Nurlan MƏMMƏDZADƏ- EŞQİN ŞƏHƏRİ

      Share

       

      “Allahım, Sənin yolunda şəhid olmağı,

      Rəsulunun Mədinəsində vəfat etməyi istəyirəm”.

      Hz. Ömər (r.a)

       

       

      Eşqin şəhvətdən ibarət olduğunu zənn edənlər Parisi eşq şəhəri adlandırırlar. Gerçək sevgini, pak eşqi, ülvi məhəbbəti görmək istəyənləri eşqin paytaxtına – Mədineyi-Münəvvərəyə dəvət edirik...

      Bir şəhər düşün ki, hər daşı, hər zərrəsi ən ülvi eşqlə yoğrulmuşdur. Elə bir eşq ki, nə özündən əvvəl, nə də sonra misli-bərabəri görülmüşdür.

      Bir şəhər düşün ki, digər şəhərlərə üstünlüyü Həzrət Muhammədin digər peyğəmbərlərə üstünlüyü kimidir. 

      Elə bir şəhər ki, eşq içində eşqin ən duyğulu misallarını görmək istəyənlər bunun ən mükəmməl nümunələrini yalnız əsrləri aşaraq burada seyr edə bilərlər. Çünki bu şəhər Allahın ən sevimlisi olan və “həbibim” adlandırdığı, aləmlərə rəhmət olaraq göndərdiyi seçilmiş Mustafaya, ən ali mədhə layiq Muhammədə (s.ə.s) qucaq açan sevgi beşiyindən başqa bir şey deyildir. Digərlərindən fərqlənməyən bir yaşayış məskəni ikən Allah Rəsulu ilə o qədər həmhal olmuş, onda elə fani olmuşdur ki, artıq Mədinə dedikdə Hz. Muhamməd, Muhamməd dedikdə Mədineyi Münəvvərə gəlir ağıla. Hətta ümrə və həcc ibadəti bu mübarək şəhəri ziyarət etmədən sanki naqis qalır. Onun Məscidi-Nəbəvisini ziyarət etmədən “tamamlanan” ümrə və ya həcc edilməmiş kimi sayılır. İslamın beşiyi olan Mədinə elə bir şəhərdir ki, eşqin ən ülvi misallarını yalnız onun xatirələrindən dinləyə bilərsiniz. Mədinə sirli bir aşiq kimi yalnız ədəb libasına bürünnüb təzimlə qulaq asanlara pıçaldayar ən məhrəm sirlərini... 

      Bir bəşər olaraq övlad sevgisi görmək istəyənlər on dörd əsr əvvəlki Mədinə küçələrinə baxsınlar. Orada sevginin təsiri ilə heç kimin qınağından çəkinmədən nəvələrini belinə mindirib gəzdirən Rəsulullahı görəcəklər. Orada “Biz uşaqlarımızı öpmürük” deyənlərə “Allah sizin qəlbinizdən mərhəməti söküb çıxarıbsa, mən nə edə bilərəm?!” - cavabını verən şəfqət abidəsini görəcəklər. Qızı Fatiməni görcək ayağa qalxan, əynindəki arxalığını oturması üçün yerə sərən və onu anası kimi sevən, elə bu səbəbdən də onu “Ummu Əbihə” – “Atasının anası” adlandıran bir Peyğəmbər görəcəklər.

      Ailə sevgisini görmək istəyənlər Peyğəmbər ruhaniyyətindən izin alıb ədəblə hücreyi-səadətə boylansınlar. Orada “Ya Rəsulallah, məni necə sevirsən, mənə olan sevgin nə haldadır?” sualına “Dolaşıq düşmüş, açılması qeyri-mümkün düyün kimi”, - cavabını eşidəcəklər. İllər sonra “Dolaşıq düyün nə haldadır?” – marağına “İlk günkü kimi, ya Aişə!” – buyuran Rəsulullah məhəbbətini ən pak halı ilə görəcəklər.

