Aqil ƏLİYEV- İMANIN ƏLAMƏTİ

      Share

      “Ənsar” sözünün ərəb dilində hərfi mənası “ən çox kömək edən” deməkdir.

       Məkkəli müşriklərin müsəlmanlara ən şiddətli işgəncələri etdiyi bir dövrdə Hz. Peyğəmbəri (s.ə.s) Mədinəyə dəvət edən, şəhərlərinin qapılarını İslama açdıqları kimi, evlərinin və könüllərinin qapılarını da məkkəli müsəlmanlara açan, “tövhidi” açıqca elan edən, Məkkədən hicrət edən müsəlmanlarla evlərini və mallarını paylaşan, dünya tarixində görülməmiş bir qardaşlıq nümunəsi sərgiləyən, beləcə, Hz. Peyğəmbərə (s.ə.s) və onun mübarək yoluna kömək edən mədinəli müsəlmanlara Quran və Hz. Peyğəmbər (s.ə.s) tərəfindən verilən xüsusi bir addır, Ənsar.

      Ənsarın Hz. Peyğəmbərə (s.ə.s) olan sevgi və bağlılığı onun peyğəmbər kimi göndərilməsinin 12-ci ilindən etibarən onların həyatında böyük dəyişikliklərə yol açmışdır. Peyğəmbərliyin 12-ci ilində, miladi 621-ci ildə Məkkədə Əqabə deyilən yerdə Mədinədən gələn və islamı yeni qəbul edən 12 nəfərlik bir qrup Hz. Peyğəmbərlə (s.ə.s) görüşmüş, onu öz şəhərlərinə dəvət etmiş və aralarında saziş bağlamışdılar. Həmin müqavilənin maddələri belə idi:

      a) Allaha heç bir şeyi şərik qoşmamaq,

      b) Oğurluq etməmək,

      c) Zinakarlıq etməmək,

      d) Uşaqları  öldürməmək (qız uşaqlarını diri-diri torpağa basdırmamaq),

      e) Heç kimə iftira atmamaq,

      f) Heç bir xeyirli işə (dəvətə) qarşı olmamaq.      

      Yenə bu sazişə əsasən hər sıxıntı və çətinlik, sevinc və fərəh halında Hz. Peyğəmbərin (s.ə.s) sözünü dinləməli və ona itaət etməli idilər.

      Bu andlaşmadan sonra Hz. Peyğəmbər (s.ə.s) onlara belə bir xitab etdi:

      “Sizdən, öz verdiyi sözündə duranın mükafatını Allah öz üzərinə götürmüş, onlara Cənnətini hazırlamışdır. Kim insanlıq naminə, bunlardan birini edər və bunun üçün dünyada cəzalandırılarsa, bu da onun üçün kəffarə olar. Kim də yenə insan olduğu üçün bu günahlardan birini edər və etdiyi günahı Allah gizləyib açığa vurmazsa, onun işi də Allaha qalmışdır. İstəsə onu bağışlayar, istəsə  əzab verər”. (İbni Hişam, Sirə 2, 75-76)

      Həqiqətən də, ənsar son nəfəslərinə qədər bu əhdə sadiq qalmış, Hz. Peyğəmbəri (s.ə.s) canları və malları bahasına göz bəbəkləri kimi qoruyub himayə etmişdir.

      Ənsarın fəzilətini və üstün keyfiyyətə malik olduqlarını Qurani-Kərimdə də müşahidə edirik. Allah-Təala Qurani-Kərimdə ənsarı belə tərifləmişdir:

      “Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhamməd əleyhissalama qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır”. (əl-Həşr, 9)

      Bu ayeyi-kərimədə Allah-Təala ənsarda olan beş xüsusiyyətə görə onları tərifləmişdir:

      1- İğva: Mühacirləri bağrına basmaq, onlar hicrət etmədən əvvəl yurdu (Mədinəni) hazırlamaq.

      2- İman: Şəhərin qapılarını haqqa, ədalətə və imana açmaq. Mədinəni iman mərkəzi halına gətirmək.

      3- Məhəbbət: Mühacirləri Allah üçün sevmək.

      4- Hacət: Müsəlman qardaşlarına qarşı ürəklərində bir qısqanclıq bəsləməmək.

      5- İsar: Özlərinin ehtiyacları olsa belə, müsəlman qardaşlarının ehtiyaclarını təmin etmək üçün mallarını səfərbər etmək, onların ixtiyarına vermək.

      Hz. Peyğəmbər (s.ə.s) Məkkədən gələn mühacir müsəlmanlarla mədinəli ənsar müsəlmanları bir-biri ilə qardaş etmiş, hətta bu işi onları adbaad elan edərək şəxsən həyata keçirmişdi. Bu qardaşlığın dünya tarixində bir bənzəri olmamışdır.

      Bu və buna bənzər səbəblərdən ötrü “ənsarı” sevmək imanın əlaməti qəbul edilmişdir. Onlara qəzəb etmək, onlardan nifrət etmək, onları sevməmək də münafiqliyin bir işarəsi sayılmışdır. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “İmanın əlaməti ənsarı sevmək, münafiqliyin əlaməti isə ənsara kin bəsləməkdir”. (Buxari, İman 10)

      Allah-Təalanın  Qurani-Kərimdə təriflədiyi, Hz. Peyğəmbərin (s.ə.s) sevdiyi  insanları, əlbəttə, biz də sevərik. Allah Rəsuluna (s.ə.s)  kömək edən, canları və malları ilə İslama xidmət edən bütün səhabələri sevərik. Onların hamısına hörmət edərik. Allah onlardan razı olsun!

      • Hits: 384 clicks

      Tecox component by www.teglo.info