Home Arxiv 2017 № 132 Noyabr MÜSAHİBƏ- Bir vəfa nümunəsi


    MÜSAHİBƏ- Bir vəfa nümunəsi

      Share

      Həziyev Oqtay Əbil oğlu

      İrfan: Zəhmət olmasa, özünüzü təqdim edərdiniz.

      Oqtay H: Həziyev Oqtay Əbil oğlu, 1967-ci il aprel ayının 10-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində anadan olmuşam. Orta məktəbi də elə bu kənddə bitirmişəm. 1985-ci ildə hərbi xidmətə getmişəm. Üç il sonra xidmətimi bitirib Azərbaycana qayıtmışam. İlk əvvəl sürücü işləməyə başladım. 1992-ci ildə könüllülər batalyonuna qatıldım. Erməni vəhşiliyinə qarşı aparılan döyüşlərdə iştirak etdim. 1993-cü ilə qədər cəbhədə oldum.

      - Döyüşlər zamanı bu bölgədə idiniz?

      - Əsas xidmətim Fizuli rayonunda olub. 1993-cü ildə artıq bu ərazilər işğal olunanda mən də digər vətəndaşlar kimi öz torpağımı, ata yurdumu tərk eləmək məcburiyyətində qaldım. Heç kəs könüllü olaraq torpağını tərk eləməz, bu, məlum məsələdir. Erməni təcavüzkarlığının nəticəsi olan ədalətsiz müharibə bizi buna məcbur etdi. Yalnız mənim bir işdə bəxtim gətirdi ki, mən qaçqınlıq həyatının yalnız beş ayını yaşadım. Bura işğal olunandan sonrakı dövrdə Ulu öndərimizin rəhbərliyində əvvəllər pərakəndə olan mübarizə və döyüş birlikləri daha mütəşəkkil bir orduya çevrildi, vahid komandanlıq altında birləşdirildi. Nəhayət, 1994-cü ildə uğurlu Horadiz əməliyyatı baş tutdu. O zaman Horadiz şəhəri, 20 yaşayış məntəqəsi, o cümlədən də Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Buna baxmayaraq, Lələtəpə strateji yüksəkliyi düşmənin əlində qalmışdı. Düşmən oradan bizim kəndi və ətraf əraziləri çox rahat atəş altında, nəzarətdə saxlaya bilirdi. Bu uğurlu əməliyyat baş tutduğu zaman mən öz ailəmlə birlikdə qərara gəldim ki, doğma torpağıma, Cocuq Mərcanlıya qayıdım. Həmin illərdə böyük qardaşım İsgəndər (Allah rəhmət eləsin) də ürək-dirək verdi, bizi cəsarətləndirdi ki, bura qayıdaq. İmişlidən qonşu kəndimiz olan Qazaxlar kəndinə gəldik. Çünki burada yaşamaq qeyri-mümkün idi; hər tərəfdə ordu birlikləri, əsgərlər, polislər... Ərazi bizdə olsa da, mülki yaşayış imkanı yox idi.

      Biz, bir də üç ayrı ailə, gəlib öz təsərrüfatımızı qurub davam etdirdik. Həm mal-qara saxladıq, həm də əkin-biçinlə məşğul olduq. Hər gün bura gəlirdim, amma gecəni burada qalmaq mümkün deyildi. Çünki işıq, məktəb kimi ehtiyacları nəzərə alıb ailəmi qonşu kənddə saxlamışdım. Onların kəndinin aşağısı ilə bizim kəndin arasında. Axşam onların yanına qayıdırdım. 1995-ci ildən burada öz təsərrüfatımın başındayam. Təxminən 2007-ci ildə artıq qərar verdim ki, elə aliləliklə bura köçüm. Çünki hər gün get-gəl çox çətin olurdu. Hazırda qaldığım, kəndin girəcəyində gördüyünüz o evi tikdim və bura köçdüm. İrad tutanlar da oldu ki, güllənin altında ev tikirsən, ailəni təhlükəyə atırsan… Bu ərazidə hər gün atışmalar olurdu. Biz burada olan vaxtlarda da dəfələrlə kəndin içinə minaatan qumbarası düşüb.

      - Bəs tikdiyiniz ev necə?

      - Ora da dəfələrlə düşmən atəşinə məruz qalıb. Hətta həyətimizdəki atı vurmuşdular, öldü. Qapımda saysız güllə izləri var. Bir də ki, biz çox yaxın məsafədə olduğumuz üçün güllə daha çox üstümüzdən keçib qonşu kəndlərə düşürdü.

      - Uzun müddət burada qalmısınız, şahidi olduğunuz, unuda bilmədiyiniz hadisələr olubmu?