      Dilsiz-ağızsız heyvanlara olan sevgidə ağlasığmaz həssaslıq nümunəsi görmək istəyənlər “Ailə üzvlərinə de, dırnaqlarını kəssinlər ki, heyvanı sağarkən məməsini incitməsin” buyuran Peyğəmbəri göz önünə gətirsinlər. Bu misal yetməzsə, başını sevgi ilə Rəsulullahın dizinə qoyub için-için ağlayan dəvələrə nəzər salsınlar. Onları bir ana şəfqət ilə sakitləşdirən Nəbəvi məhəbbəti müşahidə etmək istəyənlər on dörd əsr əvvələ, Mədinədəki ənsar xurmalıqlarına nəzər salsınlar.

      Nəbatat sevgisi görmək istəyənlər yenə nurlu Mədinənin mütəvazi Məscidi-Nəbəvisinə boylansınlar. Həbibullahın bir həftə öncəsinə qədər üzərində xütbə oxuduğu quru xurma kötüyünün ayrılıq həsrəti ilə inildəyərək ağladığını görəcəklər. Əminəm ki, qurumuş kötüklə insan kimi rəftar edən, ona şəfqət tumarını əsirgəməyən eşq sultanını tamaşadan gözlərini ayıra bilməyəcəklər.    

      Cəmadat adlandırdığımız cansız varlıqlara sevgi tərənnümlərinin xoş sədasını duymaq istəyənlər də heç bir dağ silsiləsinə bağlı olmadığı üçün sanki səhrada yalnız qalmış Uhudu eşq və məhəbbət ağuşuna alan Nəbiyyi-Zişanın bu sözünə qulaq versinlər: “Uhud bizi sevər, biz də Uhudu”. Yenə bu sevgiyə işıq tutan səadət əsrindən bir səhnəyə nəzər salsınlar: Həbibullah, Əbu Bəkr, Ömər və Osman... Bu dörd sirdaşın birlikdə Uhud dağına təşrif buyurduğu bir günü xatırlasınlar. Elə bir gün ki, bu dördlüyə olan eşqindən vəcdə gələn Uhud dağı sanki varlığına diqqət çəkmək üçün titrəməyə başlamışdı. Allah-Rəsulu mübarək ayağı ilə ona təskinlik verərək nəvazişlə belə buyurmuşdu: “Sakitləş, ey Uhud! Üstündə bir peyğəmbər, bir siddiq və iki şəhid var”. Məhz Həbibullahın bu iltifatından sonra cansız bir dağı insan kimi qarşısına alıb ona xitab etməsindən məmnun olan Uhud sükunət tapıb sakitləşmişdi.

      Görə bilənlər üçün eşq xatirələri ilə doludur Mədinə. Sadəcə zamanda səyahət edə bilənlərin duya bildiyi ən ülvi xatirələrlə. Məhz bu keyfiyyətləri özündə cəm edənlər Mədinə küçələrində gəzərkən sanki Onunla eyni əsrdə yaşadıqlarını hiss edə bilərlər. Yalnız eşq atəşi ilə yananlar burada duyduqları hər azanı sanki Bilal (r.a) oxuyurmuş kimi hiss edərlər. Eynilə Rəsulullahın Bəqa aləminə köçməsindən sonra Mədinədə yaşaya bilmədiyi üçün Şama hicrət edən Hz. Bilalın illər sonra Mədinədə oxuduğu sübh azanını eşidirmiş kimi olarlar. Mehrabda Nəbilər Sərvərinin ruhaniyyəti-aliyyəsini hiss edər, namazı onun arxasında qıldıqlarını dərk edərlər.

      Bir də “Paris eşqin şəhəridir” deyirlər, eşqdən bixəbər olanlar. Eşqin daşa-torpağa bürünmüş halını görün Mədinədə! Rəsulullaha olan eşqindən Mədinədə ölməyi özünə şərəf bilən, bu torpaqlara dəfn olunmağı müstəsna rütbə görən, qəlbi eşqlə döyünən səhabələrlə tanış olun! “Allahım, Sənin yolunda şəhadəti və Rəsulunun şəhərində, Mədinəsində vəfat etməyi istəyirəm” deyən Hz. Ömərin səsi cingildəsin qulaqlarınızda. Eşqi görmək istəyən Mədinəyə gəlsin… Nəbəvi eşqlə nurlanan, dünyaya işıq saçan Mədineyi-Münəvvərə… 

      • Hits: 398 clicks

      Tecox component by www.teglo.info