127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2017 № 127 İyun Kamran MƏMMƏDOV- ŞEYTAN


    Kamran MƏMMƏDOV- ŞEYTAN

      Share

      Şeytan – cinlərdən və insanlardan olan şərli varlıqları ifadə etmək üçün işlədilən ümumi bir cins adıdır.

       Hz. Adəmin (ə.s) cənnətdən çıxmasına səbəb olan şeytanın bir çox adları var: əl-Aduvv, Aduvvullah, Əzazil və İblis bunlardandır.

      İblis – “iblas” və ya “əbləsə” kökündən gələn bir addır. Bu da Allahın rəhmətindən ümid kəsmək, xeyirdən uzaqlaşdırılmaq, xüsrana qərq olub qarışıqlığa düşmək mənasındadır. Elə “şeytan” da azğın və ya uzaqlaşdırılmış mənasındadır. 

      İblis – isabət etdiyini zəhərləyən, tüstüsüz bir atəşdən (nari-semum) yaradılmış cinlərin və şeytanların atasıdır (Əbuş-şəyatin). Yaradılış mayası nəfsi istəklərlə yoğrulduğu  üçün mələklərin içində ikən böyüklənmiş və nəfsində olan üstünlüklər özünü aldatmışdır.  (əl-Hicr, 28-43; əl-İsra, 61)

      “Beləcə, İblis Adəmə.s) səcdə etməkdən çəkindi, təkəbbür göstərdi və inkar edənlərdən oldu.” (əl-Bəqərə, 34; əl-Əraf, 11).

      İblisi lovğalandıran, Adəmə (ə.s) səcdə etməkdən uzaqlaşdıran xüsuslardan biri də onun atəşdən yaradılmış olmasıdır. Onun düşüncəsinə görə, atəşdən yaradılmış olmaq bir üstünlük vəsiləsidir. (Sad, 75-85)

      Yenə Qurani-Kərimdə bildirildiyinə görə, İblis tək Allaha üsyan etməklə qalmamış, Adəmin (ə.s) və yoldaşının Cənnətdən çıxarılmalarına da səbəb olmuş, beləcə, insan oğluna ən böyük düşmənliyini etmişdir.  (Taha, 117-123)

      İblisin ümumi xarakteri böyüklük göstərmək, inkar, insanlara pis şeyləri yaxşı göstərərək  onları doğru yoldan sapdırmaq və insanlara vəsvəsə verməkdir. Bunun üçündür ki, Uca Allah:

      “Ey insan oğulları! Siz məni buraxıb  İblisi və soyunu  dost  tutursunuz? Halbuki onlar sizə düşməndir. Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür”. (əl-Kəhf, 50)

      Hz. Aişə (r.ə) belə rəvayət etmişdir:

      “Rəsulullah (s.ə.s) bir gecə yanımdan çıxıb getdi. Mən bundan ötəri qısqanclıq duydum. Bir az sonra gəldi və mənim qısqandığımı hiss etdi. Mənə:

      - Nəyin var, ey Aişə, qısqandınmı? - deyə sual verdi. Mən:

      - Mənə nə olacaq, mənim kimi birisi sənin kimi bir şəxsi qısqanmazmı? - dedim.

      Rəsulullah (s.ə.s):

      - Sənə şeytanınmı gəldi?” - dedi. Mən:

      - Ey Allah elçisi, mənimlə birlikdə bir şeytanmı var?” - dedim. O da:

      - Bəli, - dedi.

      - Hər insanın yanında bir şeytan varmı? - dedim. O da:

      - Var, - deyə buyurdu. Mən yenə:

      - Səninlə də varmı, ey Allahın Rəsulu? - deyə soruşdum. Belə buyurdu:

      - Bəli. Lakin Rəbbim ona qarşı mənə kömək etdi, o da müsəlman oldu”.

      Bu hədisdən, İblis olaraq bildiyimiz şeytandan başqa, hər insanın yanında onu doğru yoldan sapdırmaq üçün bir şeytanın daha olduğunu öyrənirik. (Ancaq bununla insan ürəyində “lümmeyi-şeytaniyyə” deyilən, şeytanın aləti kimi vəzifə görən bir parçanın nəzərdə tutulması da mümkündür.)

      ŞEYTANA QARŞI ALINACAQ TƏDBİRLƏR

      Qurani-Kərimdə bəzi ayələrdə belə buyurulur:

      “Quran oxuyacağın zaman qovulmuş şeytandan Allaha sığın! (“Əuzu billahi  minəş-şeytanir-racim” de). Doğrusu, şeytanın inananlar və tək Rəblərinə güvənənlər üzərində təsiri yoxdur. Onun təsiri (nüfuzu) yalnız onu dost seçənlər və Allaha ortaq qoşanlar üzərindədir”. (ən-Nəhl, 98-100)

      “Onlar – azğınlar və İblisin əsgərləri, hamısı (üzüstə) oraya (cəhənnəmə) atılarlar”. (əs-Şuəra, 94-95)

      Yuxarıda mənasını verdiyimiz ayələrdən də aydın olur ki, Allaha səmimi şəkildə inanaraq ibadət edən insanlar üzərində, “gülləyə qarşı polad zireh” geyilmiş kimi, şeytanın heç bir təsiri ola bilməyəcəkdir. Allaha inanıb əmrlərinə uyan və Peyğəmbərimizin (s.ə.s)  göstərdiyi yoldan gedənlər şeytana qalib gəlmiş deməkdir. Hər işimizə başlarkən də: “Əuzu-bəsmələ” ilə başlamaq lazımdır. Şeytandan qorunmaq üçün aşağıdakılara diqqət etməliyik:

      - Evə girib-çıxanda “Bismillah” demək. (Əbu Davud, 4/325)

      - Evə girərkən ev xalqına salam vermək. (ən-Nur, 61)

      - Yemək yeyərkən və ya bir şey içərkən “Bismillah” demək. (Müslim; Əbu Davud, 4/557)

      - Evdə əl-Bəqərə surəsini və çox Quran oxumaq. (Hakim, Sahihul-Cami, 558)

      - Evi şeytanın səsindən, vəsvəsələrindən qorumaq. (Əl-İsra,64; İbni Macə, 2/1333)

      - Evi müsəlmana aid olmayan hər cür rəsm, heykəl və s. təmiz tutmaq.

      - Evin içində it saxlamamaq.

      - Evdə çoxlu nafilə namaz qılmaq.

      - Ailə içində yumşaq, nəzakətli davranmaq.

      - Yeni doğulan uşaqların sağ qulağına azan, sol qulağına iqamə oxumaq.

      - Hər səhər və axşam, ən azı üç dəfə İxlas, Fələq, Nas və Ayətəl-Kürsi surə və dualarını oxumaq.

      • Hits: 47 clicks

      Tecox component by www.teglo.info