Müşfiq XƏLİLOV- DÜRÜST TACİR

      Share

      Ərəblər, xüsusilə  də Qüreyş qəbiləsi İslamın doğuşundan əvvəl də uzun illərdir ticarətlə məşğul olurdular. Əmisi Əbu Talib də tacir olduğu üçün Onun himayəsində böyüyən Peyğəmbərimizin ticarətə xüsusi bir marağı olmuş və dolanışığını məhz bu yolla təmin etmişdir.

      Allah Rəsulu (s.ə.s) uşaqlığında əmisi Əbu Taliblə birlikdə bəzi ticarət səfərlərində iştirak etmiş, təcrübə qazanmış və ticarətdəki dürüstlüyü ilə şöhrət tapmışdı.

      İnsanlar, ümumiyyətlə, sərmayələrini təcrübəli və etibarlı kimsələrə həvalə edərək ticarətdə şərik olurdular. Hz. Peyğəmbərimiz (s.ə.s) ən çox güvənilən şəxs, qəbiləsi tərəfindən ən dürüst kimsə kimi qəbul edildiyi üçün Ona ticarətdə şərik olmaq təklifləri çox edilərdi.   Hətta Hz. Xədicə də məhz bu səbəbdən dolayı Ona sərmayə verərək Şama göndərmiş və bu ticarətin nəticəsindən məmnun qalmışdı.

      Ticarətlə məşğul olanlar içərisində ən az rastlanan hal yalan danışmamaq, sözündə durmaq, verdiyi vədi yerinə yetirmək və əmanətə xəyanət etməməkdir. Bütün bunlar Rəsulullahın (s.ə.s) ticarət həyatında var idi. Hətta O, peyğəmbərlikdən əvvəl də bu xüsusiyyətlərə sahib idi. Abdullah bin Əbul Hamsa (r.a) belə nəql edir: “Peyğəmbərlikdən əvvəl Rəsulullahla (s.ə.s) ticarət etmişdim. İşimizin bir qismi bitmiş, bir qismi isə qalmışdı. Ona təkrar gələcəyəm deyə söz verdim. Ancaq işimin çoxluğundan ona verdiyim sözü unutmuşdum. Üç gün keçmişdi. Xatırladım, söz verdiyim yerə getdim. Orada idi. Mənə heç hirslənmədi. Sadəcə bunu dedi: “Məni yordun. Üç gündür ki, burada səni gözləyirəm”.  (Əbu Davud, 2/317.)

      Saib adında bir səhabə müsəlman olduqdan sonra Peyğəmbərimizin hüzuruna gəldi. Camaat Saibi (r.a) tərifləməyə başladı. Rəsulullah (s.ə.s): “Onu sizdən daha yaxşı tanıyıram” dedikdə, Saib (r.a): “Anam-atam sənə fəda olsun, siz mənim ticarət ortağım idiniz. Bu sahədə bütün işlərinizi təmiz görərdiniz. Hər kəsin haqqı nədirsə, onu verərdiniz, kimsənin zərər görməsini istəməzdiniz”, - dedi.

      Ümumiyyətlə, Rəsulullah (s.ə.s) cəmiyyətdən uzaq yaşayan bir insan deyildi. Ticarətlə məşğul olanlara ədalət, insaf, haqq-hüquq tövsiyə edər, bir-birlərini aldatmamalarını, yalan yerə and içməmələrini söyləyərdi.  Yenə bu məqsədlə bir gün bazarda ikən bir qida məhsulunu görüb əlini həmin məhsulun arasına saldı və çıxartdı. Barmaqlarına rütubət (nəm) dəydi. O malı satan adama: “Ey satıcı, bu nədir?” - deyə səsləndi. O adam da: “Ey Allahın Rəsulu, yağış islatdı”, - deyəndə Rəsulullah  (s.ə.s): “Bu  nəm  olan  ərzaqı  üstə  gətirib  hər  kəsin  görməsini təmin etməli deyildinmi? Kim bizi aldadırsa, o, bizdən deyildir”, - buyurdu. (Tirmizi, Büyu 74, 1315; Əbu Davud, İcarə 50, 3452)

      Hz. Rəsulullah (s.ə.s) öz dolanışığını təmin etmək üçün ticarət edər və bəzən də vəziyyəti öyrənmək üçün bazara çıxardı. Hətta Onu bazarlarda görən müşriklər “Bu necə peyğəmbərdir, yemək yeyir və bazarlarda dolaşır” deyər və Onun ticarətlə məşğul olmasını ayıb sayardılar. Uca Allah müşriklərin bu etirazlarına qarşı bu ayəni nazil etdi:

      “(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar”. (əl-Furqan 20)

      Allah Rəsulu (s.ə.s) möhtəkirlik, başqa bir ifadə ilə inhisarçılığı qəti bir şəkildə qadağan edərək belə buyurmuşdur: “İnsan inhisarçılıq etsə, sonra topladığı malı yoxsullara və ehtiyac sahiblərinə sədəqə olaraq paylasa da, bu, onun əməllərinin kəffarəsi olmaz”. (Əhməd İbn Hənbəl, Müsnəd)

       

      Peyğəmbərimiz (s.ə.s) malın qüsurunu gizlədərək satan kimsələrə də ciddi xəbərdarlıq etmişdir:  “Qüsurunu gizlədərək mal satan kimsə daima Allahın qəzəbi altındadır. Mələklər də həmin şəxsin Allahın rəhmətindən uzaq qalmasını diləyərlər”. (Əbu Davud, Büyu 62)

      Rəsulullah (s.ə.s) ticarətdə yalan danışmamağı, dürüst olmağı bir prinsip halına gətirmiş və ümmətinə bu müjdəni vermişdir: “Ticarətinə yalan qarışdırmayan, dürüst və etibarlı bir tacir qiyamət günü şəhidlər və siddiqlərlə bir yerdədir”.  (Tirmizi 72/4)

      Həqiqi müsəlman  yalnız ibadətini, namazını necə qılmasını deyil, bütün sahələrdə Peyğəmbərimizi özünə nümunə alan kimsədir. Yalnız məsciddə müsəlman olmaq, özünü dini dəyərlərə sadiq göstərmək çox asandır. Əsl mömin Rəsulullah (s.ə.s) necə namaz qılıbsa, mən də o cür  namaz qılacağam dediyi kimi, O ticarətdə  necə dürüst olubsa, mən də o cür dürüst olacağam, O necə alış-verişinə yalan qarışdırmayıbsa, mən də yalan danışmayacağam, O necə əmanətə xəyanət etməyibsə, mən də xəyanət etməyəcəyəm deyə bilən və buna əməl edən kimsədir.

      • Hits: 253 clicks

      Tecox component by www.teglo.info