Ramiz MƏMMƏDOV- ŞƏFQƏTLƏ TƏRBİYƏ

      Share

      Hz. Peyğəmbərin (s.ə.s) həyatına nəzər salanda hər yönü ilə mükəmməl bir model olduğunu görürük. Bu yönlərindən biri də bir valideyn olmasıdır.

      Hz. Peyğəmbər evlənməyi, uşaq sahibi olmağı və onu yetişdirməyi daim tövsiyə etmişdir. Evləndikdən sonra ev əhlinin geyim-kecim, yemək-içmək, təhsil və tərbiyələrinə laqeyd qalmamaq üçün də belə tənbehləmişdir: “Hamınız çobansınız və əmriniz altında olanlara görə məsuliyyət daşıyırsınız…” (Buxari, Cuma 11) Öz ailəsini də, xüsusilə ibadət mövzusunda “Ailənə namaz qılmağı əmr et! Özün də ona dörd əllə sarıl!” (Taha 132) ayəsinin möhtəvasına uyğun olaraq tərbiyə etməyə çalışmışdır. Hətta uşaqlarını evləndirdikdən sonra belə onların ibadət həyatına nəzarət etmişdir. Hz. Peyğəmbər namaza qalxdığı vaxt qızı Hz. Fatimə ilə kürəkəni Hz. Əlinin qapısını döyərək onları namaza qaldırardı.

      Peyğəmbərimiz uşağa namazı 7 yaşında öyrətməyi, 10 yaşında da cinsiyyət fərqi qoymadan yataqlarını ayırmağı əmr etmişdir. (Əbu Davud, Salat 26) Uşaqlara ibadəti öyrətməmişdən əvvəl  onları buna daha kiçik yaşlarında öyrəşdirərdi.  Məsələn, nəvəsi Ümaməni çiyninə alıb məscidə gətirərdi. Sadəcə vaxt namazlarına deyil, eyni zamanda bayram və cümə namazlarına da uşaqları aparardı.

      Hz. Peyğəmbər uşaqlara başda namaz olmaqla dinin əmrlərini öyrətməklə məşğul olduğu kimi, haramlardan da daim uzaq tutmağa çalışmışdır. Nəvəsi Hz. Həsənin sədəqə malından olan bir xurmanı yeməsinə mane olması bunun ən açıq misallarındandır.

      Peyğəmbərimiz uşaqların təhsil almasına çox diqqət yetirərdi. Bunun üçün də Mədinədə o dövrün məktəbi sayılan Suffanı açmışdı. Bu məktəbdə yaş fərqi olmadan bir çox səhabə təhsil alırdı. Yeni müsəlman olmuş bölgələrə göndərilən müəllimlər məhz bu məktəbdə yetişmişdir.

         Hz. Peyğəmbər uşaqların təhsili ilə yanaşı onların mədəni davranışlarına da diqqət yetirərdi.  Məsələn, ögey oğlu Əbu Hafs Ömərə yeməkdən əvvəl bəsmələ çəkməyi, önündən və sağ əli ilə yeməyi tənbehləmişdi.

         Onun tərbiyə metodlarından biri  də uşaqları müxtəlif fəaliyyət növlərinə cəlb edərək  davranış təcrübəsi qazandırmaq idi. Hz. Ənəsi 10 yaşında ikən yanına alıb onun görə biləcəyi işləri ona gördürərdi. Heç bir zaman da əskik gördüyü işlərə görə onu danlamazdı. Həmişə yumşaq rəftarla əskik görülən işin doğrusunu öyrətməyə çalışardı. Beləliklə, ona ictimai davranış normalarını öyrədirdi.

      Peyğəmbərimiz uşaqlara son dərəcə önəm verərək onların nə qədər qiymətli olduğunu ətrafındakılara göstərərdi. Hz. Peyğəmbərlə görüşmək üçün gələnlər arasında uşaqlar olarsa, öncə onları içəri almalarını tapşırardı. Xəstə uşaqları ziyarət edərdi.

         Uşaqların maddi baxımdan da güclü olmalarını istəyən Peyğəmbərimiz bütün malını Allah yolunda xərcləmək üzrə vəsiyyət edən səhabə Sad b. Malikin bu hərəkətini xoş qarşılamamış, malının 90%-ni uşağına verməsini tövsiyə etmişdir. (Tirmizi, Cənaiz 6)

         Hz. Peyğəmbər qız uşaqlarına xüsusi əhəmiyyət vermişdir. Onları böyüdüb təlim-tərbiyəsi ilə məşğul olanlarla qiyamət günü qonşu olacağını deyərək insanları buna təşviq etmişdir. Qız uşaqlarının utanc mənbəyi olaraq görüldüyü o dövrdə Peyğəmbərimizin bu çıxışı nə qədər də ibrətamizdir.  

      Valideynlərə uşaqlara yalandan vəd verməyi qadağan edirdi. Bir gün Mədinədə bir qadın uşağının yanına gəlməsi üçün: “Bura gəlsən, sənə bunu, bunu… alacağam”,- dedi. Bunu eşidən Peyğəmbərimiz: “Həqiqətən, uşağa dediklərini alacaqsanmı?”- dedi. Qadın: “Xeyr”,- deyə cavab verəndə Hz. Peyğəmbər: “Bil ki, bu, yalan olaraq yazılır”,- buyurdu.

      Hz. Peyğəmbər uşaqlar arasında ədalətli davranmağı tövsiyə edirdi. Əshabdan biri oğlanlarından birinə bir kölə bağışladığını söyləyəndə Hz. Peyğəmbər: “Digər uşaqlarına da eynisini etdinmi?”- deyə soruşdu. Ondan “xeyr” cavabını alanda: “Məni bu haqsızlığa şahid tutma!”- deyərək etirazını bildirdi.

      Hz. Peyğəmbər uşaqlarla, eyni zamanda, uşaq kimi oynayardı. Bir gün nəvələri: “Baba, bizə dəvə al!” deyəndə sevgili Peyğəmbərimiz əyilərək: “Haydı, minin, məndən gözəl dəvə varmı?” deyərək onlarla oynamışdı.

      Pedaqoqlar uşaqlara ictimai davranış normalarını öyrətmək məqsədi ilə onlarla qruplar halında əxlaqi dəyərləri özündə əks etdirən söhbətlərin aparılmasını vacib sayır. Hansı ki, bu metodu Peyğəmbərimiz daha öncə tətbiq etmişdir. Hətta onlara əxlaqi keyfiyyətləri mücərrəd olaraq anlatmaqla qalmamış, şəxsən özü onu tətbiq edərək nümunə olmuşdur. Bu da müasir pedaqoji üsulun ən önəmli metodlarından sayılır. 

      • Hits: 309 clicks

      Tecox component by www.teglo.info