Anar QURBANOV- Sual-Cavab

      Share

      Sual: Dinimizdə süd qohumluğu anlayışı və meydana gəlmə şərtləri haqqında məlumat verə bilərsiniz?

      Cavab: Dinimizə görə qohumluq: qan, evlilik və süd qohumluğu olmaqla üç növdür. İslama görə, körpənin anasından başqa bir qadından süd əmməsi nəticəsində süd əmən ilə əmizdirən arasında qohumluq meydana gəlir. Məhz bu qohumluq əlaqəsi tərəflərdən bəzilərinin bir-biri ilə evlənməsinə əngəl təşkil edir. Qeyd edək ki, süd qohumluğunun evlənməyə mane olması ilə əlaqədar “Nisa” surəsinin 23-cü ayəsində Uca Allah belə buyurur: “Sizə ... süd analarınız, süd bacılarınız ... ilə evlənmək haram edildi”. Bundan başqa, bir hədisi-şərifdə nəql olunduğuna görə, Hz. Peyğəmbərə (s.ə.s) Həmzənin qızı ilə evlənməsi təklif edilən zaman o: “O qız mənim süd qardaşımın qızıdır. Nəsil (qan qohumluğu) ilə haram olanlar süd əmmə ilə də haram olur”,  – deyə buyurmuşdur (Buxari, Nikah, 21; Müslim, Rəda, 3).

      İslam alimlərinin əksəriyyətinə görə, süd əmizdirmə ilə qohumluq əlaqəsinin yaranması üçün uşaq iki yaşından yuxarı olmamalıdır. Yəni, körpə dünyaya gəldikdən sonra 24 ay içərisində başqa qadından süd əmərsə, süd qohumluğu yaranır. Bundan yuxarı yaşlarda süd qohumluğu meydana gəlmir. Həmçinin İslam alimlərinin əksəriyyətinə görə, əmilən südün miqdarından asılı olmayaraq əmizdirən qadınla uşaq arasında süd qohumluğu yaranır.

       

      Süd əmən ilə aşağıda qeyd olunan kəslər arasında evlilik qadağandır:

      1. Süd anası.

      2. Süd atası.

      3. Süd anası və süd atasının üsulu (onların ata-anaları).

      4. Süd anası və süd atasının fürusu (onların uşaqları, nəvələri).

      5. Süd dayısı-xalası və süd əmisi-bibisi.

      6. Süd verən qadının süd uşaqları,

      7. Süd verən qadının süd üsulu (süd verdiyi uşaqların ata-anaları).

      8. Süd atasının digər xanımları.

      9. Süd uşağının həyat yoldaşı (süd anasına və ya atasına).

       

      Süd anası isə süd əmizdirdiyi üçün yalnız həmin əmizdirdiyi uşaq və onun uşaqları ilə evlənə bilməz. Xülasə, süd əmənin əmizdirənə özü, əmizdirənin əmənə isə nəsli haramdır. Başqa sözlə, süd əmən uşaq süd əmdiyi qadının ailə üzvü kimi qəbul edilir və belə olan təqdirdə öz ailəsindən, öz nəslindən kimlərlə evlənə bilməzsə, süd qohumluğu səbəbilə də eyni kəslərlə evlənə bilməz. Ancaq süd əmən uşağın doğma qardaşları/bacıları, ya da süd əmən uşağın anası və ya atası ilə süd anası və süd qardaşları/bacıları arasında evlənmək baxımından hər hansı qadağa yoxdur.

      Nəticə etibarilə süd qohumluğu ayə və hədislərlə açıq-aydın bildirildiyi üçün müsəlman qadınlar bu məsələdə diqqətli olmalıdırlar. Süd verdikləri körpələri qeyd etməli və bundan digərlərini də xəbərdar etməlidirlər. Əgər evləndikdən sonra cütlərin süd qardaşı və bacısı olduqları ortaya çıxar və sübuta yetirilərsə, sözügedən nikah dərhal pozulmalıdır.

       

       

      Sual: Kasıba verilən borcu geri almayaraq zəkatdan saymaq olarmı?

      Cavab: Zəkatın etibarlı olması üçün kasıba verilən pul və yaxud mal onun mülkiyyətinə keçməlidir (təmlik edilməlidir). Məhz bu da zəkatın kasıba təhvil verilməsi ilə reallaşır. Bu səbəbdən, məsələn, yemək hazırlayıb kasıblara qonaqlıq verilməsi ilə zəkatın təmlik (mülkiyyətə keçirmə) şərti yerinə yetirilməmiş olur. Ancaq zəkat niyyəti ilə yemək bişirilib kasıba təhvil verilərsə, təmlik şərti yerinə yetirilmiş olar. Odur ki, bir kasıba borc verərkən zəkata niyyət edilmədiyi üçün, daha sonra bu pulu zəkatdan saymağa niyyət edildikdə, pulun ortada olmaması səbəbi ilə təmlik şərti gerçəkləşməmiş olar.

      Bu şəkildə yanaşanda bir ehtiyac sahibinə borc olaraq verilən pulun daha sonra borcluya zəkat niyyəti ilə bağışlanması yoluyla zəkat verilmiş olmur. İslam alimlərinin əksəriyyətinin rəyi məhz belədir.

       

       

      Sual: Heyvanların zəkatı əvəzinə onların dəyəri verilə bilərmi?

      Cavab: Malın zəkatı onun öz növündən verilə bildiyi kimi başqa maddələrdən də verilə bilər. Belə ki, heyvanların zəkatını vermək istəyən bir müsəlman, onun öz növündən verə bildiyi kimi, onun qiymətinə müqabil pul da verilə bilər. Həmçinin ticarət mallarının zəkatı da malın qiymətinə görə hesablanıb verilə bildiyi kimi, malın özündən də verilə bilər. Ancaq vurğulamaq lazımdır ki, bu məsələdə yoxsulun mənfəətinə uyğun olana üstünlük vermək daha məqsədəuyğundur.

       

       

      Sual: Borc alaraq həccə getmək düzgündürmü?

      Cavab: Bir müsəlmana həcc ibadətinin fərz olması üçün o, sağlam və imkan sahibi olmalı, eləcə də azad olmalı, ruhi xəstə olmamalı və həddi-büluğ yaşına çatmış olmalıdır. Odur ki, həccə getmə imkanı olmayanların borc alaraq həccə getmələrinə ehtiyac yoxdur. Ancaq qeyd edək ki, borc alaraq həccə getdikləri təqdirdə, onun  yerinə yetirdiyi həcc ibadəti etibarlı olar və həcc ibadəti ilə bağlı öhdəliyi yerinə yetirmiş sayılar.

      • Hits: 126 clicks

      Tecox component by www.teglo.info