      - Əlbəttə, bir çox hadisələr yaşamışam. Bu yaxınlıqda, dağın ətəyində iki azyaşlı uşaq minaya düşmüşdü. Qazaxlar kəndindən idilər. Səhv eləmirəmsə, yeddinci sinifdə oxuyurdular. Dəhşətli mənzərə idi. Kəndin öz adamları belə yaxın durmağa çəkinirdilər. Uşağın biri oradaca keçinmişdi, digəri də xəstəxanada vəfat etdi. Onları özüm götürüb maşına qoydum, gətirdim. Sonra, elə bu ilin fevral ayında, Qazaxlardan Şakir adında bir kişi var idi. Su idarəsinin sahə rəisi idi. Atın üstündə gedəndə tank əleyhinə minaya düşmüşdü. Paramparça olmuşdu. Onu bir-iki nəfərlə bərabər getdim gətirdim. Bunlardan əlavə də güllə ilə ölən, minaya düşən çox olub. Elə mənim öz çobanlarımdan biri minaya düşmüşdü, bir ayağını itirdi. Heyvanlarım da minaya düşüb, bənzər hadisələr saymaqla bitməz. Döyüş bölgəsidir, burada nə atışma səngiyib, nə də hadisələr ara kəsib.

      - Belə anlarda dönüb getməyi düşündünüzmü?

      - Düzdür, çətinlik çox idi. Düşünün ki, bu boyda ərazidə bir dənə işıq yanmır, bir qonşu yoxdur ki, harayına yetişsin. Amma məni burada heç kəs məcbur edib saxlamayıb. Öz istəyimlə gəlib öz torpağıma yerləşmişəm. Mən həmişə gücü öz torpağımda görmüşəm. Adam öz torpağında ikiqat güclü olur. Düşünən insan üçün bu belədir. Bəlkə də, düşünməyən biri üçün o yer - bu yer fərqi olmaya bilər. Mən belə düşünürdüm, elə ailəm də. Burada yaşamağa davam etdik. Prezidentimiz sağ olsun, “aprel döyüşü” və qazandığımız böyük zəfərdən sonra böyük bir dönüş və ruh yüksəkliyi yarandı.

      - Aprel döyüşü zamanı da burada idiniz?

      - Bəli, atışmalar elə evimizin üstündən davam edirdi. Bütün ailəm buradaydı. Mən daim hərbçilərlə iç-içə olduğum üçün inanırdım ki, bu döyüşün nəticəsi xeyrimizə olacaq. Çünki onlardakı ruh yüksəkliyini görürdüm, hazırlıq səviyyəsini görürdüm. Dörd günlük döyüş müddətində də hərbçilərlə bərabər idim. Onlara maddi-mənəvi, əlimdən nə gəlirsə, hər zaman dəstək olmuşam. Həmin günlərdə yaşlı-cavan demədən, mənim kimi əvvəllər müharibədə iştirak etmiş olan və olmayan bir çox adam bura gəlib müraciət edirdi ki, döyüşlərə qatılsın. Təbii ki, dövlətimizin özünün güclü ordusu olduğu üçün oradakı nizam-intizam nəzərə alınaraq buna icazə verilmədi. Bu, millətimizin, dövlətimizin birliyini göstərirdi. Hamı eyni amal uğrunda birləşmişdi. Ehtiyac olduğu zaman dövlətimiz, əlbəttə, məni də çağıracaq, o birisini də… İndiki halda bizə düşən mənəvi dəstək vermək idi və biz də əlimizdən gələn heç bir köməyi ordumuzdan, əsgərlərimizdən əsirgəmədik. Öz təsərrüfatımı xeyli böyütmüşdüm, mal-qara, qoyunlar… Deyirdim hamısı əsgərlərə, zabitlərə qurbandır… Onlar ayrı adam deyil ki, mənim qardaşlarım, mənim övladlarımdır. Sağ olsunlar, onlar dövlətimizin bayrağını Lələtəpəyə, hansı ki, 1994-cü ildən bəri işğal altında qalmışdı, o zirvəyə sancdılar.

      Həmin illərdə ordumuz bu iqtidarda olmadığı üçün oranı ala bilməmişdi. Amma bu gün daha güclü bir orduya sahib olduğumuz üçün ermənilər geri çəkilmək məcburiyyətində qaldılar. Bundan sonra Cənab Prezidentimiz sərəncam imzaladı, Cocuq Mərcanlı yenidən həyata qaytarıldı. Buna ən çox sevinənlərdən biri də mən oldum; insan nə qədər yalqız yaşayar?! Artıq bütün tanışlarım, qohum-əqrəbam, kənd camaatım geri qayıdacaqdı. Çünki bir xeyir-şər işi olanda bir-birimizdən aralıda olduğumuz üçün gediş-gəliş çox çətin olurdu, imkan olmurdu, xəcalətli qalırdıq. Bir yerə çıxanda tez də qayıtmalı olurdum, təsərrüfatı başsız qoymaq olmurdu. Amma indi bütün el-oba bura qayıdıb, çox sərbəst oldum.

