Home Arxiv 2007 № 8. Yanvar-Fevral-Mart Dərdimiz / Salih Zeki MERİÇ


    Dərdimiz / Salih Zeki MERİÇ

      Share

      Biz müsəlmanlara başqalarının dərdlərini öz dərdi bilmək və dini, dili, irqi və cinsiyyəti nə olursa-olsun başqa birisinin problemini öz problemimiz kimi görmək anlayışını verən əsas fəlsəfənin qaynağı əlbəttə ki,

       mənsubu olduğumuz  İslam dinidir. Yaradılanı onu yaradanın ucalığından ötrü xoş görmək və bütün qüsurlarımıza baxmayaraq birbirimizə qarşı dözərək yaşamaq İslamın bizə öyrətdiyi dərin və sonsuz xöşgörü anlayışının nəticəsidir. Şərqdəki bir insanın dərdi də bizim dərdimiz olmalı, Qərbdəki məzlumun da problemi bizim problemimiz olmalıdır. Dünyada nə qədər acı və kədərli hadisə olursa, hamısı bizim qəlbimizi yandırmalı və bütün acı hadisələrin aradan qalxması üçün əlimizdən nə gəlirsə onu etməliyik məntiqində olmaq məcburiyyətindəyik.

      Bu gün gənclərimizin pəncəsində qıvrıldığı və ruhən can verdiyi  saysız əxlaqi dəyərlərdən uzaq yollar mövcuddur. Qumardan zinaya, narkomaniyadan əxlaqsızlığa, oğurluqdan başqasının malına və canına qəsd etməyə qədər toplumun ümumi ahəngini pozacaq hadisələrə gənclərimiz asanlıqla bulaşmaqda və pak bir  başlanğıcla başlayan həyatlar elə ilk baharda solurlar. Bəs görəsən bunun səbəbi nədir?  Nə üçün gənclərimiz asanlıqla belə çirkin yollara düşür və hansı səbəbdən toplum özü özünü kontrol etməkdə aciz qalır. Qısaca olaraq bu suallara cavab tapmaq istəsək zənn edirəm bu qısa yazımda bəzi xüsusları aşkara çıxarmış olacağıq.

      Problemləri həll etməkdə aldığımız məsləhətlərin qaynağına baxaraq ortaya qoyduğumuz məsələnin həlli yolları əlbəttə nəyi və nə qədər həll edəcəyini göstərir. Hansı problem üçün, hansı məsələnin həll yolu və həmin məsələnin həlli üçün irəli sürülən fikir, o məsələnin həllində uğur qazanacağımızla və ya qazanmayacağımızla sıx əlaqədardır. Dərdimiz insanın, xüsusilə də özümüzün xoşbəxt olmağıdırsa, o halda həll ediləcək bütün məsələlər həm özümüzün, həm də bizimlə bərabər yaşayan insanların yararına olacaqdır.

      Bu gün narkomaniya və insanı özündən asılı vəziyyətə salan narkotik maddələr deyildikdə ilk ağla  gələn gənclər və gənclərin içinə asanlıqla düşə biləcəyi mənfi alışqanlıqlar gəlir. Və bunun nəticəsində də bir çox mənfi amillər meydana çıxır.

      Narkotika kimi tanınan maddələr əslində bəşəriyyətin özünün kəşf etdiyi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən maddələrdən başqa bir şey deyildir. Lakin insanlar bu maddələri istifadə edərkən düşdüyü ruhi və psixoloji sıxıntılardan ən azından qısa bir müddət uzaqlaşdığı üçün bu maddələri  əsl mahiyyətindən başqa bir şəkildə istifadə etməyə başlamış və bir baxımdan bu müalicə vasitələrindən sui-stifadə etmişdir. Başqa bir ifadə ilə insanoğlu, fiziki və zehni fəaliyyətlərinin özünü narahat edəcək bir hala çevrilməsi və bu narahatlıq gətirən halları aradan qaldırmaq istəməsinin nəticəsi olaraq narkotik maddələrə baş vurmuşdur.

      Bəşəriyyət tarix boyunca meydana çıxan xəstəliklər və bunların müalicəsi ilə əlaqədar göstərdiyi fəaliyyətlər, tibb və əczaçılığı inkişaf etdirmiş, müxtəlif dərmanlar əldə edilərək müalicədə istifadə edilmişdir. Bəzi dərmanların məqsəddən kənar istifadə edilməsində meydana çıxan təsirləri insanoğlunun xoşuna getmiş və bunlara da eynilə qədim zamanlardan bəri istifadə edilən bitkilər kimi alışmış və aludə olmuşdur. Dərmanların müalicədən başqa məqsədlər üçün istifadə edilməsinə, məqsəddən kənar istifadə və ya sui-istifadə deyilir. Bəzi dərmanlar, şəxsi və hissi ehtiyacların, dərmanla qarşısının alınmasına çalışılması səbəbilə istifadə olunduğuna görə psixoloji asılılıq, bəziləri isə həm psixoloji, həm də uzun müddətli istifadələrdə dərmanın kəsilməsi halında dərmandan məhrum olunduğuna görə orqanizmdə dərmana qarşı yaranan fizioloji asılılıq fərdlərin sağlamlığı və toplumun gələcəyi üçün təhlükəli bir hala çevrilmişdir.

