Şükür ƏNDƏLİFOV- Sevgi və hörmət

      Share

      İnsan hər şeydən əvvəl onu yoxdan var edən Uca Allaha iman etməklə məsuldur.

       Belə ki,  iman edən insan bunu sevgi və hörmətlə yerinə yetirməlidir. Əgər zorla yerinə yetirirsə, demək ki, imanı kamil iman deyil. Qurani-Kərimdə Uca Allah belə buyurur: “Rəbbinin adını an və bütün qəlbinlə ona yönəl!” [1]  Quranda sevgi kəlməsi bir çox yerdə işlənməkdədir.

      Allaha sevgiylə bərabər həmçinin insanlar arasında da sevgi bağının olduğu vurğulanmışdır: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə özünüzdən, (öz) cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun Qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda, düşünən bir qövm üçün ibrətlər vardır!”[2]  İnsana həyatda ən yaxın olan ata-ana, həyat yoldaşı, uşaqları, qohumları və başqa insanlardır. İnsan  fitri olaraq  ən çox yaxınlarını sevər. Uca Allah bu həqiqəti bildiyi üçün insanları kişi və qadın olaraq yaratmış və aralarında bir əlaqə qurmuşdur. Bu əlaqə də sevgi ilə qurular, sevgi ilə formalaşar və sevgi ilə davam edər. 

      Əbud-Dərdadan nəql edildiyinə görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Davud peyğəmbər belə dua edərdi: Ey Allahım! Səndən səni sevməyi, səni sevəni sevməyi və məni sənin sevginə qovuşduracaq əməli istəyirəm. Ey Allahım! Sənin sevgini mənə özümdən, ailəmdən və soyuq sudan daha sevimli et!”[3]

      Sevgi insanın duyğusal mənada başqa bir varlığa göstərdiyi maraq olaraq açıqlana bilər. İnsan maraq göstərən bir xüsusiyyətə sahibdir. Bu maraq çox fərqli səbəblərdən ola bilər. Sevgi qarşılıq gözləmədən göstərilən bir davranışdır. Sevgi termin olaraq isə insan və yaxud da başqa bir varlığa yaxınlığını hiss etdirmək, ona maraq göstərmək və dəyər vermək mənasına gəlir.

      Sevgi zorla qazanılan və qazandırıla bilən bir hiss deyil. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “İnsan sevdiyi ilə bərabərdir”.[4] Bir insan başqa bir insanı sevərsə  ona qarşı sevgisini hərəkətlərində göstərməyə çalışar. Bu zaman sevgi dili olaraq bilinən bir ifadə forması ortaya çıxır. Sevgi dili iki insanı bir araya gətirər və aralarında yaxın bir münasibətin qurulmasını təmin edər. Sevgi insanları bir-birinə yaxınlaşdıran son dərəcə önəmli bir duyğudur. Sevgi qədər insanları bir-birinə yaxınlaşdıran başqa bir duyğu yoxdur.

      Sevgi sosial münasibətlərdə yaxınlaşdırıcı və zənginləşdirici bir təsirə malikdir.  Sevginin aça bilməyəcəyi bir qapı, həll edə bilməyəcəyi bir məsələ yoxdur. Sevgi iki insan arasında sərhədlərin qalxmasını, “mən” sözünün yerinə “biz” sözünün  istifadə olunmasını və qardaşlıq hisslərinin canlanmasını təmin edir. Şəxslər arasında sevgi bağı qurulmayıbsa bu münasibətin uzun müddət davam etməsi çətin olar.  Hətta bəzi sosial münasibətlərdə insanlar digər insanlar üçün dözürəm, dözmək məcburiyyətindəyəm kimi sözlər işlətməkdədirlər. Halbuki sevginin olduğu münasibətlərdə dözmək kəlməsini məhəbbət, məcburiyyət kəlməsini isə istək və ya razılıq əvəz edir. Çünki sevgi iki tərəf arasında yaxınlaşdırıcı və birləşdirici bir körpü vəzifəsini görür. Başqa bir hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Əməllərin ən fəzilətlisi Allah üçün sevmək  və Allah üçün nifrət etməkdir”. [5]

      Sevgi termininə yaxın,  çox  istifadə olunan və dəyərlər kontekstində bir məna ifadə edən başqa bir anlayış isə hörmətdir. Hörmət elə bir məsuliyyətdir ki, biz istəməsək də onu yerinə yetirməkdən qaça bilmərik. Hörmət şəxsi və ümumi bir məna daşıyır: şəxslərə edilən hörmət və ümumi mənada cəmiyyətə  olunan  hörmət. Şəxslərə edilən hörmətə misal olaraq bunları sıralaya bilərik: böyüklərə hörmət, onlara yer vermək, kiçiklərə nəvaziş,  onlarla maraqlanmaq, oynamaq və s. Cəmiyyətə qarşı olan hörmət isə ətrafı çikləndirməmək, təbiəti qorumaq və s. hərəkətlərlə ifadə olunur.

      Həqiqətən, sevginin görünməz bir gücü var. Sevgi və hörmətin insanları bir-birinə yaxınlaşdıran xüsusiyyəti var. İnsanlar arasında belə bir bağlılığın olması və insanların arasında sevgi bağlarının qurulması problemlərin azalması və sağlam münasibətlərin artması mənasına gəlməkdədir. Sevgi və hörmətin insanın daxilindən gələn bir hiss olması vacibdir. Cəmiyyətdə istifadə edilən “Zorla gözəllik olmaz”  ifadəsi sevgi və hörmətin zorla olmayacağını göstərir.

      Sevgi və hörmətin insanlar arasında sosial bir bağlılıq əlaqəsi qurduğunu bilirik. Qurani-Kərimdə və hədislərdə sevgi və hörmətin yaratdığı bağların böyük xüsusi dəyərə sahib olduğu öz əksini tapmışdır.

       


      [1] əl-Müzzəmmil 73/8

      [2] ər-Rum 30/21

      [3] Tirmizi, Dəavət, 72

      [4] Buxari, Ədəb, 96

      [5] Əbu Davud , Sünnə, 2

       

       

      • Hits: 135 clicks

      Tecox component by www.teglo.info