Səma MARAŞLININ "Məhəbbətə Doğru" kitabından- Kişi dili "Düzcə"

      Share

      Bu dil həddən artıq asandır. Qadınların dili “əzcə”də olduğu kimi bu dildə eyham vurmaq, əzilib-büzülmək və uzunçuluq yoxdur.

       Bu dildə məramını əzilib-büzülmədən qısa və konkret ifadə edirsən.

      Qadınla kişi arasındakı yaradılış fərqlərindən biri də hər iki cinsin danışıq dilinin müxtəlif olmasıdır. Beyinlər fərqli işlədiyinə görə bunun təbii nəticəsi olaraq dilə gələnlər də fərqli olur. Kişi dili asandır, ancaq biz qadınlar düz yolda yeriməyə vərdiş etmədiyimizə görə dolaylı yollara giririk. Bir çoxunuzun “necə yəni?” dediyini eşidirəm sanki. Bir misal verim: yemək yeyərkən ərin sənə “çörəyi gətir” deyirsə, sadəcə olaraq çörəyi gətirməyini istəyir. Süfrəyə çörək qoymağı unutduğun üçün bacarıqsız qadın olduğuna eyham vurmur. Yaxud da “saçın tökülür” deyirsə, sadəcə saçının töküldüyünü deyir, keçəl olsan səni sevməyəcəyini dilə gətirmir.

      Kişilər bizdən fərqli olaraq eyham vurmazlar, yaxud da uzun-uzadı hekayə danışıb oradan nəticə çıxarma metodundan istifadə etməzlər. Bu, onların yaradılışına ziddir.

      Sözü birbaşa söylədikləri üçün bəzən həmsöhbətini incidə bilərlər, amma qadınlar kimi hiyləgər fəndləri bir o qədər də bilmədikləri üçün və danışanda az sözdən istifadə etməyə üstünlük verdiklərinə görə dolanbac yollara griməyə can atmazlar. Əgər kişilər də dolanbaclı yollarda olsaydılar, əmin olun ki, qadınla kişi əsla yola gedə bilməzdi və dünya dözülməz olardı.

      Qadınlar “düzcə”ni öyrənsinlər ki, kişilərin hər sözünün arxasında başqa mənalar axtarmasınlar və deyilən hər sözdən inciməsinlər. Onların nəyisə başa düşməsini gözləməkdənsə, ürəklərindəkini açıq-aydın dilə gətirsinlər. Qadınlar hətta inciyəndə də nəyə görə incidiklərini demirlər, kişinin başa düşməsini gözləyirlər, başa düşməyəndə qaşqabaq tökürlər. Belə olanda da kişilər nə edəcəklərini bilmirlər.

      Başqa bir qayda: Kişilər sual yağışına tutulmağı və sual verməyi o qədər də sevmirlər. Biz qadınlarsa sual verməyi çox sevirik. Hətta çox vaxt məqsədyönlü olmadan da suallar veririk. Bizim üçün cavab o qədər də mühüm deyil. Qadınlar tərəf müqabilləri ilə maraqlandıqlarını göstərmək, tanış olmaq, ünsiyyət qurmaq və bu kimi səbəblərlə sual verirlər. Kişilərə isə sual veriləndə bunu işlərinə burun soxmaq və onları hesaba çəkmək kimi qəbul edirlər. Ona görə də bəzən düzgün cavab vermirlər.

      “Düzcə”nin əsas qaydalarından biri də budur: Kişilər “xeyr” kəlməsini həqiqətən də nə isə istəməyəndə işlədirlər. Bir şey istəyəndə də “bəli” deyirlər. Amma bildiyiniz kimi, biz qadınlar bəzən nazlanmaq üçün istədiyimiz bir şeyə “bəli” deməli olduğumuz halda “xeyr” deyirik. Qarşımızdakının bunu başa düşməsini və israr etməsini gözləyirik ki, ondan sonra “bəli” deyək. Kişilər bu üsuldan istifadə etmirlər. Əgər bir şeyə “xeyr” deyirsə, üstünə gedib məcbur etməmək lazımdır.

      Düzcənin başqa bir qaydası da kişilərin əmr cümləsini sevməmələridir. Bir qadın amiranə cümlələrlə ondan nə isə istəyirsə, bunu hegemonluq istəyi kimi başa düşürlər. İstənilən şeyi edəcək imkana malik olsalar da əmr cümləsindən sonra əsla etməzlər.

      Başqa bir qayda isə kişilərin kömək istəməmələri və özləri istəmədikcə də kiminsə onlara kömək təklifi etməsindən xoşlanmamasıdır. Qadınlarsa kömək istəməkdən çəkinmirlər və təklif etməyi də çox sevirlər.

      Kişilər mücadilə aparmağı və qalib gəlməyi çox sevirlər. Kömək istəməyi acizlik sayırlar. Ona görə də həddən artıq çətin vəziyyətə düşmədikcə kömək istəməzlər. Əriniz maşın sürərkən yanında səssiz olun və gəzintiyə çıxdığınızı fikirləşin. Söz-söhbət olmasını istəmirsinizsə, susun. Bir az artıq gəzsəniz də, o, lazım olan yeri tapacaqdır. Əlbəttə ki, bu məsələ yalnız maşın sürməklə bağlı deyil. Onu kədərli görən kimi dərhal kömək təklif etməyin. Onun yanında olmanız və problemin öhdəsindən gələcəyinə inandığınızı göstərməniz kifayətdir. Ondan daha ağıllı və güclü görünməyə can atmayın. Hər zaman ona ehtiyacınız olduğunu hiss etdirin.

       

       “Düzcə”nin başqa bir mühüm qaydası da odur ki, kişilər dərdlərini danışmağı və səhvlərini dilə gətirməyi sevmirlər. Biz qadınlarsa dərdimizi açmağı çox sevirik, səhvlərimizi etiraf etməkdən narahat olmur, hətta çox vaxt bunu gülə-gülə dilə gətiririk. Halbuki kişilər keçmişdə yol verdikləri bir səhvin yada salınmasını da xoşlamırlar.

      Əlbəttə ki, təqdir və tərif cümlələrini də unutmayın. Kişilər gördükləri iş kiçik də olsa tərifi çox sevirlər. Tərifləndikcə, təqdir olunduqca daha çox hərəkət edirlər. Tənqid olunduqca əllərini ağdan qaraya vurmurlar və qadından uzaqlaşırlar. Belə olduqda bəzən ixtiyari və ya qeyri-ixtiyari qiymətini biləcək, təqdir edəcək başqa qadın axtarmağa başlayırlar.

      Kişilər tərif gördükcə, alqış eşitdikcə daha da həvəslənirlər. Qadın kişiyə özünü yaxşı hiss etdirməlidir. Qadın “sənin kimi bir adamla evli olduğuma görə çox xoşbəxtəm” kimi cümlələrlə, yaxud da “evimin günəşi, həyatımın mənası, igidim” kimi müraciətlərlə kişinin qulağından qəlbinə gedən yolu tapmalıdır.

      Düzcədə təkrar işlənən sözlər mənfi məna daşıyır. Kişilər qadınların nəyisə davamlı təkrar etməsindən nifrət edirlər. Bir sözü dəfələrlə deyən qadına boşboğaz gözü ilə baxırlar.

      Bütün qəlbinizlə ona və məhəbbətinizə xidmət edin. Sevginiz bol olsun!

      • Hits: 322 clicks

      Tecox component by www.teglo.info