Səfa MURADOV- BİR HƏDİS

      Share

      عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: بَادِرُوا بِالْأَعْمَالِ فِتَنًا كَقِطَعِ اللَّيْلِ الْمُظْلِمِ، يُصْبِحُ الرَّجُلُ مُؤْمِنًا وَيُمْسِي كَافِرًا، أَوْ يُمْسِي مُؤْمِنًا وَيُصْبِحُ كَافِرًا، يَبِيعُ دِينَهُ بِعَرَضٍ مِنَ الدُّنْيَا

                  Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Yaxşı işlər görməyə tələsin! Yaxın gələcəkdə qaranlıq gecələr kimi fitnələr ortaya çıxacaq. O vaxt insan mömin olaraq sabahlayar, kafir olaraq axşamlayar. Mömin olaraq axşamlayar, kafir olaraq sabahlayar. Dinini az bir dünya mənfəəti qarşılığında satar”. (Müslim, İman, 51; Tirmizi, Fitən, 30)

                      İnsanları daim yaxşılığa səsləyən İslam dini hər zaman yaxşı işlər görməyə çağırmış, pis işlər görməkdən uzaq durmağı tələb etmişdir. Hədisi-şərifdə qeyd olunan "Yaxşı işlər görməyə tələsin!" ifadəsi Qurani-Kərimdə keçən "Yaxşı işlər görməkdə bir-birinizlə yarışın" (əl-Bəqərə, 2/148) ayəsi ilə məna baxımından eynidir. Beləliklə, həm ayədə, həm də hədisdə fərd və cəmiyyət üçün faydalı olan işlərdə insanların bir-biri ilə yarışmaları istənmişdir. Çünki bu yarışın nəticəsində inananlar üçün ən gözəl mükafatlar vardır.

                  Yaxşılıq və faydalı işlər görmək nəfsə ağır gələn və şeytanın da mane olduğu bir haldır. Buna görə də nəfs hər zaman faydalı işlərin gecikdirilməsini istəyər. Şeytan isə bu işdə nəfsə dəstək olar. Halbuki gələcək hər zaman məchuldur. Hədisdə "qaranlıq gecələr kimi" fitnələr ortaya çıxmadan öncə yaxşı işlər görməyə davam etmək lazım gəldiyi vurğulanmışdır. Bir cəmiyyətdə fitnə, özbaşınalıq, çaxnaşma elə bir həddə çata bilər ki, insan mömin olaraq gözünü açıb, kafir olaraq gözünü bağlayar. Bu vəziyyət tam olaraq bir fitnə və anarxiya vəziyyətidir. Belə bir vəziyyətdə heç kəs nə etdiyini bilməz. Din, iman kimi ülvi dəyərlər kiçik dünya mənfəətləri müqabilində satılar.

                  "Fitnə" ya şübhəli vasitələrlə, ya da şəhəvi arzularla olar. Şübhəli vasitələrlə olan fitnənin əsil səbəbi elmsizlik və cəhalətdir. Şəhəvi arzularla olan fitnə isə insanın öz nəfsinə məğlub olaraq Allahın qoyduğu haram hökmünü bilərək pozmaqla olar. Hər iki halda da din və iman kimi ülvi dəyərlər süfli (müvəqqəti) ləzzətlərə fəda edilər. Hədisdə qeyd olunan eyni gün içində möminin kafir və ya kafirin mömin olması bu səbəblərdən biri ilə olur.

                  Burada "dünya mənfəəti" ilə sadəcə mal-mülk deyil, məqam, mövqe, şan-şöhrət, şəhvət kimi bütün dünya mənfəətləri qəsd olunur. Uca Allah Qurani-Kərimdə: "Sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” – deməyin. Halbuki Allah yanında çox qənimətlər vardır" (ən-Nisa, 4/94) buyuraraq dünya mənfəətinin faniliyinə diqqət çəkmiş, Öz dərgahındakı qənimətlərin daha çox və daha faydalı olduğunu bəyan etmişdir.  

      • Hits: 328 clicks

      Tecox component by www.teglo.info