155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Ələddin SULTANOV- BİR AYƏ

      Share

      وَإِذَا الْمَوْؤُودَةُ سُئِلَتْ {8} بِأَيِّ ذَنبٍ قُتِلَتْ {9}

      “Diri-diri (torpağa) basdırılmış qız uşağından hansı günaha görə öldürüldüyü soruşulacağı zaman!” (ət-Təkvir, 81/8-9)

      Bu ayələrin yer aldığı “Təkvir” surəsində qiyamətin qopması və axirətdəki haqq-hesab səhnələri təsvir olunmuşdur. Bu səhnələrdən biri də yuxarıdakı ayələrlə ifadə edilməkdədir. O gün uşaqların qatillərinə yox, məhz özlərinə bu sualın verilməsi də Qurandakı ədəbi üslublardan biridir. XII əsrin görkəmli təfsirçisi Fəxrəddin Raziyə görə buradakı məqsəd qatili utandırmaq və susdurmaqdır. Onların öldürülməsi məsələsinə gəlincə, İslamdan əvvəlki cahiliyyə dövründə ərəblərin bir qismi qız uşaqlarının dünyaya gəlməsini özləri üçün böyük bir fəlakət sayardılar. Bunun səbəbi isə gələcəkdə atanı utandıracaq bir hadisənin baş verə bilməsi, yaxud dolanacaq dərdi idi. Uca Allah Qurani-Kərimin “Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin!”[1] – ayəsində də onların bu pis əməllərinə işarə etmiş və bunu qadağan etmişdir.

      Belə düşüncədə olan bir ərəbin qız övladı dünyaya gəldiyi zaman əgər onun yaşamasını istəyirdisə, ona yundan bir əba geyindirərək dəvə və qoyun güdməsi üçün səhraya göndərərdi. Ancaq onu öldürmək istəyirdisə, altı yaşına qədər qız uşağını böyüdər, sonra uşağın anasına: “Uşağı gözəl geyindir. Onu qohumlarıma aparacağam”, - deyərdi. Halbuki həmin uşaq üçün səhrada bir çuxur qazıb hazırlamışdı. Onu çuxura atar və üstünü torpaqla örtərdi. Onu da qeyd edək ki, ərəblər üçün oğlan uşağı böyük bir fəxr sayılırdı. Çünki oğlan uşağı gələcəkdə onun üçün qazanc əldə edəcək, yaxud onu düşmənlərdən qoruyacaqdı.

      Təəssüf ki, cahiliyyə dövrünün bu kimi bəzi adətləri günümüzdə də öz varlığını qoruyub saxlamışdır. Belə ki, qız uşağı dünyaya gələn bəzi valideynlər buna görə təəssüf hissi keçirir, yaxud hamiləlik dövründə onu abort etmək surətilə erkən tədbir (!) tökərək bir növ diri-diri torpağa basdırırlar.

       Halbuki, istər ana bətnində, istərsə də doğulduqdan sonra, qız uşaqlarının həyatına son vermək böyük günah sayılır. Buna görə də İslam alimlərinin əksəriyyəti, ananın sağlamlığının təhlükədə olma halı istisna olmaqla, hamiləliyin ilkin mərhələsindən sonra uşağı abort etməyin qətiyyən caiz olmadığını bildirmişlər.

      Qız övladına sahib olan hər bir müsəlman Uca Allahın: O (Allah), istədiyini yaradır; istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir”,[2] - kəlamını əsas tutaraq Rəbbinin verdiyi nemətə şükür etməli və Hz. Peyğəmbərin (s.ə.s): “Kimin üç qızı və üç bacısı, yaxud  iki qızı və iki bacısı olar, onları böyüdüb boya-başa çatdırar və onlar barəsində Allahdan qorxarsa, o kimsə üçün cənnət vardır”,[3] - müjdəsinə nail olmağa çalışmalıdır.

       

       

       

       


      [1]əl-İsra, 17/31.

      [2]əş-Şura, 42/49.

      [3]Tirmizi, Birr, 13.

       

      • Hits: 296 clicks

      Tecox component by www.teglo.info