      1. Şişirdilmiş ifadələrdən çəkinmək: Madam ki, bədən dili insanın duyğularında yaşadıqlarının qarşılığının bədəninə əks olunmasıdır, o halda şişirtmələrdən çəkinmək, hiss etmədiyini hiss edirmiş kimi bədəninə əks etdirməyə çalışmamaq lazımdır. Əgər içimizdən gülmək gəlməmişsə, gülməməliyik; içimizdən ağlamaq gəlmirsə, əsla ağlar kimi etməməliyik. Dinləyici bunun saxta və ya həqiqi bir davranış olduğunu ayırd etməkdə çətinlik çəkməz.

      2. Göz ruha açılan qapıdır: Bədən dilindəki ən əhəmiyyətli funksiyanı gözlər yerinə yetirər. İnsanın gözlərində sanki ruhunun dərinliklərinə enən bir yol var. Buna görə də içində gizliliklər saxlayan kəslər ünsiyyət qurduqları adamın gözlərinə baxmaqdan çəkinərlər. Bir böyüyün edəcəyi ən əhəmiyyətli şey uşaqla ünsiyyət içində ikən onun gözlərinə sevgi dolu, səmimiyyətlə baxa bilməsidir. Beləcə, uşaq qarşısındakı böyükdə etimad hiss edər.

      3. Eyni səviyyəyə enmək: Uşaq ilə qurulacaq ünsiyyətdə böyüyün boyu uzun olduğu üçün uşağa təpədən baxırmış kimi bir təəssürat oyandıra bilər. Heç bir insan özünə yuxarıdan baxan birindən xoşlanmaz. Buna görə də uşaqla qurulacaq ünsiyyətdə mütləq uşağın gözü səviyyəsinə qədər əyilmək və lazım gələrsə, diz üzərində oturaraq uşaqla eyni səviyyədə danışmaq lazımdır.

      4. Dəyər vermək üsulları: Böyüklərin ən məşhur hərəkəti uşaqların başını sığallamaqdır. Bu şəkildə uşağa dəyər verdiklərini düşünərlər. Bəli, bu hərəkət yerinə görə  doğrudur. Ancaq əgər uşağın başının harasının sığallanacağı bilinməzsə, uşaq ilə böyük arasında uyuşmazlıq meydana gələr. Heç bir uşaq başının tam təpəsinin sığallanmasından xoşlanmaz. Çünki təpədən sığallanmaq uşaq üçün kiçiklik ifadəsidir. Uşaqlar ən çox gicgah nayihəsindən aşağı doğru sığallanmaq istəyərlər.

      5. Yumşaq səslə danışmaq: Bir çox böyüklər uşağı idarə altına ala bilmək və ona söz keçirə bilmək üçün sərt bir səs tonu ilə danışmağı bacarıq zənn edər. Halbuki sərt səs uşağın duyğu dünyasının bağlanmasına və öyrənmənin axsamasına səbəb olur. Bunun yerinə uşaqla danışarkən yumşaq səs tonundan istifadə etmək lazımdır.

      6. Nitqin gözəlliyinə diqqət: Uşaqlar çox danışan deyil, aydın şəkildə danışan böyükləri dinləmək istəyərlər. Bu səbəblə izah edilən şeylərin çox olması bacarıq deyil, mühüm olan uşağın anlaya bilməsidir.

      7. Uşaq ovuc içləri açılmış böyüyü sevər: Uşaqlara əlini uzadan böyük, ovucları açıq və yuxarı gələcək şəkildə uşağa uzanmalıdır. Əlinin üstü yuxarı şəkildə uşağa uzanmaq ona hücum etmək hissini xatırladar.

      8. Hərəkətlərin üslubuna diqqət: Uşaqlarla ünsiyyət quracaq böyüyün ən diqqət yetirəcəyi şey rəftar və davranışlarında yavaş, sükunət və təmkin içində olmasıdır. Uşaqlar sürətli hərəkət edən, tələskən işlər görən, onu tələsdirən böyüklərdən xoşlanmazlar.

      9. Bədəni dik saxlamaq: İnsanlar qarşıdakı insanın bədəninin tükənmişliyini hiss etdikdə o adamın duyğularının da tükənmiş olduğu hissinə qapılarlar. Bu səbəblədir ki, bədən sanki yorğunluq və bir tükənmişlik hissi oyandıracaq dərəcədə çökmüş və özündən getmiş kimi dayanmamalı, enerji dolu bir diklik içində uşaqla ünsiyyətə keçməlidir.

      10. Qəlbinə girmək: Bir insanın düşüncəsinə təsir edə bilmək üçün qəlbinə girmək şərtdir. Qəlbinə girilmədiyi müddətcə istənilən məlumat lazımi şəkildə verilə bilməz.

      11. Düzgün istiqamət vermək: Qarşınıza gələn tələbə nə qədər qabiliyyətli olursa olsun, əgər düzgün istiqamət verilməzsə, istədiyiniz heç bir nəticə (səmərə) əldə edilə bilməz.

      12. Diqqətləri canlı tutmaq: Yaş kiçildikcə insanın diqqət hüdudu da qısalır. Məsələn, balaca uşaqların bir mövzuya diqqəti 3-4 dəqiqə arasında olur. Ona görə də tez-tez mövzunu dəyişmək və ya əyləncəli bir fasiləyə yer ayırmaq, bununla da öyrədilmək istənən məsələyə diqqəti canlı tuta bilmək lazımdır.

      • Hits: 355 clicks

      Tecox component by www.teglo.info