127-ci Sayı

 

Qeydiyyatdan Keç

 

Abunə ol..

Flash Görüntüsü

 

Home Arxiv 2017 № 127 İyun Anar QURBANOV- Sual-Cavab


    Anar QURBANOV- Sual-Cavab

      Share

      Sual: Orqan transplantasiyası ilə bağlı İslam alimlərinin rəyləri necədir?

       

      Cavab: İslam alimləri və orqan transplantsiyasına icazə verən digər dini qurumlar (Diyanət İşləri Başqanlığı Din İşləri Yüksək Qurulu 1980-ci il tarixdə 396/13 nömrəli qərarlar; İslam Konfransı Təşkilatının nəzdində olan İslam Fiqh Akademiyası 1988-ci il tarixdə 4/1 saylı qərarda fitva vermişlər.) ümumiyyətlə zərurət qarşısında qalan müsəlmanın haram olan bir şeyi etməsinə, dinin təmiz saymadığı və qadağan etdiyi hər hansı bir şeylə müalicə olunmasına icazə verən ayə və hədisləri, eləcə də bunlardan çıxarılan fiqhi qaydaları və ictihadları dəlil kimi irəli sürmüşlər. Belə ki, onlar ilk növbədə “Bəqərə” surəsinin 173-cü ayəsini dəlil gətirmişlər. Uca Allah həmin ayədə belə buyurur: O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər, yəni ölməyəcək qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”

      Bundan əlavə, “Maidə” surəsinin 32-ci, yəni “...Kim bir insanı ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...”   “...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda (pis əməllərdən çəkinməkdə) bir-birinizə yardım edin...” (“Maidə” surəsi, 5/2) ayəsini də dəlil kimi irəli sürmüşlər (Eyni məzmunlu ayə və hədislər üçün bax. Maidə, 5/3; Ənam, 6/119, 145; Əbu Davud, Ətimə, 31).  

       

      Müasir İslam alimləri və digər müvafiq dini qurumlara görə, meyitdən orqan və ya toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

       

      1.    Zərurət qarşısında olmalıdır; (Transplantasiyanın zəruriliyi barədə tibbi qərar müvafiq tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qəbul edilir).

      2.    Mütəxəssis-həkimlər tərəfindən resipiyentin (müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxsin) həmin transplantasiya nəticəsində sağalmasının mümkünlüyü barədə rəy olmalıdır;

      3.    Şəxs sağlığında donorluğa razılıq bildirməli, eləcə də ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi olmalıdır;

      4.    Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və ya toxumaların götürülməsi yalnız həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümünü) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilməlidir;

      5.    Orqan və ya toxumalar hər hansı əvəz və ya mənfəət müqabilində verilməməlidir;

      6.    Transplantasiya yalnız resipiyentin (müalicə məqsədi ilə orqan və ya toxumalar köçürülən şəxsin) razılığı əsasında həyata keçirilməlidir.

      Yaşayan donordan (öz orqan və ya toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən şəxsdən) orqan və ya toxumalarının transplantasiyasına gəldikdə, müasir İslam alimləri və digər bir sıra dini qurumlar (Din İşləri Dövlət Qurumuna bağlı Kuveyt Fitva Qurulunun 1979-cu il tarixdə 132/79 saylı qərarında Səudiyyə Ərəbistanındakı Dünya İslam Birliyinə bağlı Fiqh Akademiyasının 1985-ci il tarixdə Məkkədə keçirilən VIII Rüb Yığıncağında qəbul edilən qərarlarda və İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyasının 1988-ci il tarixdə 4/1 saylı, eləcə də 1990-cı il tarixdə 6/58 saylı qərarlarında yaşayan donordan orqan və ya toxumaların transplantasiyası müəyyən şərtlərlə caiz hesab olunmuşdur.) müəyyən şərtlərə əməl etməklə buna da icazə vermişlər:

      1.    Zərurət qarşısında olmalıdır;

      2.    Donor kənar təsirlər olmadan orqan və ya toxumaların götürülməsinə öz razılığını bildirməlidir;

      3.    Donorun hərtərəfli tibbi müayinədən keçməsi və mütəxəssis-həkimlər tərəfindən ondan orqan və ya toxumaların götürülməsinin mümkünlüyü barədə rəy olmalıdır.

      4.    Mütəxəssis-həkimlər tərəfindən resipiyentin həmin transplantasiya nəticəsində sağalmasının mümkünlüyü barədə rəy olmalıdır;

      5.    Transplantasiya üçün nəzərdə tutulan bütün imkanlar – həm tibbi, həm də texniki olmaqla, kifayət qədər mövcud olmalıdır;

      6.    Orqan və ya toxumalar hər hansı əvəz və ya mənfəət müqabilində verilməməlidir.

      Sual: Cümə namazında Azərbaycan dilində xütbə oxunması hansı dəlillərə əsasən caiz hesab olunmuşdur?

      Cavab: Cümə namazı ilə bağlı ayədəki “Allahı zikr etməyə tələsin” (Cümə, 62/9) ifadəsindəki “Allahı zikr etmə” ilə cümə namazı və xütbəsi nəzərdə tutulmuşdur. Xütbə xitab etmək və müəyyən bir şey söyləmək mənasına gəlir. Xütbənin məqsədi Allahın ucalığını və üstünlüyünü dilə gətirməklə yanaşı, həftədə bir gün bir yerdə toplaşan möminlərin həmin bölgədəki bir imam tərəfindən dini mövzularda maarifləndirilməsidir. Əbu Hənifəyə görə, xütbənin rüknü Uca Allahı zikr etməkdən ibarətdir. Odur ki, xütbə niyyəti ilə yalnız “əlhamdülilləh” və ya “subhanəllah”, yaxud “lə iləhə illəllah” deməklə xütbə şərti yerinə yetirilmiş olur. Çünki “Allahı zikr etməyə tələsin” ayəsi zikrin azı ilə çoxu arasında hər hansı fərq qoymamışdır. Hz. Osman xəlifə olan zaman ilk cümə xütbəsində “əlhamdülilləh” dedikdən sonra sözünə davam edə bilməmiş və minbərdən enərək cümə namazını qıldırmışdır. Ancaq bununla kifayətlənmək əsas tətbiqata zidd düşdüyü üçün məkruh hesab edilmişdir. Əbu Yusif və İmam Məhəmmədə görə, xütbə deyiləcək qədər uzun-uzadı zikr edilməlidir. Bu da “Təhiyyat duası” qədər həmd-səna və salavat ilə müsəlmanlara duanı əhatə etməlidir.

      Nəticə etibarilə, Hənəfilərə görə, xütbə həmd-səna, salavat və dua ilə yanaşı, nəsihəti də ehtiva etdiyi üçün, nəsihətin ərəb dilində olması şərt deyildir. Hər bir toplumun öz dilində edilməlidir ki, insanlar burada təqdim olunan dini biliklər və öyüd-nəsihəti başa düşsünlər və xütbənin əsas məqsədi yerinə yetirilmiş olsun.

      • Hits: 45 clicks

      Tecox component by www.teglo.info