127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2017 № 127 İyun Adem ŞAHİN- “BİZİ KİM DİRİLTDİ?”


    Adem ŞAHİN- “BİZİ KİM DİRİLTDİ?”

      Share

      İnsan üçün ən lazımlı olan nemətlər kiçik şeylərin bir yer cəm olması ilə meydana gəlir.

      Bir buğda dənəsində 20 000-ə yaxın un dənəciyi var. Milyonlarla un dənəciyi bir yerə yığışıb bir ədəd çörək, yağış damcıları birləşib bir stəkan su olur, stəkan qədər sular birləşərək arx, çay və dəniz olur.

      Un kimi xırda olan sement də su və qum ilə birləşəndə nəhəng göydələnlərin yüksəlməsinə səbəb olur. İplər birləşib kəndir olur. Az miqdarda kin, soyuqluq və düşmənliklər üst-üstə yığılaraq daha böyüklərini meydana çıxarır. Düyü dənələri bir yerə yığılıb aş olur.

      Aləmlərin Rəbbi olan Allah kiçik şeyləri bir yerə cəm edərək insanları oldurur, doydurur... Hüceyrələr toxumaları, toxumalar orqanları, orqanlar da insan bədənini meydana gətirir. Təkbaşına bir hüceyrə başqa hüceyrələrlə birləşməzsə, çoxalmazsa bir heç olar.

      Dolmaları və xırda meyvələri cüt-cüt yemək mümkündür, amma nəfəsi cüt-cüt almaq və vermək mümkün deyil. Həyat bir-bir alınan və bir-bir verilən nəfəslərdən ibarətdir. Bu birlər toplanar ömür olar, birlər bitər ölüm olar.

      İnsan bədənindən ömrü boyu heç xəbəri olmadan tökülən dəri hissəciklərinin ağırlığı  təxminən 23 kq-dır. Mişarla kəsilən odundan kiçik qırıntılar tökülür. Dünya dəyirmanının daşı altında insan üyüdüldükcə mişardan tökülən hissəciklər kimi dərisi tökülər, amma xəbəri olmaz. Tökülən bu dəri hissəciklərindən yalnız mikroskopla görülə biləcək xırda gənələr qidalanır. Dəyərli olan insanın dəyərli olan dəri hissəcikləri belə boşa getməz, Rəzzaq olan Allah mikro aləmdəki canlılarını o hissəciklərlə ruziləndirər. İnsan bədənində milyardlarla gənə yaşamaqdadır. Ən çox xalça, palaz, divan, yataq kimi tüklü, kirli mühitlərdə olurlar. 1 qr dəri parçası 1 000 000 xırda gənənin qidalanması üçün kifayət edir. Beş il işlədilən bir yataqda 5-10 milyon arası gənə yaşadığı təxmin edilir.

      İnsan da eynilə buğda dənəsində olduğu kimi – təkbaşına olanda heçdir. Tək olduğu halda hər zaman böyük olmaq və böyük qalmaq yalnız Allaha məxsusdur.

      Hər gün 15 dəqiqə erkən qalxaraq kitab oxuyan insan bir ildə 12 kitab oxuyar. Gündəlik 15 dəqiqələr toplananda illik 92 saat edir. Gündəlik dinlənən dərslər yığılaraq bilik və diplom olur.

      Yasin surəsinin 52-ci ayəsində qəbirlərdən qalxan insanların iki cür reaksiya verdiyi ifadə edilir:

      “Vay halımıza! Bizi kim diriltdi?!” deyərək çaşbaş düşənlər və rahatlıq içində “Bu dirilmə Rəhman olan Allahın vəd etdiyi dirilmədir. Bu xəbəri gətirən peyğəmbərlər doğru deyirdilər” deyənlər.

      Dünyada ikən Allahsız yaşayanlar qəbirdən qalxanda “Bizi kim diriltdi?” sualını soruşacaqlar. Dünyada ikən Allah deyə bilməyənlər nə qəbirdə, nə də qəbirdən sonra Allah deyə bilərlər. Günümüzdə ibtidai sinfə gedən uşaqlar belə ölümdən sonra dirilmə olacağını bilməkdə ikən, böyük insanlar yaddaş itkisi və şüursuzluq yaşayaraq Allah deyə bilməyəcək; dünyada Allahdan başqasını axtarıb tapdığı kimi, “Bizi kim diriltdi?” sualının cavabını axtararkən də fail olaraq, bəlkə də, həkimlər, tibb fakültəsi və xəstəxanalar zənn edəcəkdir. Narkozdan oyanan insanın mənasızca sayıqlama mənzərəsini yaşayacaqdır.

      Narkozdan oyanan insanların fərqli reaksiyalar verdiyi deyilir. Ağzından çıxanları qulaqları eşitməyə bilər. Qəlbə girən və qəlbə təsir edən şeylər nədirsə, narkozdan sonra dilə o gəlir. Hz. Ömər (r.a) suiqəsdə məruz qalanda günlərlə huşunu itirmiş halda yatdı. Sözlə və toxunmaqla özünə gəlməyəndə bir səhabə: - Mən onu oyandırmağın yolunu bilirəm, - dedi və xəlifənin qulağına əyilərək fısıldadı: “Ey Ömər! Namazın vaxtı keçir!” Bu sözü eşidən xəlifə oyanır və gözlərini açır... Qafqaz qartalı deyə yad edilən İmam Şamil də yaralandığı zaman günlərlə şüursuz halda yatır və gözlərini açanda: “Mən haradayam? Mənə nə oldu?” - kimi suallar yerinə: “Əsr namazını qıla bilmədim, vaxtı keçməyib ki?” - deyir. İmam Şamil yaralananda əsr namazı vaxtı idi. Yaralı və şüursuz yatsa da, şüur altında, iç dünyasında  o namazın qılınması həyəcanı yatırdı. İmam Şamil və Hz. Ömər nümunəsi ilə zəngli saatın dəfələrlə çalmasına və yanına gedərək dəfələrlə namaza oyandırılmasına baxmayaraq qalxa bilməyən insanların şüur altı vəziyyətlərini müqayisə etmək lazımdır. Yuxudan “Allah” deyərək namaza qalxa bilməyən insanın ölüm yuxusundan oyandırılanda “Qəbirdən qalxmaq Allahın vədidir və peyğəmbərlərin doğru söylədiyi ortaya çıxdı” deməsi rahatdırmı?!

      Kabab üstünə kabab yeyən, yuxu üstünə yuxu yatan və film üstünə film izləyən, qədəhləri qədəhlərə toqquşduran insanlar var, bir də:

      “Dəstəmazı bir də al

      Olsun nur üstünə nur

      Zikrullahı qəlbə sal

      Olsun nur üstünə nur

      Ayə-ayə ol həmhal

      Olsun nur üstünə nur” deyənlər...

      • Hits: 44 clicks

      Tecox component by www.teglo.info