155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rüfət ŞİRİNOV- BƏRA(Ə)T GECƏSİ

      Share

      Bəşər övladının həyatında ən dəyərli nemətlərdən biri də, şübhəsiz ki, zamandır.

       Bahabiçilməz dəyərə malik olmağına baxmayaraq ən çox israf edilən və qədir-qiyməti bilinməyən nemət də məhz zamandır. Hz. Peyğəmbər (s.ə.s) bu xüsusu belə ifadə etmişdir: “İki nemət var ki, insanların əksəriyyəti onların qədrini bilməz: Sağlamlıq və boş vaxt”.(Buxari) Dünyadakı heç kimsə və heç bir qüvvə keçən bir saniyəni belə geri qaytara bilməz. Zaman var-dövlət və güclə əldə edilə bilməyən dəyərdir. Odur ki, hər bir insan, ələlxüsus hər bir müsəlman zamanın qədrini bilməli və öz lehinə istifadə etməlidir.

      Bəzi zamanlar var ki, Allah o zamana özəl dəyər vermiş və digər vaxtlardan daha dəyərli qəbul etmişdir. Zamanın bizim lehimizə dəyər qazanması üçün Quran və hədislərdə “vaxtı təyin edilmiş” olan ibadətləri yerinə yetirməliyik. Məhz bu zamanlarda edilən ibadət və dualar digər vaxtlarda edilən ibadət və dualardan daha məqbuldur. İslam ədəbiyyatında “üç aylar” olaraq məşhur olan Rəcəb, Şaban, Ramazan ayları və bu aylardakı bəzi gün və gecələr bunlardandır. Bu dəyərli günlərdən biri də ərəfəsində olduğumuz Şaban ayındakı “Bərat gecəsi”dir. Bərat - bağışlanma, bəraət qazanma mənasına gəlir. Bu gecə Şaban ayının on beşinci gecəsidir. Hz. Peyğəmbər (s.ə.s) bu gecədə duaların qəbul ediləcəyi müjdəsini vermiş, bu gecənin önəminə belə işarə etmişdir: “Allah-Təala rəhməti ilə Şaban ayının on beşinci gecəsi dünya səmasına təcəlli edər və Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayısından çox insanı bağışlayar”.(Tirmizi, Sovm 39) Bir çox rəvayətlərdə bu gecəni ibadətlə keçirib gündüzündə oruclu olmaq tövsiyə edilmişdir. Bərat gecəsində edilən dua və ibadətlərin nə qədər fəzilətli olduğu Hz. Peyğəmbərin (s.ə.s) bu hədisində açıq-aydın görünür: “Şaban ayının on beşinci gecəsində ibadət etmək üçün qalxın. Həmin gün gündüzdürsə oruc tutun. Çünki o gün günəş batdıqda Uca Allah dünya səmasına enərək  (rəhmət nəzəri ilə baxaraq) dan yeri sökülənə qədər “Məndən bağışlanma istəyən yoxdurmu, onu bağışlayım? Məndən ruzi istəyən yoxdurmu, ona ruzi verim? Bir bəlaya mübtəla olan yoxdurmu, onu bəladan xilas edim? Elə olan yoxdurmu, belə olan yoxdurmu, onlara da istəklərini verim?” – deyər”.(İbn Macə) Eyni müəllif başqa bir yerdə də bu gecədə təkəbbür əhli və müşriklər xaricində hər kəsin bağışlanacağı ilə əlaqəli rəvayəti qeyd etmişdir. Görkəmli İslam  alimi Ləknəvi “Arzu edən bu gecədə namaz qılar və yaxud digər ibadətlərlə məşğul ola bilər. Nə qədər və necə qılınacağı hər kəsin istəyinə həvalə edilib. Ancaq bu ibadət şəkli Peyğəmbərin (s.ə.s) qadağan edib çəkindirdiyi şəkildə olmamalıdır”, - deyərək ibadətin mahiyyət və şəklini izah etmişdir. Odur ki, bağışlanma fürsəti olan bu gecədə çoxlu dua və zikrlərlə məşğul olmalı, nafilə namazlar qılınmalıdır.

      Bərat gecəsi ilə dəyərinə dəyər qatan Şaban ayında Hz. Peyğəmbər (s.ə.s) daha çox oruc tutmağa səy göstərirdi. Ona nə üçün bu ayda daha çox oruc tutduğu soruşulduqda belə cavab vermişdir: “Bu ay rəcəb və ramazan arasında insanların qafil olduqları bir aydır. Bu ayda əməllər aləmlərin Rəbbi olan Allaha ərz olunur. Mən də əməllərimin oruclu ikən Allaha təqdim olunmasını arzu edirəm”.(Nəsai) Bəndənin əməllərindən Allahın xəbərdar olmaması düşünülə bilməz. Lakin bəndələrin əməllərinin Allaha müəyyən vaxtlarda ərz olunması, böyük ehtimal, Allahın bəndələrinin tövbə etməsi üçün fürsət verməsindən qaynaqlanır. Odur ki, bu ayda və mübarək gecədə tövbə və ibadət fürsətini qaçırmamaq lazımdır.

      Təbii ki, ibadətlər sadəcə bu gecəyə təxsis edilməli deyil. Bu gecədə edilən ibadətləri bütün həyatımıza yaymağa səy göstərmək lazımdır. Çünki Uca Allah inananları ilin bütün gecələrində ibadət və təfəkkürə dəvət edir. Qurani-Kərimdə: “Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir” (əl-Müzəmmil, 7) – deyilmək surətilə çətinliyə baxmayaraq gecə yuxudan qalxıb ibadət və dua etməyin daha təsirli olduğu qeyd edilmişdir.

      Hz. Peyğəmbərin üç aylarda oxuduğu duanı təkrarlayaraq bu mövsümün dəyərini bir daha xatırlayaq: “Allahım, Rəcəb və Şaban aylarını bizim üçün xeyirli elə, bizi ramazan ayına çatdır”.

      • Hits: 518 clicks

      Tecox component by www.teglo.info