Leyla İPEKÇİ- SƏHRA

      Share

      Səhra... Sonsuzluğun uzanan gündüzü. Quru və qızmar hava...

      Daşlar seyri-sülukunu yerində duraraq icra edir. Səbirlə gözləyirlər. Daima intizardadırlar. Həzrət Peyğəmbərə yol göstərmişlər... Onlar Kəbəni qoruyan, içəridə saxlayan varlıqlar... Kəbənin məhrəmi daşlar. Bu qum və bu daş...

      Səhra o qədər istidir ki, içini yandırır. Səni Rəbbinlə baş-başa qoyur. Başqa heç nə yoxdur. Səhra yalnızlığındır. Susuzluğun, hərarətindir. Səhra səndən sənə hicrət etməli olduğun yoldur.

      Səhra səni gözləyir. Kimliyinə qovuşmanı gözləyir. Keçmişindən gələcəyinə uzanan yol olur. Sevgili ilə arandakı məsafə olur. Quyulara həsrətini hərarətləndirir.

      Həzrət Peyğəmbərin anası da səhranın bağrındadır. Əfəndimiz altı yaşında ikən anası ilə səhrada vidalaşmalı olur. Və onsuz davam edir yoluna. Bu yarımçıq vidalaşmanın solğun qumlara, yorğun təpələrə, bu səbirli daşlara nə qədər böyük bir həsrət, intizar duyğusu əks etdirdiyini düşünürəm...

      Yorğun düşən zehnim və dilim mühacirlərin iztirabını xatırladır mənə. Onların Məkkədən Mədinəyə gedən yolu mənim də yolumdur. Çünki hicrət eyni zamanda daxili dünyamıza doğru edilən səfərdir. Nəfsimizdən Rəbbimizə gedən yol... Bir isimdən başqa ismə, bir qəlbdən başqa qəlbə, bir dünyadan başqa dünyaya, bir haldan başqa hala keçişimizin yolu... 

      Dilimdə, barmaqlarımda və qəlbimdə salətu-salamlarla yola davam edərkən səhra Rəsulullahla aramızdakı zamanları və məsafələri aradan qaldırır. Səhrada insana ən çox xəyalları yoldaşlıq edir. Şəhər həyatı insanın xəyallarını cılızlaşdırıb məhv edir. Lakin qızmar səhra insana yaradılışının gizli bağçalarına çıxma eşqi verir.

      Günəşin qovurduğu daşları keçərkən, gümüşü təpələri, boz qumları arxada qoyarkən hər birinin Kəbəni qoruması kimi Peyğəmbəri də müjdələdiyini görürəm... Gözüm tez-tez yanımdakılara sataşır. Bir tərəfdən Hüzuri-Səadətə yaxınlaşmanın sevinc və həyəcanı, digər tərəfdən Onun hüzurunda layiqincə dura bilməməyin təlaşından doğan içəqapanmalar... Üzlərdə sevinc və təlaş həmrəyliyi...

      Salavatlar dildən qəlbə enərkən Mədinənin ağacları görsənməyə başlayır. Mədineyi-Münəvvərə. Nurlanmış şəhər. Nur Mədəniyyəti!

      Sanki qəlbim çiçək okeanına dönür. Əfəndimizin nurundan bir gül ətrini ciyərlərimə çəkməyə hazıram...

      • Hits: 280 clicks

      Tecox component by www.teglo.info