Adem ŞAHİN- BİR BAĞLAMA

      Share

      Dekabrın 6-da telefonumun yaddaşında olmayan bir nömrədən zəng gəldi. Adsız nömrələr istisnasız məni narahat edir. Kimdir, nəçidir?..

       Açdım, adının Bekpolad olduğunu, Manas universitetində tələbə olduğunu və Bakıdan gəldiyini dedi. Bir də ki, - Ahmet Tecim bəyin salamları var, sizə jurnal göndərib, - dedi. Sonra da, - mən jurnallara baxmadım, bağlamanı açmamışam, - deyə əlavə etdi. Bekpolad özünə əmanət edilən jurnallar haqqında niyə özünü müdafiə etməyə çalışdı, bilmədim. Hər millətin özünəməxsus refleksləri var. O millətin dilini bilmək, çörəyini yeyib suyunu içmək reflekslərini başa düşmək üçün kifayət etmir.

      Bekpolad ilə görüşdüm, baxdım ki, bağlamanın ağzı açılıb. Ah Bekpolad, jurnallara baxa bilərdin. Xüsusi bir dəftər və ya məktub deyil ki, ayıb sayılsın. Bu jurnallar aləmlərə rəhmət, insanlara dərmandır…

      Üstünə “İrfan jurnalı, Bizim Ailə” yazılı olan sellofan bağlamanı evə gətirdim. Ahmet Tecim abi jest etməyi sevəndir. Bağlamanı açıram; sevindiyimdən yerimdə dayana bilmirəm. Kiçik bir sellofanın içinə 86 000 km2-lik Azərbaycan sığıb; Bakı, Şamaxı, Ağsu, Ağdaş, Qəbələ, Zaqatala gözümün qabağından keçir. Qulağımda himnin “üçrəngli bayrağınla məsud yaşa” sözləri çınlayır… Səməd Babanın və rəhmətlik Əmrullah dayının papağı, Salman bəyin gülüşü, rəhmətlik Zöhrab (Seyrab) dayının zərafəti… Adlarını tək-tək saysam, jurnal başdan-sona dolar.

      Gəncliyə Yardım Fondunu tanıdan broşüraya baxıram. Gözümün önünə Azərbaycanın neft buruqları, Bibiheybət məscidi, Xəzərin dalğaları gəlir… İrfan jurnalını əlimə götürürəm. Nömrə nişanı 23-lə başlayan, içi alma ilə dolu olan yaşıl jiqulinin motor səsi qulağımda uğuldayır. Murad xoca gur saqqalı ilə namazdan çıxır, Emin Yetər xoca həyəcanla 1999-cu ilin Qurban bayramından əvvəl gedəcəyi yerə tələsir… Xosrov mədrəsəsində 7-8 yaşında bir uşaq azan oxuyur... Azad adlı bu uşaq böyüdü, əsgər oldu. Hərbi xidmətdə ikən ermənilərlə döyüşdə şəhid oldu. Kənd qəbiristanlığına getsəm, əvvəlcə Bulud Babanı, sonra da Azadı ziyarət etməliyəm. Qulağıma azan ziyafəti vermişdi, məndə haqqı var. Mavi səmada Azadın sədaları eşidilməsə də, azan oxuyuşu qulağımdan getmir. Yaxşı ki, oxumusan, Azad. “Allah ən böyükdür” dedin. “Allahdan başqa ilah yoxdur, Muhamməd onun rəsuludur” deyə var gücünlə dilə gətirdin. Biz dünyaya bu sözləri demək üçün gəlmişik.

      İrfan jurnalına baxıram, gözümün qabağına Xosrov mədrəsəsinin aşpazı Çingiz gəlir… Kia marka minibus sürən Əfqan maşınını kölgəyə çəkib; Çayçı İmran qaz balonunu dəyişir; Fizuli əlində qarovulçu saatı ilə bağçada gəzinir…

      Bizim Ailə jurnalına baxıram, ağappaq saqqalı ilə Veysəl Tatlı xoca gözümün qabağına gəlir.

