155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Müşfiq XƏLİLOV- İslam mövsümlük paltar deyil!

      Share

      Artıq Ramazan ayını arxada qoyduq. Hər gələn bir gün getdiyi kimi, Ramazan da gəldi və  keçib getdi.

      Ramazan hər il gələn bir mədəniyyətdir. Qaranlıqlara işıq saçan bir günəşdir. Möminlər üçün bir rəhmətdir. Gəldi və getdi...

      Ramazan orucla, Quranla, təravihlə, iftarla, sahurla, dua ilə dopdolu olan bir şəfaət ayıdır. Gəldi və getdi. Gedərkən bizə oruc ibadəti ilə yumşalmış bir ürək, Quranla gözəlləşmiş bir dil, zəkatla təmizlənmiş bir sərvət qoyaraq getdi. Yenidən qayıtdıqda bizi eyni gözəlliklər içində görmək ümidi ilə getdi.

      Elə isə bizə düşən əsas vəzifə Ramazanı yola saldıqdan sonra da gözəl əməllər etməyə davam edərək bu halımızı qoruyub saxlamaqdır. Əks halda Qurani-Kərimin rəhmət və şəfasından, namazın nurundan, orucun işığı və bərəkətindən məhrum qalarıq ki, bu da müsəlman üçün çox acınacaqlı bir haldır. Çünki həqiqi müsəlman yalnız Ramazanda deyil, hər zaman halal və harama diqqət edən, namazını qılan kimsədir. Həqiqi müsəlman İslamı yalnız ilin bir ayına məxsus qılmaz. İslam mövsümlük paltar deyil. Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur:

      “Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (əl-Hicr, 99)

      Müsəlman olan hər kəs daim yaşadığı günlərinin, ömrünün hesabını tutmalıdır. Xüsusilə Ramazanı yola saldıqdan sonra özümüzü hesaba çəkərək bunları düşünməliyik:

      Bu ayda tutduğumuz oruclar, oxuduğumuz Quranlar qiyamət günündə bizə şəfaət edəcəkmi?

      Peyğəmbərimiz (s.ə.s) bir Hədisi-Şərifində: “Bir kimsə Allah rizası üçün oruc tutarsa, Allah-Təala onunla cəhənnəm arasında yer və göy arası boyda bir xəndək açar (Tirmizi, C. 2, Səh. 567, No: 1345) buyurur. O zaman gəlin düşünək görək oruclarımızı Cəhənnəmə əngəl olacaq şəkildə tutduqmu?

      Bu mübarək ayda küsülü olduğumuz din qardaşımızla barışdıqmı? Onlara qarşı ürəyimizdə olan kin-küdurəti atıb çıxardıqmı?

      Həşr surəsinin 10-cu ayəsində qeyd edildiyi kimi: “Bizim qəlblərimizdə möminlərə (mömin qardaşlarımıza) qarşı kinə (həsədə) yer vermə!” deyə dua edə bildikmi?

      Bəli, Ramazan ayı getdikdən sonra hər kəs özünü hesaba çəkməlidir. Geriyə dönüb, mən bu mübarək ayda nə kimi savab işlər gördüm və ya görə bilmədim deyə düşünməlidir. Xüsusi ilə də bu şərəfli ayda qıldığımız namazları, oxuduğumuz Quranı Ramazanla bərabər yola salaraq: “Sizə yaxşı yol; ey məscid, namaz, Quran!.. Mən tətilə çıxıram, gələn il Ramazan ayında görüşərik!”- deyən müsəlmanlar bu xüsusu daha çox düşünməlidirlər.

      Ramazan ayı bizdən ayrılarkən sanki bizə belə səslənir:

      “Ey müsəlmanlar, bir ətrafınıza baxın. Hər gün qılınan cənazə namazları bizi haqq-hesab gününə bir addım daha yaxınlaşdırır. Tökülən yarpaqlar, yağan yağmurlar, əsən küləklər bizi hesab verməyə bir az daha yaxınlaşdırır”.

      Uca Rəbbimiz bir ayeyi-kərimədə belə xəbərdarlıq edir:

      “İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaqdırsa, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)” (əl-Ənbiya, 1)

      “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!” (əl-Qiyamə, 36)

      Bunun üçün həm dünyamızı, həm də axirətimizi qazanmaq məcburiyyətindəyik.  Yalnız dünyanı qazanmaq bizi həqiqi mənada xoşbəxt edə bilməz. Həqiqi xoşbəxtlik hər ikisi üçün də çalışmaqla olur. Bu baxımdan axirətə çalışmağı yalnız Ramazan  ayına həsr  etmək böyük bir xəta olardı. “Mən  müsəlmanam” deyən kimsə bu xətaya düşməməlidir. İlin on bir ayını məscidlərə gəlməyib yalnız Ramazan ayında ibadət etmək “mən müsəlmanam” deyənlər üçün kifayət deyil.  Müsəlman yalnız Ramazanda İslamı xatırlayan kimsə də deyil. Həqiqi müsəlman hər zaman və hər yerdə ilahi əmrləri yerinə yetirən insandır.  

      Daha doğrusu, Allah Rəsulunun (s.ə.s) dediyi kimi: “Ağıllı kimsə (hər zaman) nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı kimsə isə nəfsinə, həva və həvəsinə uyan kimsədir”. (Tirmizi,  C. 1, Səh. 101, Nö: 66)

      • Hits: 295 clicks

      Tecox component by www.teglo.info