      Bunlar məsələ haqqında məntiqi və bir az da əqli cəhətdən əsaslanaraq söylənə biləcək fikirlərdir. Məsələnin əsas mahiyyəti ümumiyyətlə insanların xüsusilə də gənclərin nə üçün bu yola düşmə alışqanlığıdır. Bu  məsələnin həlli nədir və həll yolu nədədir?

      Dünya ölkələrində də ümumi mənzərə çox ürək açan deyildir. Bu gün narkomaniya rəsmi mənbələrin statistikasına görə on iki yaşa gəlib çatmışdır. Xüsusilə bu gün hər kəsin qəbul etdiyi maddiyatçı və dünyəvi bir anlayışa sahib olan insan, xoşbəxtliyi müvəqqəti və reallıqdan uzaq vasitələrdə axtarmaqla nəhayətdə gəlinən nəticə insanın tüklərini ürpərdir. Dünyanın yüzlərlə ölkəsində qeyri-hökumət təşkilatları minlərlə proqramlar təşkil edirl, qəzetlərdə hər gün onlarca məqalələr, xəbərlər yayımlanır və minlərcə internet saytı mövcud narkomaniyadan asılı olmağın fəlakətini izah edən verilişlər verir. Lakin bu qədər fəaliyyətə baxmayaraq nəyə görə narkomaniyanın yaşı get-gedə daha da aşağılara enir və hər gün yüzlərlə gənc bu səbəbdən həyatını itirir.  Bax elə əsl düşünülməsi və qarşısı alınması gərəkli olan da bu məsələdir. Bəşəriyyət müalicəni yanlış üsullarda axtarır. Müasir dövr, insanın yalnız bədəninə, nəfsani istəklərinə xitab edən imkanlar yaradır, fəqət insanın ruhi qidalanmağa ehtiyacı olduğunu unudur. Din ünsürü hər zaman insanın gündəmində olması gərəkli olan və insanı ruhi sıxıntılardan qurtaracaq yeganə ünsür olması lazım gəldiyi halda, bu günün insanı təəssüf ki, dini həyatdan qəti şəkildə qaçınır və dinin bəşəriyyət üçün nə qədər lüzumlu bir vasitə olduğunu qulaqardına vurur.  

      Halbuki din, insanın birbaşa yaradanın yaradılanın  xoşbəxtliyi üçün ortaya qoyduğu qaydaların bütünündən ibarətdir. Yaradan yaratdığı üçün nə deyirsə əsl oradan başlamaq və müalicə üsullarını orada axtarmaq lazımdır.

      Hər gün televiziya ekranlarında, qəzetlərdə və kütləvi informasiya vasitələrində narkomaniyanın caynağında can verən insanları gözlərimizlə görürük.  Bu insanlar bizim ətrafımızda yaşayan və eyni dünyanın havasını tənəffüs etdiyimiz öz insanlarımız, öz gənclərimizdir. Bu sahədə hər birimizin cavabdehdlik daşıdığımızı bir yana qoyub, yenə təəssüf hissi ilə ifadə etmək lazımdır ki, “ nəyimə lazım” məntiqi ilə hərəkət edən insanlar olaraq bu sahədə həll edə biləcəyimiz heç bir məsələ yoxdur.

      Şüurumuzda bizi qane edən ülvi bir qorxu olmalıdır ki, bu qorxu bizi hər canlıya qarşı özümüz kimi həssas və diqqətli bir şəkildə davranmağa məcbur etsin. Əks təqdirdə təməldə bu məfkurə olmadıqdan sonra qırx ildə bir arpa boyu qədər irəliləyə bilmərik. Gənclərimiz hər gün daha fərqli və daha dəhşət verici yeni alışqanlıqlara aludə olacaqlar və gözlərimizin önündə hələ böyümədən yeni nəsillərimiz yox olub gedəcəkdir.

      Qurani Kərimin ifadəsi ilə

      -“Ey iman edənlər nəfsinizi və əhlinizi cəhənnəm atəşindən qoruyun”-

      ayəsini cəmiyyəti düşünərək nəzərə alsaq; hər fərd yanındakından məsuldur və onun etdiklərindən hesaba çəkiləcəkdir. Belə bir ruhi həssaslığa sahib olsaq, o zaman problemlərin həllində müəyyən bir məsafə qət etmiş olarıq.Bax bizim dərdimiz budur.

       

      • Hits: 810 clicks

      Tecox component by www.teglo.info