      Prezidentimizin sərəncamından sonra qısa bir müddətdə hamı sevinclə bura axışmağa başladı. Elə açılışa da Cənab Prezidentimiz özü gəldi, mənə hədiyyə etdiyi evdə oturub söhbət etdik. Bundan başqa, Cənab Prezidentimiz məni Azərbaycan Respublikasının birinci dərəcəli “Əmək” ordeni ilə təltif etdi. Bu, yeni təsis edilən orden idi və bu ordeni alan birinci adam mən oldum. Bu, sağ olsun, Cənab Prezidentimizin mənim çəkdiyim əziyyətlərə, zəhmətə verdiyi qiyməti, dəyəri göstərirdi. Bundan əlavə, kəndin açılışında bir sərəncam daha imzaladı ki, hazırda tikilənlərdən əlavə yüz ev də tikilsin.

      - Yəni bütün kənd bu əlli evdən ibarət deyil.

      - Əlbəttə! Bu, başlanğıc idi. Həm də burada kənd təsərrüfatının bərpa edilməsi üçün işlər davam edir. Kəndin ərazisi minadan təmizlənmiş olsa da, ətraf bölgələrdə iş davam edir. Kənd camaatının təkcə bura gəlməyi ilə iş bitmir. Burada yaşayışı təmin edəcək şərait də qurulur. Buna görə də su probleminin həllini təşkil etdilər. Əvvəllər bu ərazilərin, hətta Beyləqana qədər olan sahələrin suvarılması Cəbrayıl rayonunun Maşanlı kəndindən ayrılan kanal vasitəsilə həyata keçirilirdi. Araz çayından bura su verilirdi. Ora düşmənlərin əlində olduğu üçün onlar suyu kəsiblər. Öz torpağımızda öz su arxımızdan su ala bilmirik. Prezidentimiz əlavə vəsait ayırıb sərəncam verdi ki, bura suvarma üçün başqa su kanalı çəkilsin. Su işləri hal-hazırda davam edir.

      Eyni zamanda, sizin də birgə işlədiyiniz Gəncliyə Yardım Fondunun rəhbərliyinə də çox təşəkkür edirəm. Onlar da sizdən əvvəl iki-üç dəfə kəndimizdə olublar. Bir kərəsində gəlib Qurban payı payladılar. Digər gəlişlərində isə məktəb tələbələri ilə görüşmək istəmişdilər. O zaman çox yaddaqalıcı bir hadisə yaşamışdım. Belə ki, həmin zaman hələ məktəb tələbələri tam yerləşmədiyi üçün buradakı uşaqlarla görüşə bilməmişdilər. Dedilər ki, heç olmasa cəbhə bölgəsindəki başqa bir kəndə gedək. Qazaxlar kəndinə, qonşu kəndə getdik. Oradakı məktəbə gedib direktorla görüşdüm, müəllim kollektivini və tələbələri topladıq. Görüş zamanı sizin fondun təmsilçiləri uşaqlardan soruşdular ki, nə arzunuz var. Uşaqlar hərə öz istəyini deyirdi. Hətta mən bu işə bir az ehtiyatlı yanaşırdım ki, uşaqları niyə boş yerə məyus etsinlər, niyə nəsə ümid verib, vəd edib çıxıb getsinlər. Yenə də heç nə demədim, görüş başa çatdı, getdilər. Bir gün də mənə zəng gəldi ki, bəs biz hazırlıq görmüşük, o dəfə getdiyimiz kəndə getməliyik. İlk əvvəl tanımadım, çünki o ərəfədə zəng edən, gələn-gedən çox olduğu üçün hamısını tək-tək tanımırdım. Dedilər ki, bəs biz o uşaqlara söz vermişdik, nə istəyirsiniz demişdik. Onda xatırladım, dedim gəlin, gedək. Orada gördüm ki, uşaqlardan kim nə demişdisə, hamısını alıb gətiriblər. Hətta bir uşaq var idi, qız uşağı idi, çox israr etmişdi ki, mənə qəfəsdə quş gətirin. Onu bu fikrindən döndərməyə çalışmışdıq ki, a bala, qonaqlara əziyyət vermə, dəftər-qələm istə, çanta istə, elə şey de ki, tapa bilsinlər. Deyirdi ki, yox, mənə ev quşu gətirin. Ora gedib hədiyyələri paylayanda qəfəsdəki bülbülü gördüm, o zaman bildim ki, hər bir uşağın istəyini diqqətə alıb yerinə yetiriblər və fonda olan inamım artdı. Nə demişdilərsə, onu da elədilər. İnsanların etimadını qazanmaq çox mühümdür. Fürsətdən istifadə edərək xeyriyyəçi işlərinə və göstərdiyi qayğıya, diqqətə görə fondun rəhbərliyinə təşəkkür edirəm. Gəlib buraları jurnalınızda işıqlandırdığınız üçün sizə də dərin minnətdarlığımı bildirirəm.

      • Hits: 20 clicks

      Tecox component by www.teglo.info