Home Arxiv 2017 № 127 İyun Əziz SULTANOV- CƏZİRƏTÜL-ƏRƏBİN GÜLÜ


    Əziz SULTANOV- CƏZİRƏTÜL-ƏRƏBİN GÜLÜ

      Share

      Balaca bir uşaq var idi... Yəməndə...

      Anasının yanında, gah anasının əlindən tutur, gah da anasının əlini buraxaraq artıq böyük bir oğlan olduğunu göstərməyə çalışırdı. Artıq səkkiz yaşı var idi. Anasına həyan olaraq onun yanında, qohumlarını ziyarət etmək üçün yola çıxmışdı.

      Cəzirətül-ərəb... 580-590-cı illər... Dərəbəyliyin, quldurluğun, yolkəsənliyin və mərhəmətsizliyin zirvədə olduğu günlər...

      Birdən, bir quldur dəstəsi çıxdı qarşılarına. Karvanda nə varsa alıb götürdülər. Həm də, pula dəyəcək nə varsa, hamısını... Bahalı əşyaları, dəvələri, hətta gələcəkdə işlərinə yarayacaq oğlan uşaqlarını da...

      Bu balaca yaşında əsir düşdü balacaq uşaq... Anasından səkkiz yaşında ayırdılar Zeydi... Anası Süda tez bir vaxtda evinə yetişib atasına – Harisə xəbər verdi başlarına gələnləri. Amma artıq çox gec idi, nə qədər axtardılar, dağa-daşa soraq saldılar, Zeyddən bir xəbər tuta bilmədilər...

      Onu qısa bir vaxtda Yəməndən uzaqlara, böyük bazara çatdırdılar. Məkkənin yaxınlığında qurulan Ukaz yarmarkasında gənc bir kölə olaraq satdılar. Həyat, qədər... başımıza bir dəqiqə sonra nələr gələcəyini kim bilir ki?!

      Balaca Zeydi Hakim adlı bir məkkəli satın aldı və onu öz bibisi olan Xədicəyə qiymətli bir hədiyyə kimi təqdim etdi. Zeyd ibn Harisə o vaxtdan etibarən Xədicənin, Məkkənin ən təmiz ürəkli, namuslu və imkanlı xanımlarından birinin evidə xidmətçi olaraq qalmağa başladı. Hüzn və kədər onu nə qədər boğsa da, bir gün böyüyərək bu torpaqlardan qaçacağı və ata-anasına qovuşacağı ümidi ilə hər şeyə qatlanır, həsrəti ilə nəfəs alaraq həyata bağlanırdı.

      Zeydin hədiyyə edildiyi xanım Həzrət Xədicə Həzrət Muhamməd (s.ə.s) ilə evləndi. Xanım onu həyat yoldaşına – Həzrət Muhammədə hədiyyə etdiyini, artıq bu kölənin sahibinin Muhamməd olduğunu bildirdi. Həzrət Muhamməd isə onu azad etdiyini, hara istərsə gedə biləcəyini dedi. Zeyd bir müddət daha burada qalmaq istədiyirdi. Gedib-getməmək barəsində qərarsız qalmışdı, bu ev, bu yurd artıq ona daha doğma, daha əziz görünürdü...

      Həzrət Muhammədi tanıdıqca Zeyd onu sevməyə, özünə ata bilməyə başlamışdı. Məkkədə, Cəzirətül-ərəbin ortasında, insanları canından bezdirən bu səhrada belə gözəllikdə bir gül ilə tanış olmaq onun həyatını dəyişmişdi. Artıq özünü dünyanın ən xoşbəxt insanı hesab edirdi. Yeni hamisi, Allahın son elçisi olan Həzrət Muhamməd (ə.s) də onu çox sevmiş, hətta onu özünə oğul və varis elan etmişdi.

      İllər sonra atası Məkkəyə gəlib-gedən tacirlərin birindən eşitdi ki, oğlunu Məkkədə görüblər. Tez yola düşdü. Məkkəyə gəlib oğlunu tapdı. Allah Rəsuluna yaxınlaşıb onu sərbəst buraxmaq üçün nə qədər qiymət biçdiyini soruşdu.

      Peyğəmbərimiz (ə.s) onu çoxdan köləlikdən azad etdiyini, indi də seçimin Zeydə aid olduğunu bildirdi: İstərsə gedər, onu saxlamaram. İstərsə qalar, zorla apara bilməzsiniz...

      Atası Zeydə sarıldı, Zeyd atasına. Onu aparmaq istədiyini deyəndə isə Zeyd sarsıldı, böyük bir seçim qarşısında qalmışdı: ona bu qədər şəfqət və mərhəmət göstərən Allahın Rəsulunu necə buraxıb gedə bilərdi? İnsanlar onun gələcəyindən xəbər tutub əsrlər əvvəl həsrətlə yana-yana həyatlarına göz yummuşkən, o, evində qaldığı bu iki cahan günəşini tərk edə bilərdimi?

      - Xeyr, xeyr, - dedi Zeyd. Gedə bilmədi, ayrıla bilmədi səadət mənbəyindən...

      Taifdə onu qorumaq üçün canını daşlara sipər etsə də, Məkkədə edilən dözülməz işgəncələrdən sonra Mədinəyə hicrət etsə də, Bədirdə, Uhudda canını iti qılınclara qalxan etsə də, Mutə müharibəsində şəhid olana qədər, Peyğəmbərimiz onun arxasınca göz yaşları töküb: “Allahım, Zeydə məğfirət et!..” deyə dua edənə qədər ona xidmət etməyə davam etdi...

      Onun bənzərsiz ədalətinə, mərhəmət və şəfqətinə şahid oldu...

      Necə ki, bir döyüşün ortasında yiyəsiz qalan bir düşmən uşağını görərək: “Bunu aparın sahibinə çatdırın!” – deyə buyuranda o uşaq şahid olmuşdu...

      Necə ki, ağır xəstəliklə boğuşaraq can vermək üzrə olan bir yəhudi uşaq, başıucunda onu görərək onun mərhəmətini hiss etmiş, ona iman edərək gözlərini yummuş və şahid olmuşdu...

      Necə ki, bazarın ortasında, ağasının verdiyi iki dirhəmi itirərək ağlayan, o sırada oradan keçərkən onu görüb cibindəki iki dirhəmi ona verən, sonra da evinə qədər apararaq, ağasına onu azarlamamasını tapşırdığı zaman o qızcığaz şahid olmuşdu...

      Və daha neçə-neçə bəxtəvər...

      Biz Həzrət Muhammədin ümməti olaraq, görəsən, öz uşaqlarımız xaricində neçə uşağa can yandırıb şəfqət göstərə bilmişik?

      Neçəsinin həyatına işıq salıb üzünü güldürə bilmişik?

      Neçəsinin əlindən tutaraq dünya və axirətini aydınlada bilmişik?

      • Hits: 163 clicks

      Tecox component by www.teglo.info