Firdovsi HƏSƏNOV- “Yalan”

      Share

      Şəhərin küçələri ilə hərəkət edərkən qarşımdakı insanın hərəkəti məni xeyli təəccübləndirdi. Təqribən on dəqiqəyə yaxın idi ki,

       eyni istiqamətdə addımlayırdıq. Lakin bu vaxt ərzində onun qeyri-adi hərəkətlər etdiyini görməmişdim. Birdən-birə əl arxaya buruldu və ayaq axsamağa başladı. İstədim telefonu əlimə alıb onun nə etdiyini lentə alam. Lakin “dilənçi” olduğunu bilib bunu etmədim və onun hərəkətlərini müşahidə etməyə davam etdim. Təxminən iyirmi beş yaşı olardı. Əli-ayağı sağlam, normal bir insan idi. Lakin birdən-birə belə aldadıcı hərəkət etməsi və dilənməsi məni xeyli əsəbiləşdirdi. Yol boyu onu müşahidə etdim, qarşısına çıxan insanlardan pul istəyir və yalvarırdı. Bunu özünə peşə bilən bu insan, həqiqətən, işinin ustası idi. Yalandan yalvararaq özünü insanlara yazıq və şikəst kimi göstərirdi. Ürəyim dözmədi, onun yalanını ifşa etmək üçün yaxınlaşırdım ki, bir də gördüm qaçmağa başladı. Elə iti sürətlə qaçdı ki, bir anda gözdən itdi. Səbəbini bir azdan başa düşdüm: küçənin başında polis əməkdaşlarını görmüşdü. Ətrafdakı insanlar da onun yalandan belə etdiyini anladılar. Yalandan dilənərək özünə pul yığan bu insan, sən demə, illərdir bu işi özünə peşə edibmiş.

      Atalardan belə bir misal var “Yalan ayaq tutar, lakin yeriməz”. Bu deyim artıq  yalanın günümüzdə həyatımızı büsbütün bürüyərək sosial, siyasi, iqtisadi sahələrdən tutmuş şəxsi həyatımıza qədər yol açdığını ortaya qoymaqdadır. Araşdırmalara görə, elmi cəhətdən  yalan  insana doğuşdan xas olan psixoloji bir özünümüdafiə vasitəsidir. Bəzən insan bir qayda olaraq, şüurlu şəkildə nəticəsi yalan üzərində qurulan qərarlar qəbul edir. Əxlaqi baxımdan yanaşdıqda isə yalan mənfi, qeyri-etik bir hal kimi qiymətləndirilir. Lakin bunun ictimai qınaq kimi qarşılanmasına baxmayaraq, bəzən həyatımızda yalandan hər gün, dəfələrlə istifadə edirik. Yalançılığın və saxtakarlığın İslamda yeri olmadığını ayələr və hədislər açıq-aşkar ortaya qoymaqdadır. Buxaridən belə bir hədis rəvayət  olunur:

      “Şübhəsiz ki, sözdə və işdə düzgünlük xeyirə və üstün yaxşılığa yönəldir. Yaxşılıq da cənnətə çatdırır. Adam doğru söyləyə-söyləyə Allah qatında siddiq (doğruçu) deyə yazılar. Yalançılıq fücura (yoldan çıxmağa) sürüyər. Fücur da cəhənnəmə aparar. Kişi yalançılığı peşə edincə Allah qatında kəzzab (çox yalançı) deyə yazılar”. (Buxari, Ədəb, 69) 

      Hədisdə yalan danışan insanın yalançılığını sanki peşə halına gətirəcəyi, yalana yaxşıca alışacağı, yalana alışan insanın da hər cür pisliyə hazır hala gələcəyi bildirilir. Bu təsbit, yalan mövzusunda son dərəcə diqqətli olunması üçün çox ciddi və açıq bir xəbərdarlıqdır. Belə çıxır ki, yalanın kiçiyi-böyüyü olmaz.

      Həzrət Abdullah bin Amir belə nəql edir:

      “Mən balaca idim. Rəsuli-Əkrəm evimizə gəlmişdi. Oynamağa gedirdim. Anam mənə: “Abdullah, gəl, sənə bir şey verəcəyəm”, - dedi. Rəsuli-Əkrəm: “Ona nə verəcəksən?”- buyurdu. Anam da: “Xurma verəcəyəm”, - dedi. Bunun üzərinə Peyğəmbərimiz (s.ə.s) buyurdu ki: “Əgər bir şey verməyib aldatmaq üçün söyləmiş olsaydın, yalan günahı yazılardı”.

      Bilindiyi kimi, yalan dilə aid bir afətdir. Dil isə ürəyin sözçüsü olaraq insanın bütün orqanlarına və davranışlarına təsir etməkdədir. Dilinə ən azından şüurlu olaraq yalan söyləməmək mövzusunda hakim ola bilən kimsə, özünü pis aqibətdən qorumuş olar. Aqibətimizi düşünərək axirətimizi qurtarmaq üçün yalandan uzaq olmalıyıq.

      • Hits: 370 clicks

      Tecox component by www.teglo.info