      Tamara xala hələ də yeməkxanada “niyə xırda kartof alıblar” deyə hirslənir. Qadın haqlıdır, əlbəttə. Ucuz alınan xırda kartofun yarısı qabığı ilə birlikdə soyulub atılacaq… Tamara xalaya qulaq asan kimdir, xırda kartof və ucuzunu almaq hər həftə təkrarlanır. “Mən ucuz mal alacaq qədər zəngin deyiləm” deyən adam necə də gözəl deyib.  

      Bizim ailə jurnalının qapağındakı yaşıl rəng Ağdaş-Qəbələ arasındakı Türyançaya apardı bir anda. Hava müdafiə sisteminin radarlarının yerləşdiyi ərazinin yaxınlığından keçərkən qeyri-ixtiyari olaraq içim ürpərir. Ürpərti yaddan çıxmazmı?! Bəli, illər keçsə belə, unudulmur. Bilgiyə əsaslanan xatirələr tez unudulur, amma sevmək, diksinmək, utanmaq, nifrət etmək kimi hissiyyatla bağlı yaşanmış hadisələr əsla yaddan çıxmaz.

      Təbəssüm jurnalına baxıram. Uşaq səs-küyü və quş cıvıldamaları qulağımda uğuldayır. “Təbəssüm” necə də gözəl bir addır. Necə də ehtiyac duyulan bir tilsimdir. Bu qədər qovğanın, fitnənin, müharibənin olduğu bir dünyada “təbəssüm” deyə səslənə bilmək çox mühümdür. Üç jurnalın adı əslində belə bir mesaj verir: İrfan hər kəsə lazımdır, əsas sütundur. İlk əvvəl İrfan var idi, söz var idi. İrfan atadır. İrfanın arxasınca Bizim Ailə gəldi. Nə qədər elm və irfan sahibi olursan ol, ailə qurmadan olmaz. Bizim Ailə anadır. Ailə qurmaq Rəsulullahın sünnəsidir. Qurmuş olduğun ailə bizim olmalı, yəni dinimizə, dilimizə, mədəniyyətimizə uyğun olmalıdır. Füzuli görsə bəyənməli, Mövlana görsə razı qalmalıdır. Füzulinin, Yəhya Şirvaninin, Mövlananın bəyənmədiyi ailə bizim ola bilməz.

      Ailə ağacdırsa, o ağacın meyvəsi uşaqlardır. Təbəssüm jurnalının şəkillərinə baxan uşağıma “eləcə dur, sənin şəklini çəkim” deyirəm, “xeyr” deyərək arxasını çevirir. Ahmet Tecim bəyə təşəkkür etmək, Təbəssümün günahsız əllərdə olduğunu göstərmək üçün çəkmək istəmişdim, amma gözəl bir foto çəkə bilmədim. Böyüklər inadlaşıb əsəbiləşdirər, uşaqlar isə inadlaşıb təbəssüm etdirər. Gəncliyə Yardım Fondu illərdir alnıaçıq, üzüağ bir şəkildə xidmət edir. Mövlana həyatını “xamdım, bişdim, yandım” deyə xülasə edir. Gəncliyə Yardım Fondunun xülasəsi də İrfan, Bizim Ailə və Təbəssüm adlarında əks etdirilib. Dünya və axirət səadəti bu üçünə sahib olmaqla mümkündür. Bu üçü dərman kimi apteklərdə də satılmalıdır.

      Jurnalları çıxartdıqdan sonra boşalan sellofana baxıram. Gözümün qabağına Azərbaycanın şabalıdı, paxlavası, döşəməli aşı, şorqoğalı və şəkərburası gəlir. İçinə əlimi salıb yoxlayıram, Şəkinin paxlavası, Lənkəranın feyxuası əlimə dəyməsə də, dadı ağzımda yayılır. Ümidsiz olmaq lazım deyil. Jurnalları gətirən yollar ağzını da dadlandırar.

      Nəsibində varsa, gələr Bakıdan,

      Nəsibində yoxsa, nə gələr əldən…

      • Hits: 346 clicks

      Tecox component by www.teglo.info