Adem ŞAHİN- NUŞ OLARMI?

      Share

      Qırğızıstanda gildən düzəlmə iki kvadratmetrlik kiçik təndirlərdə bişən çörək həm çörəkdir, həm də bir sənət əsəri.

       Təndirdə bişən çörək on dörd gecəlik ay kimi yumru və parlaqdır. Təndirdə bişən bu “bədirlənmiş ay gözəli”ni bir portret kimi asaraq seyr etmək və yemədən yanında yatmaq keçir adamın ürəyindən.

      Türkiyədə bişən çörəyə 15-20 növ qatqı maddəsi qatıldığını eşitdiyim zaman içimdən “biz təmiz çörək yeyirik, qatqı maddələri hələ buralara gəlib çıxmayıb” deyərdim. Bir gün təndir çörəyi aldığım çörəkçidən bu çörəyin içinə nələr qatırsınız, deyə soruşdum. “Şəkər, duz...” deyə saymağa başladı. Ən şirin zəhər olaraq bilinən şəkərin duz ilə bir yerdə çörəyin içində nə işi var ki?! Əslində çox da qeyri-adi bir xəbər deyildi, acılı ketçupun içinə belə şəkər qatırlar. Ketçupa şəkər qatılsa da, yaxşı ki, əsil “çiy köftə”yə qatılmır. Daha sonra öyrəndim ki, çörək daha yaxşı qızarsın, xəmir daha yaxşı yapışsın və çörəyin ləzzəti artsın deyə, içinə şəkər qatırmışlar.

      Çörəyin üzündəki mükəmməl qırmızılığın şəkər mənşəli olması ağzımın dadını pozdu. Kaş ki üstü tam qızarmış, rəngi divara asılacaq qədər möhtəşəm və yanında yatılacaq qədər gözəl olmayaydı, amma şəkərsiz olaydı...

      Maksud adında hörmət etdiyim, yaşca məndən böyük bir dostum var, saç-saqqalını əvvəlcə tır şoferliyində, sonra da un dəyirmanında ağardıb. Hal-hazırda da çörək fabrikində işləyir. İşi etibarilə baş verənlərdən, çörək bazarında olan-bitəndən xəbərsiz olmaz, deyərək “Maksud abi, çörəyi haradan alaq, bizə məsləhət görəcəyin bir yer varmı?” deyə soruşdum. Maksud abi basdı sazı sinəsinə, başladı danışmağa:

       “Xocam, siz çörəyi etimad etdiyiniz, bildiyiniz, tanıdığınız yerdən alın, bilmədiyiniz yerdən almayın, - dedi. - İllər əvvəl bir qohumum var idi. İnfarkt keçirmişdi. Başqa xəstəlikləri də olduğu üçün, müntəzəm olaraq qan analizi verərdi. Həmin qohumum bir gün bir təndirdən çörək alır və onun dadını çox xoşlayır. Beləliklə, həmişə çörəyi oradan alır. Bir neçə həftə sonra yenə qan analizi üçün həkimə gedir. Həkim ona: “Sən nə qədər donuz əti/yağı yemisən, qan nəticələrin çox dəyişib?!” deyəndə qohum çaşıb qalır. Həkimə “mən donuz əti yeməmişəm” desə də, ürəyində “görəsən, kim mənə xəbərsizcə yedirib?” deyə fikirləşirmiş.  Sonra çörək aldığı yerdən şübhələnib. Təndir çörəklərinin bəzilərində “maylu nan” yazılır. “Yağlı çörək” deməkdir. Çörəyin daha ləzzətli olması üçün üstünə yağ çəkilir. Qohum gedib çörəkçinin yanına, ondan çörəyin üstünə hansı yağdan çəkdiyini soruşub. Əvvəlcə deməsə də, xeyli təkiddən sonra deyib ki, azca donuz yağı sürtür. Beləcə, üzü daha yaxşı qızarır və daha uzun müddət yumşaq qalırmış...”

      Söhbəti ictimai yerdə etdiyimiz üçün, yəqin ki, Maksud donuz yağı işlədən təndirin adını çəkmədi, amma “yaxınlıqdadır” dedi.

      Qazaxıstana ilk gəldiyim illər bir dostum kababdan söhbət açılanda “amandır, hocam, kababa diqqət edin, ləzzətini artırmaq üçün şişdəki ətlərin arasına doğranmış halda donuz piyi düzürlər” demişdi. Buralarda eşşək ətini inək əti adıyla yedirənlər də çoxdur. Evdən kənarda kabab yeyərkən inək əti və ya başqa ətli yemək yeməmək eşşək ətindən qorunmağın yollarından biridir. Qoyun əti xüsusi yağı və qoxusuyla özünü büruzə verir, amma yaxşı ədviyyatlanmış eşşək əti ilə inək ətini bir-birindən ayırmaq heç də asan deyil. Qoyun ətinə donuz yağı qarışdırsalar, bunu da ayırmaq çətindir. İnsan yaşayıb-gördükcə kimə, nəyə inanıb etibar edəcəyini qarışdırır. Yaradılmış hər şey insanın əlinə keçəndə onu pozmağın yolunu tapır.

      Bir vaxtlar aldığımız yeməklərdə “halal” damğası axtarmağın qəribə və gərəksiz bir təlaş olduğunu düşünürdüm. Çörək çörəkdir, kofe kofedir, belə mallarda halal damğası axtarmağa nə lüzum var, deyirdim. Amma kofeyə spirt, kababa və çörəyə donuz yağı qatıldığını eşidəndən sonra səhv düşüncədə olduğumu anladım. “Haram insanlar” çörəyi, yumurtanı, əti, bayram şirniyyatını içinə əlavə etdikləri spirt və ya donuz məhsulları vasitəsi ilə haram hala gətirə bilirlər. Pul bibərin içinə kirəmit tozu qatılması kimi satış hiylələrinə əl atıldığını eşitmişdim. Kirəmit tozuna, daşa, torpağa razıyıq(!), amma bizə donuz yağından spirtli içkiyə, eşşək, it ətindən ölmüş heyvan ətinə (leş) kimi, xarici ölkələrdən idxal edilən, Allahdan başqası adına kəsilmiş (Hindistan kimi ölkələrdə kəsilən və ya öldükdən sonra kəsilən) ətləri yedirirlər...

      Gündə üç dəfə yeyilən çörəyə çəkilən bu hücum əslində insan bədənini hədəf almaqdadır. Donuz yağını ha insanın bədəninə sürtdün, ha yumşaq və təravətli olsun deyə çörəyə; bədənə sürtülən yenə yuyunmaqla təmizlənə bilər, bəs çörəyə sürtülən?! Müsəlman ölkəsində müsəlmanların yediyi kababa, çörəyə donuz yağı qatanlar nə yəhudi, nə xristian, nə də başqa bir dindəndir. Bizdən biri, içimizdən olanlar edir bunu. Düşməni heç də xaricdə, uzaqda axtarmaq lazım deyil. Düşmən, nəfsimiz başda olmaqla, hər zaman yanımızda və yaxınımızdadır. Çörək qədər, su qədər, bahar qədər yaxında...

      Yeyilənlər halal və təmiz (tayyib) deyilsə, “nuş olsun” deməklə nuş olarmı?!..

      • Hits: 232 clicks

      Tecox component by www.teglo.info