Eldar KƏRİMOV- Sosial Etika(mız)

      Share

      Bu gün altı milyon internet istifadəçisindən iki milyon insanımız facebook istifadəçisidir. Bu qısa statistik məlumatı qeyd etməkdə məqsədim odur ki, hal-hazırda Azərbaycanda kifayət qədər internet istifadəçisi və sosial şəbəkə aludəçisi var.

       Hələ mən başqa sosial şəbəkələr haqqında məlumat vermək istəmirəm. Mövzumuzu sadəcə facebook üzərindən izah etməyə çalışacağam, siz isə qeyd etdiklərimi başqa sosial şəbəkələrə də şamil edə bilərsiz.

      Bu gün hər birimizin real həyatda yaşadığımız dünyadan başqa bir də sosial şəbəkələrdə yaşadığımız bir dünyası var.  İnternetin kəşf olunması ilə insanlar sözün həqiqi mənasında ikibaşlı dünya yaşamağa başlayıb. İnsanlar olduqları və yaşadıqları dünyadan çox, olmaq istədikləri dünyanı rahat sərgilədikləri sosial şəbəkələrdə vaxt keçirirlər. Yəni kimin hansı düşüncəyə sahib olduğunu, nə düşündüyünü, nə zaman, harada olduğunu bilmək üçün onun sosial şəbəkələrdəki profilinə səyahət etmək kifayətdir. Ağıllı telefonlar vasitəsi ilə insanlara daha çox yaxınlaşan sosial şəbəkələr  öz növbələrində görünüş etibarilə insanları bir-birinə yaxınlaşdırır.  Yəni bir ömür boyu beş-on dosta sahib ola bilməyən insanlar, qısa müddət içərisində yüzlərlə, hətta minlərlə dosta sahib ola bilir. Birdən-birə bu qədər dosta sahib olan insan, bir az da sadəlövhlüyü ucbatından, bütün şəxsi həyatını öz “dostları” ilə paylaşmaqda bir problem görmür. Elə əsas problemlər də bundan sonra başlayır. Sosial şəbəkələrdə hər qarşısına çıxan insanı öz dostluğuna qəbul edib, daha sonra o dostlarla  elə rahatlıqla da düşmən olan bir çox insan var.  Burda diqqət edilməsi lazım olan etik məsələ isə dostluqların keyfiyyətinə diqqət etməkdir.  Bu gün hər birimiz etiraf edə bilərik ki, sosial şəbəkələrdəki dostluğumuzda  küçədə gördüyümüz zaman salamlaşmadığımız onlarla insan var.   Bu da o deməkdir ki, biz sosial şəbəkələrdəki dostluğumuzda  keyfiyyətdən çox kəmiyyətə  diqqət edirik. Yetər ki, bizim paylaşdığımız hər hansı bir şəkli, statusu və ya videonu daha çox insan bəyənsin və ya paylaşsın. Belə demək mümkündürsə,  keyfiyyətsiz dostluqlarla  keyfiyyətli sosial həyat axtarışındayıq. Ancaq bir şeyi unuduruq ki, sosial şəbəkələrdə qurulan dostluqların həqiqi mənada ömrü az olur.  

      Bəzən də elə olur ki, bəzi insanlar öz real cinsiyyət, ad və kimliklərini  gizlədərək sosial şəbəkələrdən istifadə edirlər. Onlar elə düşünürlər ki, real həyatda yaşaya, deyə və edə bilmədiklərini sosial şəbəkələrdə yaratdıqları saxta profillərin arxasından edə bilərlər. Bu zaman normal kriteriyalara diqqət edərək sosial şəbəkələrdən  istifadə edən insanlar, sosial şəbəkə platformalarında şəxsiyyətə sahib olmayan  saxta şəxsiyyətlərlə qarşı-qarşıya qalırlar. 

      Bu baxımdan sosial şəbəkələrdən istifadə etməyə başlayan hər kəs ilk növbədə öz əxlaqi dəyərlərinə orada da riayət etməlidir.  İstər dostluqda olan insanlara, istərsə də onların paylaşdıqları statuslara münasibətiniz sizin şəxsiyyətinizi ortaya qoyur.  Ona görə də dostluqda olan insanların hər hansı bir paylaşımında bir problem varsa, onun haqqında fikir ifadəsi həmin paylaşımın şərh bölməsində deyil, birbaşa onunla şəxsi məktublaşma səhifəsində edilməlidir. Yoxsa birbaşa paylaşılan bir statusun şərh bölməsində, həmin adamın dostluğunda olan bütün şəxslərin görə biləcəyi bir yerə təhqiramiz və ya həmin adamı alçaldacaq, şəxsiyyətinə xələl gətirəcək fikirlərin yazılması heç də humanist bir davranış deyil. Əks təqdirdə sizin iradınız  status sahibinin xoşuna gəlməyə bilər və bundan sonra aranızda başlayan mübahisənin nəticəsində sizin və həmin insanın etibarı dostlarınızın nəzdində zədələnə bilər.   

      Unutmamaq lazımdır ki, sosial şəbəkələrdə insanların haqqını tapdamaq eynilə real həyatda olduğu kimidir. Xüsusilə dini kimliyə sahib olan insan bu kimliyi dünyanın harasında olursa olsun, hansı sosial şəbəkədə, hansı şəraitdə olursa olsun onu qorumaq və ona hörmət etmək məcburiyyətindədir.   Bir insanı öz yazdıqlarınla yüzlərlə, bəlkə də minlərlə insanın bir anda gördüyü bir platformada alçaltdıqdan sonra bütün yazdıqlarını silmək və ya hər hansısa bir şəkildə özünə haqq qazandırmaq faydasızdır.  Bunun artıq heç bir əhəmiyyəti qalmamışdır. Məsələ bir anın içərisində ictimailəşir və sən edəcəyini etmiş olursan. Nəticə olaraq etdiyin bu hərəkətlə birinin haqqına girmiş olursan.  Bizim isə əsas vəzifələrimizdən biri harada olursaq-olaq gözəl əxlaqa sahib olmağımızdır. 

      Hər şey bu qədər sadə və sadə olduğu qədər də mürəkkəbdir...

      • Hits: 225 clicks

      Tecox component by www.teglo.info