Home Arxiv 2017 № 132 Noyabr MÜSAHİBƏ- İlkin Təbrizli; İsmət Həziyev; Samirə Orucova


    MÜSAHİBƏ- İlkin Təbrizli; İsmət Həziyev; Samirə Orucova

      Share

      Təbrizli İlkin Mahmud oğlu (Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini - riyaziyyat və informatika müəllimi)

      - 1990-cı il oktyabr ayının 23-də bu kənddə anadan olmuşam. Kənddən çıxanda üç yaşım var idi. 1993-cü ilin sentyabr ayının 23-də kənddən çıxmışdıq. Atamın doğulub boya-başa çatdığı evin qalıqları hələ də durur. Bu, təzə tikililərin qurtardığı yerdədir. (Təzə tikililər əvvəlki kəndin ərazisinin yarısı üzərində yer aldığı üçün kənardakı bəzi evlərin qalıqları hələ də durur). Ora tez-tez gedirəm və özümü atamın yerinə təsəvvür edərək o anları yaşamağa çalışıram. Köhnə kəndi, köhnə Cocuğu təsəvvür edirəm. Buradan ayrılanda üç yaşım var idi, buna görə də əvvəlki halını çox da xatırlamıram. Əvvəlki daşlı-palçıqlı küçələri ilə indiki asfalt döşənmiş küçələri, əlbəttə ki, bir deyil.

      Mən körpə ikən atam öz ailəsindən, yəni babamgildən ayrılmaq üçün Lələtəpənin ətəyində torpaq sahəsi alıb ev tikməyə başlayıb. Evin divarları yüksəldilib və üstünə tir atılıb ki, damı vurulsun. Amma üstünü örtə bilmədən xəbər gəlib ki, emənilər vəhşi kimi üstümüzə gəlirlər. O təzə yuvanın içinə yığışmamış tərk etmək məcburiyyətində qalmışıq.

      İndi çox şükür ki, yenidən doğma kəndimizə qayıtmışıq. Tələbələrimə əvvəla onu arzulayıram ki, onların taleyi valideynlərinki kimi olmasın, belə müsibətlərlə üzləşməsinlər. İkincisi də onlara arzulayıram ki, ali məktəbə Şuşaya getsinlər, müəllimlər institutunun Şuşa filialına qəbul olsunlar. Mən özüm də elə uşaqlıqdan arzulayırdım ki, müvəqqəti məskunlaşdığım Oğuzun hansısa bölgəsini yox, Cocuğu, Cəbrayılı təmsil edim. Bu gün burada müəllim kimi fəaliyyət göstərməyim mənim üçün böyük şərəfdir.

      Həziyev İsmət Əbil oğlu (Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini - tarix müəllimi)

      - Keçən günləri indiki kimi açıq-aydın xatırlayıram. 1993-cü ilin oktyabr ayının 24-də atamın qırx məclisi idi. Məclisi keçirdik, saat təxminən on bir, on birin yarısı olardı, artıq ermənilər yuxarıdakı yüksəklikləri almışdılar. Hamı nəyi var tərk edib Arazın qırağına axışmışdı. İran tərəfi də Arazı keçməyə icazə vermirdi. Hökumət nümayəndələri gəlib danışıqlar apardı, ondan sonra icazə verdilər. Tək bizim kənd yox, Ağdam, Qubadlı, Zəngilan, Fizulu, Şuşa və Cəbrayıldan olan minlərlə adam yığışmışdı. Yüz mindən çox adam var idi burada. Yarısı körpüdən keçdi, geri qalanı da Arazdan keçdi, İran tərəfə. O qarışıqlıqda itkilərimiz də oldu. Hətta çayda batıb itkin düşənlər, bir daha xəbər alına bilməyənlər də oldu. Bizi İmişli-Biləsuvar ərazisində çadır şəhərciyinə yerləşdirdilər. Bir qismi də Saatlı-Sabirabad ərazisində, böyük əksəriyyəti isə Ceyranbatan tərəfdə yerləşdirildi. Tək-tük ailələr var idi ki, uzaq rayonlardakı qohumlarının, yaxınlarının evlərinə getdilər. Bizim ailə, Oktaygil bir il sonra Horadiz əməliyyatı vaxtı bura alınanda geri qayıtdı. Burada, kəndin girəcəyində məskunlaşdı. Mən öz işimlə məşğul olsam da, buralara gediş gəlişimiz daim davam edib. Ailəmiz burada 23-24 il güllənin altında yaşadı. Kənd azad edilmişdi, amma Lələ ermənilərdə olduğu üçün yaşayış bərpa edilə bilmirdi. Prezidentimiz sağ olsun, Aprel əməliyyatı ilə Lələ alındı, əvvəlcə 50 ev, sonra 100 ev, sonra da bu qayıdış davam edəcək. Hazırda poçt, məktəb, şadlıq sarayı, yarımstansiya... kəndin hər ehtiyacı təmin edilib. Gələcəkdə Şuşa, Cəbrayıl, Qubadlı, Zəngilanın işığı buradan gedəcək. Bu yol Cəbrayıl rayonunun yanından keçərək Qalaya, yəni Şuşaya gedəcək.

      Hazırda camaat bir yerə yığışıb, normal yaşayış davam edir. Ən vacibi də budur ki, bu camaatın kürəyindən “qaçqın” damğası götürüldü. Qarabağ təkcə qarabağlıların deyil, Qarabağ Azərbaycanın dərdidir. Qarabağ yarası sağalsın, bu sərvət ilə, bu əhali ilə Azərbaycan dünyanın ən öndə gedən ölkəsi olacaqdır.  Lələni almaq da təkcə cəbrayıllıların deyil, bütün Azərbaycanın qələbəsidir.

       

      Orucova Samirə (Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini - məktəbli)

      - Özünüzü təqdim edin.

      - Orucova samirə. 9-cu sinif şagirdiyəm.

      - Harda doğulmusan?

      - Bakıda doğulmuşam.

      - Orada hansı məktəbdə oxuyurdun?

      - 225 saylı məktəbdə.

      - Ora yaxşı idi, yoxsa bura?

      - Bura daha yaxşıdır. Çünki bura bizim üçün doğmadır.

      - Bəs məktəb necə, xoşunuza gəldi?

      - Bəli, bura çox gözəldir. Dərslər də əla keçirilir.

      - Bu dəyişikliyə görə nə hiss edirsən?

      - Biz bilirdik ki, orada müvəqqəti olaraq qalırıq. Vətənimizə qovuşacağımız günü səbirsizliklə gözləyirdik. Nəhayət ki, o gün gəldi və artıq öz yurdumuzda, öz evimizdə təhsil alırıq.  

      • Hits: 17 clicks

      Tecox component by www.teglo.info