155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Mübariz ƏLİOĞLU- Ümmət ağacı

      Share

       Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

       “Muhamməd (əleyhissalam) Allahın peyğəmbəridir. Onunla birlikdə  olanlar(möminlər) kafirlərə qarşı sərt, bir-birlərinə isə mərhəmətlidirlər... İncildə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxartmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur.” (əl-Fəth, 29) 

       Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, rəsulu Həzrət Muhammədə salətu-salam olsun.

      Həzrət Abbas (r.a) bunları rəvayət etmişdir: “Bir gün atam Əbdülmüttəlib öz hücrəsində yatmaqda idi. Anidən titrəyərək yuxudan oyandı. Tez yerindən qalxdı və izarını (geyimini) sürüyərək tələsik harasa istiqamət aldı. Öz-özümə: “Görəsən, bu tələskənliklə haraya gedir?” - dedim. Arxasınca düşdüm. Kahinə getdiyini gördüm. Kahin, atamın üzündəki qorxunu görüb, nə baş verdiyini soruşdu. Əbdülmüttəlib başına gələnləri anlatmağa başladı:

      “Görünməmiş bir yuxu gördüm. Arxa tərəfimdən bəyaz bir zəncir çıxdı və dördə bölündü. Bir tərəfi məşriqə, bir tərəfi məğribə uzandı. Bir tərəfi göyə yüksəldi, bir tərəfi isə yerə endi. Bunlara baxarkən bir yaşıl ağac peyda oldu. Çox gözəl idi. Dünyada nə qədər yeyəcək növü varsa hamısı onda mövcud idi. Qüreyşdən bir bölük camaat onun budaqlarına yapışdılar. Yenə Qüreyşdən bir bölük camaat o ağacı kəsməyə toplandılar. Bir gözəl üzlü kimsə zühur etdi. Belə gözəlini indiyə qədər heç  görməmişdim. Həmin şəxs o ağacı ona qəsd etmək istəyənlərdən qurtardı. O ağacın nurundan bir az almaq üçün əlimi uzatdım və gözəl üzlü kimsədən: “Bu nur kimə nəsib olacaq?”- deyə soruşdum. Buyurdu ki, “ağacın budaqlarından yapışanlara nəsib olacaq”. O nurlu kimsənin (yaxud ağacın) gözəlliyini seyr edib durarkən ağacın altında iki ixtiyar gördüm. Biri “mən Nuh peyğəmbərəm”, digəri də “mən İbrahim peyğəmbərəm”, - dedi”.

      Atam yuxusunu söyləyincə yuxu yozan kahinin rəngi dəyişdi və belə dedi:

      - Yuxun doğru isə səndən axır zaman peyğəmbəri vücuda gələcəkdir. Cümlə yer və göy əhli, məşriqdən məğribə qədər (hamı) onun nübüvvətini təsdiq edib ona ümmət olmağı qəbul edərlər. Səmaya merac üçün çıxar. Sonunda əbədiyyət  aləminə yol alar. Qüreyşdən bir bölüm onu təsdiq edər, bir bölüm də  inkar edərək onu həlak etməyə qalxarlar. Nuh əleyhissalamın orada görünməsi ona dəlalət edir ki, həmin peyğəmbərə üsyan edənlərin bəla dənizində boğulub öldüyü kimi,  ona (son peyğəmbərə) düşmən olanların hamısı da islam səltənəti altında qəhrə uğrayarlar. İbrahim əleyhissalamın görünməsi də ona dəlalət edir ki, axır zaman elçisinə  tabe olanlar dostluqla şərəflənib muradlarına yetişərlər. Onun şəriəti silinməkdən, pozulmaqdan bəri olub şəriəti və ümməti davamlı olar”.

      İlahi murad və tərbiyənin rəhmət və bərəkət iqlimində yetişərək aləmləri nuru, əxlaqı və müqayisəsiz qulluğu ilə şərəfləndirən və heyrətləndirən Muhamməd əleyhissalamın yetişdirmiş olduğu ümmətin möhtəşəm bir kökə, gövdəyə, budaq və yarpaqlara sahib ağaca bənzədilməsi təqdirəlayiq bir haldır. Qocaman bir ağac misalı olan ümmətin qol-budaqlarının  hər an qurudulma təhlükəsi ilə üzləşməsi ümmət dərdinin, onun qorunmasının müsəlmanların ən önəmli  vəzifəsi olduğunu önə çıxartmaqdadır. Bu səbəbdən də Rəsulullahdan başlayaraq günümüzə qədər uzanan zaman məsafəsində ümmət ağacı, ətrafını sarmış olan zərərvericilərdən, yırtıcılardan usta bağbanlar tərəfindən İlahi iznlə qorunmuş, bu gün də qorunmaqdadır. Muhyiddin ibn Ərəbi həzrətlərinin ifadəsi ilə: “Allah (c.c) aləmi (ümməti) qorumaq məsələsində Adəmi (ə.s) özünə xəlifə etdi. Bu hala görə insanı-kamil var olduqca aləm ilahi iznlə daima qorunmuş olacaqdır”.

      Ümmət ağacını qoruma fərasətinə sahib kamil bağbanların yetişməsi yalnız və yalnız Muhammədi könül  yuvasında bəslənməklə mümkün ola bilər.Yəni varisi-Muhammədi olan, qəlbi, gözü, qulağı, sağı, solu, üstü, altı, əti, qanı, saçı, bədəni, nəfsi nur saçan birisinin könül yuvasında yanmaqla, bişməklə ümmət təəssübkeşliyinin həqiqətini idrak etmək, yaşamaq mümkündür. Bu son dərəcə əhəmiyyət kəsb edən və aləmdə olan hər şeyi ayaqda tutan maddi və mənəvi nizamın dayaqlarını ümmətə hər yönü ilə tanıdan Əbdülqadir Gilani həzrətləri belə buyurur:

      “(Bütün kainatı içinə alan və nəhayəti olmayan elmi ilahini daşıma şərəfinə layiq) təsəvvüf əhlinə qarşı ədəbli olun. Onlar haqqında sui-zənn etməyin. Heç şübhə yoxdur ki, onlar Allaha gedən yolun aşiqləri, bölgələrin və insanların mühafizləri, qoruyucularıdırlar. Dünya ancaq onların üzü suyu hörmətinə ayaqda durur. Yoxsa sizin riyanız, ikiüzlülüyünüz və şirkiniz nəyi ayaqda tutmağa yarayar ki, ey münafiqlər, ey izzət və cəlal sahibi Allahın və Rəsulunun düşmənləri, ey cəhənnəm odunları!..”

      • Hits: 306 clicks

      Tecox component by www.teglo.info